Yeni əsrin yeni diktatorları

Dünyanın gözü Suriyada ikən başqa bir mövzudan yazmaq çətindir. Artıq məsələnin bitmiş olduğunu güman etmək olar. ABŞ Konqressinin bir maraqlı cəhəti var. Əgər hansısa məsələ komisiyyalarda öz həllini tapırsa böyük ehtimalla onun digər iki palatadan da keçəcəyini demək olar. Həm də hökumət konqressmenlərlə və senatorlarla fəal iş aparır.

Məsələnin digər təfərrüatları çox çözülüb. Elə biz də bu mövzuda iki dəfə yazmışıq. Məsələ bundadır ki, Azərbaycanda xarici siyasət məsələlərilə bağlı fikir demək həvəsində bulunan onsuz da çoxdur. Ona görə də bu məsələnin digər ölkələr üçün hansı nəticələrə gətirib çıxaracağı haqda fikir demək daha məqsədəuyğun olardı.

B.Əsəd diktatordur. Ölkə neçə illərdir ki, diktatura şəraitində yaşayır. Onun başqa özəllikləri də var ki, bununla bağlı düşüncələrimizi əvvəlki bir neçə yazıda bölüşmüşük.

Bir sözlə, hədəfdə daha bir diktator və daha bir diktaturadır. Amma mən Misir olaylarından sonra bir qədər “ərəb baharı”ndan soyumuşam. Düzdür, bu ölkənin də özəllikləri az deyil. Amma Misir ərəb dünyasının ürəyidir. Əgər Qərb demokratiyasının oturuşmasında hətta Misirdə də problem varsa, mən bu problemin digər ölkələrdə də olacağını istisna etmirəm.

Suriyaya tətbiqən hamı “Suriya müxalifəti” sözlərini işlədir. Amma heç kim konkretləşdirmək istəmir. Fəqət, indidən etiraf olunur ki, Suriya müxalifətinin sıralarında “pis oğlanlar”ın sayı 20-30 faiz təşkil edir. Bu isə o deməkdir ki, müxalifətin özündə 20-30 faizlik təhlükə mənbəyi var.

Böyük ehtimalla demək olar ki, Suriya ikinci Iraq olacaq. Başa düşürəm, bu, Suriyada diktaturanın çöküşünü gözləyən və bundan müəyyən ümidlər yaşayan adamlar üçün bir qədər məyusluq gətirəcək. Amma nə etmək olar?

Heç vaxt “Hər bir xalq yaşadığı siyasi rejimə layiqdir” fikrini bölüşməmişəm. Amma diktaturalar, xüsusən də uzun müddətli diktaturlar hər vaxt xalqların davranışında müəyyən izlər qoyur. Məsələnin qəlizliyi həm də ondadır ki, Misirdə Qərb yönümlü hərbi elita var. Suriyada isə bu da yoxdur.

Ona görə də “Suriyada prosesləri heç olmasa dünyəvi dövlət məcrasında kim saxlayacaq?” sualına mən cavab verməyə çətinlik çəkirəm.

“Suriyadan sonra növbə kimindir?” sualına da birmənalı cavab vermək olmur. Bununla bağlı da ifrat “optimist” proqnozları da bölüşmək çətindir. 

Suriyada hərbi əməliyyatlar çox çəkməyəcək. Amma ehtimal ki, məsələ Iraq kimi uzanacaq, çünki müsəlmanlar özlərini elə bir labirintə salıblar ki, onu hansı potensialın hesabına dəf edəcəkləri çox qaranlıqdır. 

Bu insanlar dini siyasi cərəyanlardan başqa bir şey qoya bilmir ortalığa. Bu da hansı nəticələrə gətirib çıxarır, bunu məndən də yaxşı bilirsiniz. Bəlkə də hansısa mexanizm onları bu aqibətdən sovuşduracaq. Amma ehtimal olduqca azdır. 

Ona görə də Suriya məsələsindən bu ölkənin hüdudlarından kənara çıxan nəticələr gözləmirəm. Suriya daha bir bataqlıqdır. Maraqlıdır ki, bu ölkədə həyata keçiriləcək hərbi əməliyyatları ərəb ölkələri maliyyələşdirəcək. Amma onlar özləri hansı gündədir? Üstəlik, dünya birliyinin bu məsələlərə baxışında da bir natamamlıq var. Hazırda Azərbaycanda avtoritar rejimin öz ömrünü uzatmaq üçün növbəti maskarada hazırlaşdığını görürürk. Bəs dünya birliyi bununla digər ölkələr arasında heç bir paralellik görmürmü? 

Çox güman ki, Qərb ölkələri bu məsələdə qəti mövqe ortaya qoysaydı Azərbaycan hakimiyyəti risq etməyəcəkdi, hakimiyyət məcbur olacaqdı ki, digər bir namizəd irəli sürsün. Hətta bu namizəd demokratik seçilməsəydi belə bunu irəliyə doğru bir addım hesab etmək olardı, çünki bu halda prezident seçkiləri ilə bağlı iki dəfəlik məhdudiyyət öz təsdiqini tapacaqdı. 

Amma indi nə baş verir? Qərbin etinasızlığı, Rusiyanın dəstəyilə Azərbaycanda “uzunömürlü avtoritar” rejim bərqərar olur. Düzdür, həmin bu rejimin ömrünü qısaltmaq ilk növbədə bizim vəzifəmizdir. Fəqət, Suriyadakı hadisələr nə göstərdi? 

Aydın oldu ki, bir çox hallarda millətlər öz diktatorları ilə bacarmırlar. 

Bu, sizə qəribə görünməsin. Yeni diktatorlar elə repressiv mexanizmlər, üsullar yaradıblar ki, dinc insanlara onları dəf etmək çox çətindir. Bu, elə bir vəziyyətdir ki, azərbaycanlıların “Hökumətlə hökumətlik etmək olmaz!” fəlsəfəsinin qarşısında aciz qalırsan, ona etiraz edə bilmirsən. 

Yəqin bu da 21-ci əsrin bizə bəxş etdiyi problemdir. Təəsssüf ki, onun yeniliklərindən təkcə millətlər yararlanmır, həm də diktatorlar bundan öz xeyirləri üçün faydalanmağa çalışırlar və bəzən də buna nail olurlar.