Güntay Gəncalp
Prezidentliyə ortaq namizəd kimi, müxalifətin Cəmil Həsənli adı üzərində razılaşması ölkəmiz və tariximiz üçün yeni ümidlər üfüqü açmışdır. Cəmil Həsənlinin öz xalqına dərindən bağlılığı, intelektual imkanlarını milli tariximizin aydınlanmasına həsr etməsi bu ümidlənmə üçün əsas verməkdədir. Lakin Professorun geniş siyasi təcrübəsi, uluslar arası hüquq anlayışına bələd olması da, onun çox keyfiyətli namizəd olduğuna dəlalət etməkdədir.
Cəmil Həsənlinin zəfər qazanacağı təqdirdə ölkəmizdə modern bir dönəmin başlayacağına hər kəs tam əminliklə baxmaqdadır. Ölkəmizdə dərinləşən demokratik imkanlar, ancaq Cəmil Həsənli kimi, centelmən, xalqsevər, ziyalı və məsuliyət şüuruna sahib olan milli bir şəxsiyyət vasitəsi ilə gerçəkləşə bilər.
Cəmil Həsənlinin şəffaf və hər kəsə açıq olan keçmişi, şəxsi və sosial həyatındakı dürüstlüyü istər-istəməz ölkəmizin siyasi həyatında əks olunaraq açıq cəmiyətin yaranmasına geniş imkan yarada bilər. Modern dünyanın bir üzvü ola bilmək üçün çağdaşlaşma, demokratikləşmə və sənayeləşmə gərəkməkdədir. Bunun üçün də ölkədə açıq cəmiyyət düzəni yaradılaraq, hər şeydən öncə ədalətli gəlir dağılımı bərqərar edilməlidir. Yalnız bu yolla Azərbaycan əhalisi öz vətənində iqtisadi, siyasi və sosial güvənlikdə yaşaya bilər. Cəmil Həsənlinin intellektual səviyəsi, millətsevərliyi, demokratiyaya olan inancı, siyasi plüralizmə olan bağlılığı və hər şeydən öncə yurddaşlarının aqibəti ilə bağlı öz vicdanında daşıdığı sorumluluq duyğusu onun bu amac üçün ən ideal namzəd olduğunu göstərməkdədir.
Azərbaycan da bir çox Qərb ölkələri kimi, modern siyasi sistemə, açıq cəmiyyət düzəninə keçməlidir. Yəni iqtidar müxalifəti heç bir şəkildə özünün və ölkənin düşməni kimi təqdim etməməlidir. Bunun üçün hissən və fikrən bütün müxtəlif fikirləri, siyasi görüşləri qucaqlaya biləcək ölkə başçısı lazımdır. Ölkə başçısı, sadəcə mənsub olduğu partiyanın sorumlusu deyildir. O, fikirlərini xalqa çatdırması üçün öz müxalifinə də hər tür imkan yaratmalıdır. Yalnız bu şəkildə ölkə başçısı milli iradəni təmsil edə bilər. Bu baxımdan Cəmil Həsənlinin namzədliyi sadəcə müxalifət düşərgəsini deyil, iqtidar düşürgəsini də sevindirməlidir. Çünkü bu ölkənin gələcəyinə inanan hər kəsin; istər müxalifətdə istər iqtidarda olsun xalqın içindən çıxan, sadə, bilgili, ölkəsini dərindən sevən, millətini irəliyə doğru apara biləcək bir prezidentə ehtiyacı var. Bu baxımdan da Cəmil Həsənli ən uyğun, hər kəsin nəzər diqqətinə ən yaxın namzəd kimi görünməkdədir. Azərbaycanın demokratiya təcrübəsi çox qədim və dərin deyildir. Ancaq Cəmil Həsənli kimi şəxsiyətin timsalında xalqın arasındakı təzadlar bir araya gəlib yaradıcı qüvvəyə çevrilə bilər. Cəmil Həsənli timsalında xalqımız böyük demokratiya təcrübəsini milli aqibətində yaşar. Vətəndaş həmrəyliyi əməldə özünü göstərə bilər.