Rauf Arifoğlu ittihamlara cavab verdi

“Məni hakimiyyətə işləməkdə ittiham edənlər Heydər Əliyevin silahdaşı olan üç liderin nəzarətindəki insanlardır”

İcitmai Palatanın Koordinasiya Şurasının üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun  Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı yeni təzyiqlərə keçə biləcəyi ilə bağlı təhlil yazısı Milli Şura rəhbərliyi tərəfindən birmənalı qarşılanmamışdı. “Yeni Müsavat”ın saytında dərc olunan yazısında R.Arifoğlu qeyd edirdi ki, Ermənistanın Avrasiya İttifaqına daxil olması Rusiyanın rəsmi Bakı ilə münasibətlərində yaranmış yeni tarazlığı pozur və Kreml bundan sonra Azərbaycandan daha böyük güzəştlər istəmək üçün əlavə imkanlar əldə edir. Müəllifin fikrincə, bunun üçün Putinin Əliyevə təzyiqləri yenidən güclənə bilər və belə bir şəraitdə Azərbaycanın demokrtik qüvvələri müəyyən addımlar atmalıdır. R.Arifoğlu hesab edir ki, Rusiya demokratik qüvvələrdən Əliyev hakimiyyətinə təzyiq vasitəsi kimi yaralanmaq istəyə bilər. Bu səpkili mülahizələrdən sonra baş redaktor demokratik qüvvələr – Milli Şura üçün konkret təklif irəli sürür: “İçəridə ilk gündən konflikt yaradan EL hərəkatı, ACP, ALP kimi (kənar güclərə birbaşa bağlı olan) qurumlarla çəkinmədən vidalaşa bilmək qətiyyəti olmalıdır”.
Qəzetimizin bu günki sayında R.Arifoğlunun təklifi ilə bağlı münasibətini öyrəndiyimiz Milli Şura üzvləri bu təşəbbüsün qərəzli olduğu, belə təşəbbüsün yalnız hakimiyyətin maraqlarına uyğun gəldiyi ilə bağlı fikirlər səsləndiriblər.
Məsələ ilə bağlı R.Arifoğlunun mövqeyini öyrəndik. Baş redaktor onun fikrinin bu cür təqdim olunmasına etirazını bildirdi. R.Arifoğlu hesab edir ki, münasibət bildirilən fikri konteksdən çıxarılıb. “Yazıdakı cümlənin mahiyyəti tamamilə başqadır. O da ondan ibarətdir ki, vaxtı ilə Heydər Əliyevin yaxın dostları, silahdaşları olmuş üç liderin – Rəsul Quliyevin, Lalə Şövkətin və Eldar Namazovun sərəncamında olan təşkilatlar Milli Şuranın iclaslarını boykot edirlər. Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşı anti-təbliğat kampaniyası aparırlar. Milli Şura namizədinin bu statusda ilk dəfə qatıldığı sessiyaya qatılmayaraq «Şuşa» restoranında alternativ iclas keçirirlər. Orada mənə məlum olduğu kimi, bir qərar qəbul edirlər ki, bunlar ən kritik situasiyada İlqar Məmmədovun namizədliyini dəstəkləyəcəklər. Bu qərarın qəbul olunduğu bir həqiqət və reallıqdır. Bir gün sonra isə bu qərar mətbuata çıxır. Belə bir vəziyyətdə mən Milli Şuranın üzvü deyiləm, bir köşə yazarı olaraq məsələ qoyuram ki, hazırda demokratik düşərgə üçün geopolitik yerdəyişmələr əsasında unikal bir şans yaranıb. Bu unikal şansı dedi-qodulara, dedi-qoduları Milli Şura çatısı altına gətirən Heydər Əliyevin silahdaşlarının rəhbərlik etdiyi bu üç təşkilata qapdırmamaq lazımdır. Və onlarla vidalaşmaq qətiyyəti göstərməyə hazır olmaq lazımdır. Əgər məsələ o həddə çıxarsa ki, bunlar Milli Şuranın namizədinin şansına maneçilik törədirlər, AXCP, Müsavat, KXCP və digər təşkilatlar bu faktı nəzərə almalıdırlar və bu problemi həll etməlidirlər. Başa düşmürəm ki, burada hədəfə çevirəcək nə var ki? ”, – deyə o, bildirdi.
Bu təşəbbüsün hakimiyyətin maraqlarına uyğun olduğu haqda deyilənlərə isə R.Arifoğlu belə cavab verdi: “Məni «Azadlıq» qəzetinin vasitəsilə hakimiyyətə işləməkdə suçlayan, iqtidarın qurulmasında iştirak edən bu üç liderin nəzarətindəki insanlar son günlərdə hərəkətləri, sobotajları, boykotları ilə hakimiyyətə xidmət edirlər. Biz qəzet olaraq bütün gücümüzlə, borclu olmadığımız halda, Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə dəstək veririk. Lakin bu dediyim üç təşkilatın üzvlərinin son bir həftə ərzində verdiyi açıqlamaları hər kəsi monitorinq etməyə dəvət edirəm. Rəsul Quliyev hamımızın dəstəklədiyi namizəd haqqında deyir ki, o 0.2 və ya 0.5 faiz səs ala bilər. «El» hərəkatının rəhbərlərindən biri deyir ki, biz hamımız İlqar Məmmədovu dəstəkləməliyik. Əvəz Temirxan Milli Şuranın əsas təsisçilərindən biri Lalə Şövkətin təmsilçisi olaraq təşkilatın tədbirlərinə gəlmir və boykot, sobotaja qatılır”.