Qubad İbadoğlu:«Növbəti ilin göstəriciləri daha da pisləşəcək»
“Azərbaycan inteqrasiya imkanlarından lazımınca bəhrələnə bilmir. Dünya Ticarət Təşkilatının (DTT) astanasından geri dönən ölkəmiz getdikcə daha qapalı iqtisadiyyata üstünlük verir”. Iqtisadçı ekspert Qubad Ibadoğlu “Media forum”a açıqlamasında belə deyib.
Qubad Ibadoğlunun dəyərləndirməsinə görə, dünya bazarında artan neft qiymətləri sayəsində əldə edilən gəlirlərlə daxili investisiya imkanlarını yüksəldərək nisbi artım göstəricilərinə malik olan hökumət nə bazar iqtisadiyyatının, nə beynəlxalq inteqrasiyanın, nə də daxili rəqabətin üstünlüklərini dəyərləndirə bilir: “Bu istiqamətdə əsas əngəl siyasi hakimiyyət və biznes hökmranlığına sahib olan oliqarxlardır. Onların sistemli fəaliyyəti nəticəsində DTT-dən uzaq dayanan, Assosiasiya Sazişinə qoşulmayan Azərbaycan bu günlərdə açıqlanan 2013-cü il üçün Avrointeqrasiya reytinqində Şərq Tərəfdaşlığı ölkələri arasında yalnız Belarusu qabaqlaya bilib, yenə də Moldova, Gürcüstan, Ukrayna və Ermənistandan geri qalıb”.
Ekspert əlavə edib ki, Avrointeqrasiya reytinqində qiymətləndirmələr əlaqələr, yaxınlaşma və idarəetmə indikatorları üzrə aparılıb: “Əlaqələr üzrə 0,41 (maksimum -Moldova 0,70, minimum – Belarus 0,31), yaxınlaşma üzrə 0,42 (maksimum – Moldova 0,63, minimum – Belarus 0,33) və idarəetmə üzrə 0,33 (maksimum – Moldova 0,59, minimum Belarus – 0,24) bal toplayıb. Ötən illə müqayisədə cüzi irəliləyiş əlaqələrdə nümayiş olunub, yaxınlaşmada dəyişiklik baş verməyib, idarəetmə isə pisləşib. Növbəti ilin göstəriciləri daha da pisləşəcək. Moldova, Gürcüstan, Ukrayna və Ermənistan Avropa Birliyi ilə Assosiasiya Sazişi, Dərinləşdirilmiş və Hərtərəfli Azad Ticarət Sazişi imzalayacağı təqdirdə bizim mövqeyimiz daha pis görünəcək”.