Bakının «NABUCCO bəyanatı» Ermənistanın yaratdığı şokdan çıxmaq cəhdidir
Ermənistan Rusiya işğalına rəsmən “hə” dedi. Cənubi Qafqazda üç dövlətdən ikisi seçim etdi – Gürcüstan AB-yə üz tutmuşdu zatən və bununla da, həlledici mövqe Azərbaycanın mövqeyi olacaq. Bu coğrafiyada aktiv nəzrət dünyanın hansı dəyərlər sistemində olacaq? Azərbaycan Irəvanın bu kəskin dönüşlü qərarından çətin vəziyyətə düşüb. Rəsmi Bakı günlər keçsə də, qonşuluğunda baş verənə səsini çıxartmır.
Bir tərəfdən qeyri qanuni namizəd kimi iştirak etdiyi və saxtalaşdırmağa hazırlaşdığı seçkinin taleyi, digər tərəfdən isə AB rəsmilərinin Ermənistanla bağlı “kitabı bağladıq” bəyanatları. Ilham Əliyev üçün elə də çox ciddi seçim imkanı qalmadığı kimi, gözləmək imkanı da qalmayıb. Qərb qurumlarının bu olaydan çıxardıqları, ya da çıxarmalı olduqları nəticə də Azərbaycan hakimiyyəti üçün ciddi narahatlıq mənbəyidir. Rəsmi Bakının təmsilçilərindən Natiq Əliyev isə “NABUCCO” layihəsinin gələcəyi ilə bağlı açıqlama verməklə bu narahatlığın gizləniləcək həddə olmadığını ortaya qoyub. Beləliklə…
Qərb harda uduzdu?
Qərb dairələri Ermənistanı bu ölkədə keçirilən prezident seçkilərində itirdilər. Güya nisbi demokratiya şəraitində keçən seçkilərdə xalqın narazılığını azaltdılar. Bu narazılığı azaltmaq yolu kimi isə müxalifətin psevdonamizədinə yüksək səs faizi yazdılar. Əslində isə bu Rusiya ilə Qərbin “Qafqaz Əməliyyatı” idi. Nəticəni nəzərə alsaq biz buna “ı əməliyyatı” da deyə bilərik. Arxasında heç bir, islahat və ya rejim yumşalması proqramı durmayan bu anlaşma sadəcə, demokratik dəyərlərə xidmət edən müxalif düşüncəni hərbi siyasi cinayətkar dəstə qarşısında həm uduzdurdu, həm də bu vəziyyətlə cəmiyyətin gözündən saldı. Nəticədə isə “hamısı onların adamıdır” tezisi işlədi və Sarkisyan belə bir qərarı verməyə cəsarət tapdı. AB isə hələlik ancaq və ancaq gedən adamın arxasınca qapını içəridən kilidləməklə məşğuldur. Rusiya isə məsələlərə Qərb texnoloqları kimi çoxrəngli baxmır. Onlar girdiyi kombinasiyaların hər birindən nə qədər cüzi faydalar götürəcəyini hesablamır. O bilir ki, nə etsə də imicini dəyişə bilməyəcək və buna görə də sadəcə, özünə layiq olmağa çalışır.
Azərbaycan üçün yeni reallıq
Indi AB başa düşdü ki, kənardan anlaşmalarla vəziyyəti idarə etmək olmaz. Rusiyanın Azərbaycandakı hərbi qüvvələri çıxarılıb sadəcə. Prosesdə iştirak etmədən ona yön vermək olmaz, məsləhət vermək olar. Azərbaycandaki seçkiləri müşahidə etmək barədə ani qərar bu baxımdan kifayət qədər aydın mesajdır – demokratiya sadəcə bir çağırış kimi vacib deyil. Həm də bir idarəetmə metodu kimi xilas variantıdır. Bu mənada həm də başa düşüldü ki, Rusiya ilə birgə heç nəyin axırı pozitiv ola bilməz. Ermənistandaki nəticələr isə yəqin ki, əlavə arqumentə yer və şans tanımır.
NABUCCO – aldanmaq istəyənlərin oyuncağı?
Azərbaycanın energetika naziri Natiq Əliyev xarici mediaya açıqlamasında deyib ki, NABUCCO hələ ölməmiş layihədir. Bu açıqlama sizi də düşündürdümü? Məsələn, üç ay bundan qabaq bu layihəni deyil TAP layihəsini seçən hökumətin naziri niyə belə desin? Yaxudda iki il qabaq rəsmi qəzetində NABUCCO-ya mane olduğu ilə öyünən hökumətin nazirinin bu açıqlamasını necə anlayaq? Fikrimizcə, bütün hallarda bunun bir əsas anlamı var. Hakimiyyət yenə sərt seçimdən boyun qaçırmaq üçün Qərbi enerji ilə şirnikləndirmək istəyir. Bu isə o deməkdir ki, Rusiya üçün hər zaman bir qapı açıq qalır. Kreml istədiyi vaxt, Əliyevləri bir boşluqdan yaxalayıb şinelinə çəkə bilər. AB bu şirnikləndirməyə getməməlidir. NABUCCO-dan daha önəmli olan onun etibarlılığının təminatı olacaq demokratik sistem olmalıdır Azərbaycanda. Çünki, bu proje təkcə Bakı ilə də bitmir. Bu həm də Orta Asiyaya etibarlı körpü layihəsi deməkdir. Indiki şəraitdə isə söhbət altı düyməsi qarşı tərəfdə olan bombalarla doldurulmuş körpüdən gedə bilər.
Seymur Həzi