Obama vurulacaq obyektlərin sayını artırmadıqlarını deyir
Hərbi müdaxilə ilə bağlı səsvermə təxirə salına bilər
ABŞ Senatı Suriyaya hərbi müdaxiləni nəzərdə tutan qətnamə layihəsinə sentyabrın 11-də səs verəcək. Bu barədə ABŞ-ın “Politico” qəzeti xəbər yayıb. Xəbərdə qeyd olunur ki, sentyabrın 11-dək Senatda Obama admistrasiyası nümayəndələrinin iştirakı ilə müzakirələr keçiriləcək.
“RIA Novosti” isə gələn həftə ABŞ Konqresinin Nümayəndələr Palatasında Suriyaya hərbi müdaxiləni nəzərdə tutan qətnamə ilə bağlı səsvermənin təxirə salına biləcəyini yazıb. Respublikaçıların lideri Erik Kantoranın deputatlara ünvanladığı məktubundan bəlli olur ki, səsvermə ən azı bir həftə təxirə düşəcək. “Palata üzvləri növbəti iki həftə ərzində Suriya ilə bağlı gərgin müzakirələri gözləməlidir”, – deyə Kantoranın məktubunda bildirilir.
ABŞ prezidenti Barak Obama isə Suriyada vurulacaq obyektlərin siyahısının genişləndirilməsinə dair göstəriş vermədiyini bəyan edib. Obama G-20 sammitinin yekunlarına dair brifinqdə bildirib ki, mətbuatda bu barədə yayılmış məlumatlar doğru deyil. O qeyd edib ki, Suriyaya zərbə məhdud və proporsional olacaq. Obama bildirib ki, Suriyada kimyəvi silah tətbiqi bəşər ləyaqətinə birbaşa hücum olmaqla yanaşı, həm də Birləşmiş Ştatların təhlükəsizliyinə ciddi hədə olub. Buna görə də o, həftəlik müraciətində Konqresdən Suriyaya hərbi müdaxiləni ratifikasiya etməyi xahiş edib.
“Fransa bütün məsuliyyəti üzərinə götürməyə hazırdır”
“Böyük-20″liyin Sankt-Peterburq sammitinin nəticələrinə həsr olunan mətbuat konfransında Fransa prezidenti Fransua Olland ölkəsinin Suriyaya qarşı hərbi əməliyyatlarda iştirakını sentyabrın 9-da Konqresin qərarından və BMT müfəttişlərinin araşdırmasından sonra müəyyənləşdirəcəklərini bildirib. Olland əlavə edib ki, bununla belə Suriya məsələsində BMT-də çıxılmazlıq yaranarsa, fəaliyyətsizlik olmayacaq: “Biz ABŞ konqresi və BMT müfəttişlərinin qərarını gözləyirik. Mən xalqın qarşısında açıq-aşkar qərarımı bildirəcəm”. Fransa liderinin sözlərinə görə, Suriyada kimyəvi silahın istifadəsinə cavab vermək üçün dövlətlərin koalisiyası formalaşdırılır: “BMT-də çıxılmaz vəziyyət yaranarsa, o zaman Fransa bütün məsuliyyəti üzərinə götürməyə hazırdır”.
“Böyük-20″liyin Peterburq sammitində Almaniya da mövqeyini açıqlayaraq Suriyaya zərbə məsələsində ABŞ-ı dəstəklədiyini bildirib. Qeyd edək ki, sammit çərçivəsində artıq 12 ölkə BMT Təhlükəsizlik Şurasının mandatı olmadan belə, ABŞ-a dəstək verəcəyini bəyan edib.
Putin: “Hücum olsa, Rusiya Suriyaya kömək edəcək”
“Rusiya silah göndərməklə və iqtisadi sahədə əməkdaşlıq etməklə Suriya ilə əməkdaşlığı indi olduğu kimi, bundan sonra da davam etdirəcək”. Bu sözləri Rusiya prezidenti Vladimir Putin G-20 sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. Putin “Suriyaya hərbi zərbə endirilərsə, Rusiya bu ölkəyə yardım edəcəkmi”, sualını belə cavablandırıb: “Bəli, kömək edəcəyik. Elə indi də kömək göstəririk. Suriyaya silah veririk, iqtisadi sahədə əməkdaşlıq edirik. Ümid edirəm ki, humanitar sahədə əməkdaşlıq daha sıx olacaq, o cümlədən hazırda çox ağır durumda qalmış mülki əhaliyə humanitar yardımlar göstəriləcək”.
“Təhlükəsizlik Şurasının icazəsi olmadan heç kim hərəkət edə bilməz”
“Heç bir dövlət BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan hərəkət edə bilməz”. Bunu Sankt-Peterburqda səfərdə olan BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Lahdar Brahimi Suriyadakı böhranla bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, beynəlxalq hüquq heç bir ölkəyə qanun adından çıxış etmək hüququ verməyib: “Məsələ mütləq BMT Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır”. L.Brahimi qeyd edib ki, bu gün Suriya böhranı təkcə Yaxın Şərq regionu və Suriya xalqı üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün təhlükə təşkil edir: “BMT baş katibi hər zaman beynəlxalq ictimaiyyəti, Təhlükəsizlik Şurasını və onun beş daimi üzvünü problemə böyük diqqət ayırmağa və həlli üçün bütün səylərini səfərbər etməyə çağırıb”.
Əsədin getmək üçün şərti var
Iraqın baş naziri Nuri əl-Malikiyə yaxın olan iraqlı məmur Livanda çıxan “əl-Müstaqbal” qəzetinə bildirib ki, Suriyadakı rejimin başçısı Bəşar Əsəd öz şərtləri daxilində tutduğu vəzifədən getməyə razıdır. Əsədin şərtinə əsasən, beynəlxalq hüququn cəzalarından sığortalanmaq üçün seçkilər, faktiki olaraq, indi keçirilməlidir. Bununla belə ABŞ təmsilçisi Əsədlə görüşməkdən imtina edib(APA).
ABŞ-ın dövlət katibi Con Kerri isə bildirib ki, Konqres Suriyaya müdaxilənin əleyhinə səs versə belə, Obamanın hərbi əməliyyatlara başlamaq səlahiyyəti var.