«Mətbuatdakı məlumatlar hakimiyyətin təbliğatıdır»
Sülhəddin Əkbər: «Mətbuatda gedən məlumatların yaxından-uzaqdan reallıqla heç bir əlaqəsi yoxdur»
APA-nın məlumatına görə, ACP lideri Rəsul Quliyev partiyanın hazırkı sədri Sülhəddin Əkbəri tutduğu vəzifədən azad edə bilər. Informasiya agentliyi bu barədə məlumatı R.Quliyevə yaxın mənbədən əldə etdiyini vurğulayır.
Mənbənin sözlərinə görə, Rəsul Quliyev Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovla bağlı yaranmış uğursuzluqda Sülhəddin Əkbəri günahkar bilir. Eyni zamanda S.Əkbərin bəzi prinsipial məsələlərdə Milli Şuraya daxil olan partiya sədrləri ilə Rəsul Quliyevlə məsləhətləşmədən gizli sövdələşmələrə getdiyini düşünür.
Mənbə onu da qeyd edib ki, S.Əkbərin yerinə təyin ediləcək namizədlərlə bağlı da artıq müzakirələr gedir. Bunlardan biri partiyanın Ali Məclisinin sədri Zəminə Dünyamalıyevadır.
Məsələyə aydınlıq gətirmək məqsədilə ACP sədri Sülhəddin Əkbərlə əlaqə saxladıq. S.Əkbər yazılanların reallıqla heç bir əlaqəsinin olmadığını dedi. Son zamanlar ACP və onun rəhbərliyinə qarşı ciddi kampaniyanın aparıldığını deyən S.Əkbər vurğuladı ki, bu, hakimiyyətin göstərişi əsasında yürüdülən siyasətdir: “Hakimiyyət düşünürdü ki, ACP Milli Şuranın fəaliyyətində belə yaxından iştirak etməyəcək. Hakimiyyət hazırda baş verənlərdən narahatlıq keçirir. Milli Şuranın fəaliyyətindən, demokratik qüvvələrin bir araya gəlməsi hakimiyyəti təşvişə salıb. Hakimiyyətin bu cür təxribatçı addımları bundan sonra da davam edəcək. Mətbuatda gedən məlumatların yaxından-uzaqdan reallıqla heç bir əlaqəsi yoxdur. Hakimiyyət ”EL” hərəkatına qarşı bir, ACP-yə və başqa partiyalara qarşı ayrı cür kampaniya aparır”.
Xəyal