Seçiciləri ələ almağa hesablanmış maaş artımı

Minimum əmək haqqı ən azı 247 manat olmalıdır

Dövlət başçısı avqustun son günlərində büdcə təşkilatlarında çalışanları əmək haqqının, pensiya və müavinətlərin 10 faiz artırılması ilə bağlı sərəncam imzalayıb. Hakim partiya Ilham Əliyevin seçki kampaniyası aparmayacağını bəyan etsə də, əslində bu artım seçkilərə hesablanmış bir addımdır. 

Iqtisadçılar isə əslində əhalinin 10 faiz artan maaşının əvəzində qiymət artımı ilə daha çox ziyana düşə biləcəyini deyir. 

Ən çox maaş artımı polislərdə olub

Bu artım nəticəsində kimin maaşı nə qədər artdı? Ən çox artım polislərin əmək haqqında olub. Orta hesabla 520 manat əmək haqqı alan polislərin maaşı 52 manat artdı. 

Məcburi köçkünlərə ödənən çörəkpulu isə bu artıma qədər 16 manat 50 qəpik idi. 10 faiz artım isə 1 manat 65 qəpik təşkil edir. 

Orta hesabla 184,3 manat əmək haqqı alan müəllimlər və həkimlərin maaşlarına edilən artım isə aya təxminən 18 manat 40 qəpikdir. Orta təqaüd məbləği 76 manat olan tələbələrin təqaüd artımı 7 manat 60 qəpik olacaq.  

Eyni zamanda dövlət başçısının sərəncamı ilə orta aylıq əmək haqqı 12,3 faiz və ya 11,5 manat artırılaraq 105 manata çatdırılıb. 

“Lider ölkə” minimum əmək haqqına görə də geridədir

Qeyd edək ki, Azərbaycan keçmiş SSRI ölkələri arasında minimum əməkhaqqının səviyyəsinə görə 8-ci yerdədir. Məsələn, Litvada bu göstərici 380 dollar, Latviyada 425 dollar, Estoniyada isə 422 dollara bərabərdir. Azərbaycan MDB ölkələri arasında Rusiya (157 dollar), Ukrayna (144 dollar), Türkmənistan (150 dollar) və Belarusdan (155 dollar) geri qalır. Bizdən sonra gələn Qazaxıstanda 121 dollar, Ermənistanda 111 dollar, Moldovada 110 dollar minimal məvacib müəyyənləşdirilib. Ukraynada dekabrın 1-dən etibarən minimum əməkhaqqı 153 dollara, Ermənistanda isə gələn ilin əvvəlindən 124 dollara qaldırılacaq. 

Avropa ölkələrində isə bu göstərici daha yüksəkdir. Türkiyədə minimum əmək haqqı 540 dollar, Bolqarıstanda 211 dollar, Rumıniyada 415 dollar, Çexiyada 410 dollar, Macarıstanda 440 dollar, Slovakiyada 450 dollar, Polşada 490 dollar, Xorvatiyada 530 dollar təşkil edir. 

Qərbi Avropa ölkələrindən Portuqaliyada bu göstərici 750 dollar, Yunanıstanda 910 dollar, Maltada 925 dollar, Ispaniyada 1000 dollar, Sloveniyada 1040 dollar, Ingiltərədə 1550 dollar, Irlandiyada 1685 dollar, Fransada 1740 dollar, Hollandiyada 1815 dollar, Belçikada 1820 dollar, Lüksemburqda 2040 dollardır. ABŞ-da isə minimal maaş 1500 dollardır. Yəni bu ölkələrdə göstərilən məbləğdən aşağı əmək haqqı yoxdur. 

Ekspertlərlərin sözlərinə görə, Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasına görə, minimum əməkhaqqı orta aylıq əməkhaqqını 60%-ni təşkil etməlidir. Hazırda orta aylıq əmək haqqının təxminən 411 manat olduğunu nəzərə aldıqda minimum əmək haqqı 247 manat olmalıdır. 

Göründüyü kimi, büdcə təşkilatlarında çalışanların əksəriyyətinin əmək haqqı, o cümlədən pensiya və təqaüdlər orta aylıq əmək haqqından xeyli aşağıdır. Yaşayış minimumu isə 100 manatdan bir qədər çox olsa da, əslində bir çox ekspertlər bu göstəricinin bir neçə yüz manat olduğunu deyir. 

Cüzi maaş artımlarından sonra rəsmi mətbuat bunu dövlət başçısının əhaliyə qayğısı kimi təqdim etsə də, əslində bu, seçki ərəfəsində insanların başını qatmaqdan başqa bir şey deyil. Azərbaycanı inkişaf etmiş ölkələrlə bir sırada tutmağa çalışan hakimiyyətin yalanı dəfələrlə apardığımız araşdırmalarda ortaya çıxıb. Azərbaycanda bir çox sahələrdə çalışanların əmək haqqı, pensiya və təqaüdlər, uşaq müavinətlərinin digər ölkələrlə müqayisəsi iqtidar mənsublarının yalanını ortalığa çıxarıb. 

Fizzə