Əbülfəz Qurbanlı: «Hakimiyyətə yarınan gəncləri mükafatlandırıb, haqsızlığa etiraz edən gəncləri həbsə atmaq gəncliyə qayğı sayıla bilməz»
Tural Abbaslı: «Bu təşkilatlara ayrılmış pullar, hakimiyyəti mədh edən gənclərin məvacibidir»
Gənclər və Idman Nazirliyinin Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb.
Gənclər və Idman Nazirliyi layihənin maliyyələşdirilməsi üçün müxtəlif mövzular üzrə müsabiqə keçirib. Təqdim edilən layihələrin ümumi büdcəsi 3.626.090,05 manat təşkil edir. Müsabiqənin sonunda 71 gənclər təşkilatı qalib sayılıb və nazirlik tərəfindən mükafatlandırılıb.
Müsabiqə üçün müxtəlif mövzular seçilib. “Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği”, “gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi”,ÿ”Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi”, “özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyət siyasətininÿformalaşdırılması” və s. bu kimi “taleyüklü” məsələlər öz həllini tapıb.
Qeyd edək ki, bu təşkilatların heç biri cəmiyyətdə tanınmır və hansısa fəaliyyət sahəsi üzrə nüfuz qazanmayıblar.
Ancaq hakimiyyət 71 gənclər təşkilatına pul ayrılmasını “gənclərə qayğı” kimi təbliğ edir. Hansı ki, bu təşkilatların milyonlarla qayğıya möhtac gəncə heç bir aidiyyəti yoxdur. Üstəlik, həmin gənclər təşkilatları arasında müxalifyönlü gənclər təşkilatlarının adı yoxdur.
Bəs, ölkənin fəal gəncliyi Gənclər və Idman Nazirliyinin bu addımını necə qiymətləndirir?
![]()
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı hesab edir ki, hakimiyyət müxtəlif dövrlərdə bu kimi tədbirlər təşkil edir və özlərinə yaxın olan gənclər təşkilatlarını, QHT-ləri bu müsabiqəyə dəvət edirlər: “Mövcud sistemə yarınan, hakimiyyətin alovlu müdafiəçisinə çevrilmiş gənclərə müəyyən şərait yaratmaqla bunu gənclərə qayğı kimi cəmiyyətə sırayırlar. Əgər araşdırılma aparılsa, görərik ki, həmin təşkilatların əksəriyyətinin rəhbəri yaşı 35-i keçmiş insanlardı və bunun da gəncliyə aidiyyəti yoxdur. Əslində Azərbaycan gəncləri öz ölkəsində fəhləlik etmək üçün də iş yeri tapmır, ölkə xaricində qul kimi işləyib özünə güzəran qurur. Həmişəki kimi seçki ilində Ilham Əliyev müxtəlif sərəncəmlar verir, nazirliklər müəyyən layihələr həyata keçirir və nəticə etibarilə imitasiya ilə məşğul olurlar. Bu, əslində Azərbaycan gəncliyini satın almaq cəhdidir, ölkə gəncliyinin uğurlu gələcəyinə kölgə salmaqdır. Müxalifyönlü gənclərin bu müsabiqələrə dəvət olunmaması təbiidir. Əvvəla müxalifətçi gənclər ”əsgər ölümlərinə son” deyəndə, ölkə başçısı bu gəncləri “antimilli”, “ünsür” adlandırdı. Ikincisi isə biz legitim saymadığımız bir hakimiyyətin müsabiqələrində iştirak etmirik. Bu ölkənin intellektual, vətənpərvər, cəsarətli gəncliyi şərlənərək zindana atılırsa, fərqli fikir söyləyən gənclər narkoman adlanırsa, gənclərə hansı qayğıdan danışmaq olar”.

Müsavat Gənclər Təşkilatının sabiq sədri Tural Abbaslı bildirdi ki, Hakimiyyət həmişə seçkiqabağı bu tipli qrant layihələri təşkil edir və bu, gəncliyə qayğı yox, gənclərə rüşvət təklif etməkdi: “Hakimiyyətin saxta qayğı təbliğatı artıq ənənə halını alıb. Əminliklə demək olar ki, həmin gənclər təşkilatlarının əksəriyyəti nazirliyin əməkdaşlarından və yüksək vəzifəli şəxslərin qohumlarından ibarətdir. Və bu ayrılmış milyonlar hakimiyyəti mədh edən, seçki saxtakarlığında ürəklə iştirak edəcək gənclərin məvacibidir. Ümumiyyətlə, bu tipli müsabiqələr şəffaf təşkil olunmur. Nazirliyin ağ və qara siyahısı mövcuddur. Ağ siyahıya yaltaqlananlar, qara siyahıya isə müxalif fikirli, haqsızlıqla barışmayan, ölkədə həqiqi inkişafı görmək istəyən gənclər daxildir. Çox təəssüf edirəm ki, bu cür büdcədən pul silinməsi, gənclərin adı ilə bağlanır və bəzi gənclər bu zərərli prosesdə iştirak edir”.
Ilham Hüseyn


