Təhsil Nazirliyində qohumbazlıq edirlər?

69 yaşına qədəm qoymuş Quliyevin yenidən köhnə işinə qaytarılmasının təhsilimizə nə xeyri ola bilər?!

Mətbuatın yazdığına görə, Mikayıl Cabbarov özündən əvvəlki təhsil nazirinin “vurduğu” kadrlardan birini – Əsgər Quliyevi dərslik və nəşriyyat şöbəsinə müdir gətirmək fikrinə düşüb. 2000-ci ilədək bu vəzifəni icra edən Əsgər Quliyev, tramplin kimi, hələlik həmin şöbəyə müdir müavini təyin edilib.
Xatırladırıq ki, Quliyev 2000-ci ildə dərslik nəşri sahəsində baş verən biabırçılıqlara görə, dövlət başçısı Heydər Əliyevin hiddətinin qurbanı olmuşdu. Belə ki, həmin ilin sentyabr ayının əvvəllərində paytaxtın 82 saylı məktəbində dərsliklərdəki qüsurlara görə Heydər Əliyevin möhkəm danladığı Misir Mərdanov vəziyyətə uyğun olaraq dərslik və nəşriyyat şöbəsinin müdiri Ə.Quliyevi işdən çıxarmışdı. Bu gün onun şöbə müdiri Faiq Şahbazlıya müavin təyin edilməsini isə yenidən ona “yaşıl işıq” yandırılmasının əlaməti hesab etmək olar. Yəni artıq Şahbazlının əvəzlənməsi üçün hazırlıq işlərinə start verilib.
Deyilənlər hələlik versiya kimi səslənsə də bu versiyanı dəstəkləyən bəzi məqamlar ortaya çıxıb. Bunlardan biri budur ki, mətbuatın yazdığına görə, Ə.Quliyev yeni nazir müavini Ceyhun Bayramovun yaxın qohumudur. Ikincisi isə bəlli olub ki, Ə.Quliyevin bacanağı Natiq Isayev nazirin qaynatası, Müəllif Hüquqları Agentliyinin sədri Kamran Imanovun müavinidir. Ona görə də Ə.Quliyevin gözlənilən təyinatına nazirlikdə “qohumluq əlaqələrinin təntənəsi” kimi baxmaq olar.
Bütün bunlarla belə, təbii bir sual ortaya çıxır: Vaxtilə respublikamızda dərslik işini pis günə salmış və 69 yaşına qədəm qoymuş Quliyevin yenidən köhnə işinə qaytarılmasının təhsilimizə nə xeyri ola bilər?!

Informasiya şöbəsi