Milli Şuranın namizədi üçün 44495 imza toplandı
Gözəl Bayramlı: «Cəmil Həsənli yeganə namizəddir ki, imzatoplama kompaniyası 124 dairə üzrə həyata keçirilib»
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin imza vərəqələri sentyabrın 8-də MSK-ya təqdim olunub. C.Həsənlinin seçki qərargahının üzvləri vərəqələri yekun olaraq gözdən keçiriblər. Sonra vərəqələr qablaşdırılaraq MSK-ya aparılıb. C.Həsənlinin nümayəndələrindən aldığımız bilgiyə görə, 900 imza vərəqəsindən 893-ü MSK-yə təhvil verilib. 7 imza vərəqəsi korlanıb.
Imza vərəqələrilə yanaşı namizədin qeydə alınması üçün tələb olunan başqa sənədlər də MSK-ya təhvil verilib. MSK bütün sənədləri qəbul edib. Imza vərəqələrindən başqa sənədlərdə hansısa çatışmazlıq olsa, düzəldilməsi üçün 48 saat ərzində seçki qərargahına məlumat veriləcək.
Seçki qərargahını üzvü Gözəl Bayramlı qəzetimizə açıqlamasında bildirdi ki, Cmil Həsənlinin seçki qərargahı öz fəaliyyətinin birinci mərhələsini uğurla başa vurdu və imza vərəqələrini MSK-ya təqdim etdi: “Seçki qərargahı olaraq az vaxtda üzərimizə düşən işi görə bildik və 44495 imza topladıq. Əminəm ki, namizədliyi irəli sürülmüş heç bir şəxs 124 dairə üzrə imza toplaya bilməyib. Seçki Məcəlləsinə görə, imzalar 60 məntəqə üzrə toplanmalıdır. Bu onu göstərir ki, Cəmil Həsənlinin seçki qərargahı təşkilatçılıq işini düzgün qurub və insanların Cəmil Həsənliyə münasibəti müsbətdir. Seçki qərargahı olaraq növbəti mərəhələyə start vermişik. Bu mərhələdə biz məntəqə seçki komissiyalarının, dairə seçki komissiyalarının, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təyin olunması, müşahidəçilərin verilməsi məsələsini müzakirə etmişik. Bundan əlavə, Cəmil Həsənlinin 50 vəkili olacaq və bu haqda məlumat verəcəyik. Təşviqat kompaniyası daxilində biz ölkənin bütün bölgələrində görüşlər keçirilməsini nəzərdə tutmuşuq. Eyni zamanda Bakıda və rayonlarda geniş mitinqlər keçirib Cəmil Həsənlinin seçki platformasını cəmiyyətə çatdıracağıq. Yaxın günlərdə növbəti mərhələnin planı ictimaiyyətə çatdırılacaq və qanunvericilik çərçivəsində işlərimizi davam etdirəcəyik”.
İlham Hüseyn