«Azərbaycanda polis elə adamlardan narkotik tapıldığını iddia edir ki, onlar ömründə narkotikdən istifadə etməyib»
«Human Rights Watch”ın nümayəndəsi Azərbaycanı belə xarakterizə edir: “Neft-qazla zəngin, insan hüquqları baxımından çox kasıb…»
“Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Qoqia Azərbaycandakı vəziyyət, o cümlədən araşdırmaçı jurnalist Xədicə Ismayılova ətrafında baş verənlərdən bəhs edən məqalə hazırlayıb. Təşkilatın saytında yerləşdirilən məqalədə Qoqia yazır:
***
Kimsə Xədicə Ismayılovanın yataq otağına gizli kamera yerləşdirib. Onun gizli lentə alınmasının məqsədi sonradan şantaj edib araşdırmalarını dayandırmağa məcbur etmək idi. O, Azərbaycanda səs-küylü araşdırmalar aparmağa cəsarət edən azsaylı jurnalistlərdəndir. Baxmayaraq ki, cinayətkarların bu cür hədə-qorxuları bir çox başqa jurnalistləri özünüsenzuraya məcbur edib, Xədicə isə hökumətin, o cümlədən ölkənin avtokrat başçısı, keçmiş KQB generalı və sabiq prezidentin oğlu Ilham Əliyevin korrupsiya fəaliyyətini geniş işıqlandırıb.
Mən Xədicəni beş ildir ki, tanıyıram və onu “dostum” adlandırıram. Xədicənin yataq otağında gizli lentə alınmış görüntülərin Amerikanın CNBC telekanalında “Çirkli zəngin” adlı verilişin efirə getməsindən sonra internetdə yayılmasının təsadüf olduğuna şübhəm var. Orada prezident Əliyevin ailəsinin Dubaydakı mülkiyyətindən, o cümlədən dəyəri on milyonlarla dollar olan və yeniyetmə oğlunun adına 2009-cu ildə alınmış 9 villadan söhbət gedir. Xədicə bu araşdırmada məsləhətçi kimi iştirak edib.
Xədicə ilə bağlı videonu saxta sayt yayıb. Elə görüntü yaratmışdılar ki, guya, bu sayt müxalifət partiyasıyla əlaqəlidir. Məqsəd Xədicəni fiziki baxımdan da təhlükə altında qoymaq idi. Azərbaycan mühafizəkar ölkədir və burada namusa görə ölüm halları baş verir. Xədicə xarizmatik və məşhur jurnalistdir və insanlar onu müdafiə etdilər.
Bütün bunlar ötən ilin martında baş vermişdi. Amma qarayaxma kampaniyası hələ də davam edir. Buna baxmayaraq, Xədicə geri çəkilmədi və araşdırmalarını davam etdirir.
Ötən həftə hakim partiyanın qəzetində “Xədicənin erməni anası ölməlidir” başlıqlı məqalə dərc olundu. Məqalədə guya, Xədicənin erməni ailəsinin təhlükədə olduğu haqda yalan iddialar yer almışdı.
Mən Xədicəyə görə çox narahatam. Hərdən ona deyirəm: “Bəlkə siz axşam vaxtı evdən çıxmayasız?”; “Siz yaşadığınız və getdiyiniz yerlərdə daha ehtiyatlı olmalısınız”. Çox güman ki, bir sıra başqaları da ona eyni sözləri deyir.
Onun mənə birbaşa cavabı belə oldu: “Elə onların istədiyi də budur. Onlar mənim hərəkətlərimi məhdudlaşdırmaq, normal yaşamağıma imkan verməmək istəyirlər. Mən onlara sevinci yaşada bilmərəm”.
Mən Azərbaycandakı azsaylı, amma parlaq gənc fəallarla da sıx əlaqədəyəm. Ölkə neft və qazla zəngindir. Amma insan hüquqları baxımından çox kasıbdır.
2011-ci ildə Ərəb baharının başlamasıyla Azərbaycanda da etirazçı kəsim fəallaşdı. O vaxtdan bəri hökumətin də repressiyaları gücləndi. Hakimiyyət müxalif siyasi fəaliyyəti və sosial şəbəkələrdəki aktivliyi durdurmaq üçün hərəkətə keçdi. Cəmiyyətdə qorxu yaratmaq üçün gənc fəallar, tanınmış siyasi xadimlər həbs olundu. Həbs olunanlar işgəncələrə məruz qaldı.
Bu il iyulun sonlarında Azərbaycan hakimiyyəti jurnalistləri susdurmaq üçün onlara 150-dən artıq mənzil hədiyyə etdi. Onların arasında Xədicə yox idi…
Azərbaycanda başqa bir artan tendensiya da var. Polis elə adamlardan narkotik tapıldığını iddia edir ki, onlar ömründə narkotikdən istifadə etməyiblər. Yaxud, cinayətkarlar fəalı döyür və zərərçəkmiş də bu barədə polisə məlumat verir. Polis isə əksinə, zərərçəkmişin özünü xuliqanlıqda – hücum edənləri döyməkdə günahlandırıb həbs edir.
Elə həbslər baş verir ki, onların siyasi motivli olduğunu, insanları qorxutmağa hesablandığını bilmək üçün heç dərindən düşünməyə ehtiyac qalmır. Məsələn, gənc bloggerlər Emin Milli və Adnan Hacızadə “Youtube”a hakimiyyəti tənqid edən satirik video yerləşdirəndən sonra bir ildən artıq həbsxanaya salındılar. Mən aylarla onların azadlığa buraxılmasına çağırış xarakterli materiallar hazırladım. Nəhayət, 2010-cu ildə onlar azad edildilər.
Siz yaza, etiraz səsinizi ucalda, qışqıra bilərsiz. Amma eyni zamanda, hiss edə bilərsiniz ki, heç nə edə bilmirsiniz. Çünki yaxşı iş görməyən hökumətiniz var.