Hakimiyyət seçki öncəsi gənclərə pul paylayır

Insanları satın almaq, rejimin dəyişməz prinsipidir

Gənclər və Idman Nazirliyinin Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb. 

Gənclər və Idman Nazirliyi layihənin maliyyələşdirilməsi üçün müxtəlif mövzular üzrə müsabiqə keçirib. “Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliğindən” tutmuş, “Gənclərə sosioloji və psixoloji xidmətlərin göstərilməsi” nə qədər xeyli sayda mövzu “sınaq”dan keçirilib. Müsabiqəyəÿ113ÿtəşkilat layihə təqdim edib. Təqdim edilən layihələrin ümumi büdcəsiÿ3.626.090,05 manat təşkil edir. Uzun mübarizədən sonra 71 gənclər təşkilatına nazirlik pul ayırıb. 

Bu təşkilatlar “Bakı gənclər Klubu”, “NUR” Uşaq və Gənclərin Ictimai Birliyi”, “Gənc Istedadlara Dəstək Fondu”, “Gəncliyə dəstək Ictimai Birliyi”, “Qaçqın və Məcburi Köçkün gənclər təşkilatı” və bunun kimi 71 dənə, adı yalnız özlərinə tanış olan təşkilatlar PUL alıblar.

Əvvəla onu deyim ki, mən 20 ildir məcburi köçkün statusu daşısam da, ölkədə “Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı” adlı qurumun olamsını ilk dəfə eşitdim. 

Seçki öncəsi hakimiyyətin “səxavət” kisəsinin “deşilməsi” bizim üçün tanış mənzərədir. Bizim hakimiyyət üçün insanları satın almaq, “optovoy” dan kartof almaq qədər əlverişlidir. Bu rejimin təfəkkürü “insan pula satılmaq üçün yaranıb”  şüarını çoxdan qəbul edib.

Hakimiyyət anlayır ki, ölkə əhalisinin 2 milyondan çoxu gəncdi və bu gəncliyin normal həyat şəraiti yoxdur. Ali təhsilli fəhlələr, 2 diplomlu alverçilər ölkədə “at oynadır”. Digər tərəfdən 500 min gənc ailə “kaş mənim də evim” olaydı arzusu ilə kirayələrdə qocalmaq təhlükəsi ilə üz-üzə qalıb.

Indi hakimiyyət 71 gənclər təşkilatına pul ayırmaqla, gənclərə qayğının “fontan” vurduğunu göstərmək istəyir. 

Bu 71 təşkilatın içində 1 dənə də müxalifyönlü gənclər təşkilatı yoxdur, bu 71-in içində əyalətlərdə çörək pulu tapmadığı ölkəni tərk etmək məcburiyyətində olan gənclər yoxdur, bu 71-in içində ali məktəbə qəbul olsa da, təhsil haqqın ödəyə bilmədiyi üçün universitetlə vidalaşmalı olan gənclər də yoxdur. Bir sözlə bu 71-in içində hakimiyyəti tərifləməyənlərə yer yoxdur.

Başqa tərəfdən elə bilməyin ki, bu 71 təşkilat öz fəaliyyəti, intellektual potensialı, qeyri-adi bacarığı ilə dünyanı və ölkəni heyran qoyub. Bu təşkilatların əksəriyyəti adı olub, özü olmayan qurumlardı və üzvləri hansısa fəaliyyət sahəsi üzrə ölkədə tanınmış sima deyil. 

Müqayisə üçün deyə bilərik ki, istər sosial şəbəkələrdə, istər sosial problemlərlə bağlı aksiyalarda, istərsə də siyasi proseslərdə müxalifət gəncləri daha aktivdir və bu gənclərin əksəriyyətin cəmiyyət tanıyır.

Təkcə AXCP Gənclər Komitəsi öz faəliyyəti ərzində Əlil vətəndaşlarla, hərbidə baş verən neqativ hallarla, ipoteka kreditinin ağır şərtləri ilə, təhsil, səhiyyə, məhkəmə sistemindəki acınacaqlı vəziyyətlə bağlı müxtəlif tədbirlər keçirib, video roliklər çəkib, dəfələrlə kitab jurnal təqdimatları edərək maarifləndirmə kampaniyası aparıb.

Ancaq adı çəkilən təşkilatların heç bir fəaliyyəti görünmür. Əgər belə bir fəaliyyət olsaydı, yəqin ki, AzTV gözümüzü mazol etmişdi.

Hamıya aydındır ki, bu növbəti dəfə gəncləri pulla ələ almaq cəhdidir və seçkidə gənclərin səsin almağa hesablanıb.

Əgər bu milyonlar doğurdan da gənclərə qayğı üçün nəzərdə tutlubsa, niyə gənclərin ən böyük problemi olan təhsil haqları azaldılmır, niyə gənclərə tələbə kreditləri verilmir, niyə tələbələrin təqaüdü dönər almağa kifayət edir, niyə ali təhsilli gənclər təyinat ala bilmir, niyə intellektual gənclər şərlənərək həbsə atılır, niyə xaricdə təhsil üçün əsasən avtoritar ölkələr seçilir, niyə gənclərin evi yoxdur, niyə bank faizləri gündən-günə şişirdilir və niyə bu “qayğı” seçkidən-seçkiyə bu hakimiyyətin yadına düşür?

Azərbaycan gəncliyi 71 təşkilatdan ibarət deyil, 2 milyondan çoxdur. Və bu gəncliyin normal həyat şəraiti üçün ümumi islahatlar həyata keçirilməlidir, həqiqi gənclər proqramı hazırlanmalıdır.

Bir, sözlə bu pulların, bu layihələrin, problemlərin məngənəsində sıxılan gəncliyə aidiyyatı yoxdur.  

Bu ölkənin gəncliyinə qayğı 71 təşkilata milyonlar xərcləməklə olmur, milyonlarla gəncə 71 alternativ təklif etməklə olur.