Anar Məmmədli: «Özünə arxayın siyasi lider seçiciləri ilə görüşməlidir»
YAP icra katibi Əli Əhmədov Ilham Əliyevin prezidentliyə namizəd kimi seçki təbliğatı kampaniyasında şəxsən iştirak etməsinə ehtiyac görmədiyini deyib. Ə.Əhmədov dövlət başçısının son səfərlərinin fəaliyyətinin əsas qayəsi olduğunu və bunun seçki elementi olmadığını da bildirib.
Qeyd edək ki, son günlər dövlət başçısı bir sıra rayonlara səfər edib və ənənəsinə uyğun olaraq Heydər Əliyevin heykəllərinin, Heydər Əliyevin mərkəzlərinin açılışını edib. Onun keçirdiyi görüşlərdə isə məhdud sayda insan iştirak edib. Bunu seçicilərlə görüş adlandırmaq mümkün olmasa da, Əliyevin səfərlərinin məhz seçkiyə hesablandığını demək mümkündür. Ancaq istənilən halda prezidentliyə namizədin seçki kampaniyası keçirməməsi, seçicilərlə görüşməməsi normal hal deyil. Dünyanın əksər ölkələrində həttə reytinqlərdə yüksək yer tutan nüfuzlu şəxslər də seçki kampaniyası aparır, seçicilərlə görüşlər keçirir. Əliyevin bundan çəkinməsi əslndə özündən arxayınlıqdan çox kütlə qarşısına çıxmaqdan çəkinməsi ilə bağlıdır. Görünür əvvəlki iki müddət ərzində əhalinin rifahına hesablanan addımların atılmaması, cəmiyyətdə nüfuzunun get-gedə aşağı düşməsi Əliyevi xalqından uzaq durmağa vadar edir.
Ekspertlər də dövlət başçısının seçki kampaniyası aparmamasını normal hal kimi dəyərləndirmir.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Azərbaycanda seçkiqabağı təşviqatla bağlı qanunun müəyyən etdiyi qaydaların heç də dünyanın inkişaf etmiş ölkələrinin praktikasına uyğun olmadığını deyir. Eyni zamanda seçkiqabağı təşviqatla bağlı ənənələr yoxdur: “Inkişaf etmiş Qərbi Avropa ölkələrində, ABŞ-da, Böyük Britaniyada müəyyən ənənələr var. Amma ənənələr olmayan ölkələrdə seçki qanunun müəyyən etdiyi məcburiyyət var. Ukraynada seçkiqabağı təşviqat dövründə prezidentliyə namizədlər arasında debatların keçirilməsi vacib şərtlərdən biridir. Azərbaycanda isə bu məsələ tamamilə fərqli qaydada tənzimlənir. Ənənələrə gəldikdə isə, bir sıra ölkələrdə bizdə olduğu kimi seçkiqabağı təşviqatla bağlı qanunun müəyyən etdiyi normalar yoxdur. Ancaq orda ənənələr var. ABŞ-da seçkiqabağı təşviqat dövründə istər prezident, istərsə də opponenti olsun, seçicilərlə seçkiqabağı görüşlər keçirirlər. Seçki marafonunun sonuna yaxın artıq namizədlər arasında müxtəlif mövzular üzrə debatlar keçirilir. Debatlar da əsasən reytinq sorğularında ilk iki yeri tutan namizədlər arasında keçirilir. Gürcüstan və Ukraynada seçki praktikası bizdən qat-qat demokratik qaydada aparılır. Çünki seçkiqabağı təşviqat dövründə artıq seçicilərin namizədlər arasında seçim etmək imkanları bütünlüklə təmin olunur”.
Ekspertin sözlərinə görə, seçkiqabağı təşviqat məsələsinə heç də namizədin hüququ kimi baxmaq lazım deyil. Prezidentliyə namizəd seçkiqabağı təşviqatı istədiyi qaydada apara bilməz. Çünki seçicilər namizədlər arasında rahat seçim etmək hüququ əldə etməlidir. Bunun üçün də seçkiqabağı təşviqatın olması zəruridir və təşviqat dövründə də namizədlər arasında kampaniya bərabər qaydada getməlidir: “Ancaq Azərbaycanda bir qayda olaraq seçkilərdə iqtidarı təmsil edən namizədlər öz opponentləri ilə debatlara qatılmırlar. Mediadan çəkinirlər. Konkret olaraq Ilham Əliyev qatıldığı bütün seçkilərdə media ilə sıx şəkildə təmasları, opponentləri tərəfindən qaldırılan məsələlərə münasibəti, eyni zamanda opponentləri ilə debata çıxması baş verməyib”.
Ekspert dövlət başçısının bu davranışını heç də özünə yaxud komandasına arxayınlığı kimi qiymətləndirmir. Çünki özünə, komandasına arxayın olan bir siyasi lider rahat şəkildə seçicilərinin, opponentlərinin qarşısında çıxıb istənilən məsələlərlə bağlı debatlarda iştirak edə bilər. Bu bir praktikadır. Bu praktika Azərbaycanda tətbiq olunmursa, deməli bizim ölkədə seçkiqabağı təşviqatla bağlı qüsurlar var. Əliyev seçki yarışına daxil olubsa, o artıq bir siyasi komandanın lideridir və siyasi komandanın lideri kimi opponentləri ilə debatlar keçirməli, mitinqlər təşkil etməli, platformasını açıqlamalıdır. Ancaq bunların olmaması onu göstərir ki, hakim siyasi komanda proqrama malik deyil, yaxud da vədlər verməkdən çəkinir.
Fizzə