“Axı, sən bu dənizi nə üçün hasara alırsan? Kimsə dənizin qırağında villa tikir, sağlığına qismət olsun. Ancaq onu daş hasara almaq doğru deyil”. Bu sözləri deputat Hüseynbala Mirələmov publika.az saytına müsahibəsində deyib. Hüseynbala Mirələmov bu məsələdə haqlıdır.
Dənizin məmurlar tərəfindən hasarlanması çoxdanın problemidir və mətbuat da vaxtaşırı bu barədə yazıb. Amma məsələ burasındadır ki, Hüseynbala Mirələmov da sahildə villa, obyekt tikib, həmin ərazini hasarlayan məmurlardan geri qalmır. Şıx çimərliyində bir obyekt var. “1001 gecə” istirahət mərkəzi adlanır. Iri obyektdir və hasara alınıb. Sahildə tikilən bu obyekt məhz Hüseynbala Mirələmova məxsusdur. Bu həmin obyektdir ki, bir müddət əvvəl orada qətl hadisəsi baş vermişdi. Qətli törədən də Hüseynbala Mirələmovun qardaşı oğlu idi. Hətta bu hadisədə onun oğlunun da rolu iddia edilirdi. Hər halda hadisədən sonra polisdə işləyən oğlu çıxarıldı.
Qısası, Hüseynbala Mirələmov tənqidə əvvəlcə özündən başlasa yaxşıdır.