Azərbaycan hakimiyyəti ABŞ-la tarana getdi

Tomas Melianın Bakı səfəri təxirə salındı

Rahim Hacıyev: «Bu addım onu göstərir ki, hakimiyyət növbəti dəfə seçkini saxtalaşdırmaq istəyir və öhdəliklərdən imtina edir»

Sentyabrın 9-da ABŞ dövlət katibinin köməkçisinin demokratiya və insan hüquqları üzrə müavini Tomas Melia Tbilisiyə səfər edəcək. Bu barədə contact.az saytı məlumat verir. Tomas Melianın Bakıya səfəri nəzərdə tutulsa da bu səfər baş tutmayıb.
“Azadlıq” radiosu ÿABŞ-ın Azərbaycandakı səfirliyindən diplomatların səfəri haqda soruşub. Səfirlikdən bildiriblər ki, ABŞ nümayəndə heyətinin Azərbaycan səfəri ləğv olunub:
“Azərbaycan hökuməti oktyabrın 9-u prezident seçkisinə qədər bu səfərin təxirə salınmasını istəyib. Biz təəssüf edirik ki, seçkiöncəsi vəziyyətlə tanış olmaq üçün nümayəndə heyəti Azərbaycana səfər edə bilməyib. ABŞ səfirliyi Azərbaycanda seçkiqabağı vəziyyəti yaxından müşahidə etməkdə davam edir və insanların iradəsini əks etdirən azad, ədalətli seçki prosesi keçirməyə çağırır”.
Azərbaycan hakimiyyətinin bu səfəri təxirə salması təsadüfi  görünmür. Xatırladaq ki, Tomas Melianın Azərbaycana sonuncu səfəri hakimiyyəti narazı salmışdı. Çünki Melia Ilham Əliyevin 3-cü namzidəliyini “qırmızı xatti” keçmək kimi qiymətləndirmişdi və ABŞ-ın azad və ədalətli seçkilərdə maraqlı olduğunu ifadə etmişdi.
Indiki şəraitdə səfərin təxirə salınması necə qiymətləndirilə bilər? Bu hakimiyyətin növbəti xəbərdarlıqdan yayınma cəhdi hesab oluna bilərmi?

Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, ABŞ dövlət kaitibinin Bakıya səfəri Azərbaycandakı seçki öncəsi vəziyyəti yerində öyrənmək, hökumət və müxalifət nümayəndələri ilə görüşlər keçirib ABŞ-a məlumat çatdırmaq idi. ABŞ səfirliyi öz açıqlamasında aydın şəkildə ifadə edir ki, Azərbaycan hakimiyyəti bu səfərin baş tutmasını istəməyib və bu qarşı tərəfdə təəssüflə qarşılanıb. ABŞ dəfələrlə vurğulayıb ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsində maraqlıdır. Hakimiyyətin faktiki olaraq qonağı geri qaytarması, vəziyyətin hökumət üçün pis olduğunu göstərir. Hakimiyyət əmin olsaydı ki, bu görüşdə  azad və ədalətli seçki tələb olunmayacaq, o zaman ABŞ nümayəndəsini yüksək səviyyədə qarşılayar və yola salardılar. Bu addım onu göstərir ki, hakimiyyət növbəti dəfə seçkini saxtalaşdırmaq istəyir və üzərinə götürdüyü öhdəliklərdən imtina edir. Təəssüflər olsun ki, hakimiyyətin bu addımı Azərbaycanı beynəlxalq aləmdən təcrid etmək məqsədi güdür və hakimiyyət dünyanın qüdrətli ölkəsi ilə qarşıdurmaya gedir. Bu addım hakimiyyətə qarşı təzyiqlərin artmasına gətirəcək və ABŞ-la yanaşı digər Avropa ölkələrinin də mövqeyinə təsir edəcək. Ancaq hakimiyyət anlamalıdır ki, onun gücü beynəlxalq aləmlə mübarizə aparmaq əzmində deyil. Ilk dəfədir ki, ABŞ-dan gələn rəsmi nümayəndə geri qaytarılır və bu, münasibətlərin gərgin olmasının göstəricisidir”.

İlham Hüseyn