Vəfa Quluzadə: «Gömrük Ittifaqına üzv olmaq Ermənistana yalnız zərər vura bilər»
Ermənistanın Rusiya ilə Gömrük Ittifaqına(GI) daxil olması gözlənilməz deyildi. Noyabrda bu ölkənin Vilnüsdə Assosasiya sazişinə imza atcağı gözlənilsə də Ermənistan öz sahibinə də üz çevirə bilməzdi. Bu ölkə hələ 2003-cü ildə Avrasiya Iqtisadi Birliyində (AvrAsIB) müşahidəçi qismində iştirak edirdi. Ermənistan bütün bu illər ərzində Rusiyanın quberniyası rolunu oynayıb və bu ölkənin prinsiplərinə uyğun hərəkət edib. Prinsip etibarilə GI-yə üzvlük Ermənistanın iqtisadi maraqlarına uyğundur.
Ancaq bəzi mülahizələrə görə, Ermənistanın GI-yə üzv olması Azərbaycanın maraqlarına ziddir. Çünki Azərbaycan üçün Dağlıq Qarabağ faktoru var. Qondarma respublika iqtisadi planda Ermənistanla eyni ərazi olduğuna görə, indi Dağlıq Qarabağı da GI-nin tərkibində saymaq olar. Məsələni bu cür izah edirlər ki, Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür və düşmən ölkənin bu qrupa daxil olan ölkələrdən biri ilə bu dərəcədə yaxınlaşması Azərbaycanın maraqlarına zidd sayılmalıdır. Eyni zamanda bəzi ekspertlər bu qənaətdədilər ki, Ermənistanın Rusiyadan alacağı güzəştlər, xüsusən Abxaziyadan keçməklə dəmiryol xəttinin inşası da Ermənistanın iqtisadi durumuna müsbət təsir edəcək ki, bu da Dağlıq Qarabağla bağlı danışıqlarda düşmən ölkənin mövqeyini bir qədər möhkəmləndirəcək.
Azərbaycan isə GI-yə daxil omaqdan hələ ki, imtina edir. Bəzi ekspertlər isə Azərbaycanın bu quruma üzv olmadığı üçün Rusiyanın təzyiqləri ilə üzləşəcəyini və Qarabağ məsələsinə mənfi təsir edəcəyi qənaətindədilər.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Ermənistan müstəqil dövlət deyil və Gömrük Ittifaqına üzvlük ona heç bir dividend vəd etmir: “Ermənistan Rusiyanın bir hissəsidir. Rusiyanın bir hissəsi necə Rusiyanın yaratdığı quruma üzv ola bilər? Bu üzvlük nə Rusiya, nə də Ermənistan üçün heç bir əhəmiyyət kəsb etmir. Digər tərəfdən, Gömrük Ittifaqı mövcud deyil, işləmir və işləməyəcək. Eyni zamanda Ermənistanın Gömrük Ittifaqına daxil olması erməni xalqının və ölkənin qabaqcıl siyasətçilərinin etirazına səbəb olur. Özləri də deyirlər ki, biz çökən Rusiyaya deyil, Avropaya doğru getmək istəyirik. Dağlıq Qarabağa gəlincə, bu, Azərbaycanın ərazisidir, Ermənistan və Rusiya Dağlıq Qarabağı tanıtmaq üçün heç bir uğur əldə etməyib. ATƏT-in bütün sammitləri, BMT-nin bütün qərarları, ABŞ və başqa ölkələrin bəyanatları Dağlıq Qarabağı Azərbaycanın tərkibi kimi tanıyır.
Bu üzvlük Ermənistana mənfi təsir göstərəcək və artıq Avropa Ittifaqı Ermənistanla əməkdaşlıqdan imtina edir, Ermənistanın siyasi iradəsinin olmadığını görür”.
Ekspertin fikrincə, Gömrük Ittifaqı, Avrasiya Ittifaqı sadəcə olaraq Rusiyanın siyasi addımlarıdı: “Rusiya ölkələri bu quruma çəkərək, həmin ölkələrin iqtisadi potensialına sahib olmaq istəyir. Yəni bu ölkələri özünün koloniyasına çevirmək istəyir. Indi Ukrayna, Azərbaycan, Belarus və digər ölkələr bu ittifaqa qoşulmaqda maraqlı deyil. Ona görə də Rusiya, Ermənistanın üzvlüyünü gündəmə gətirib, bu istiqamətdə müsbət fəaliyyət görüntüsü yaratmaq istəyir”.
Ilham Hüseyn