Vurulacaq hədəflər artırılmalı, əməliyyata Hərbi Hava Qüvvələi də cəlb olunmalıdır
ABŞ prezidenti Barak Obama Pentaqondan Amerika və fransız qoşunları koalisiyasının Suriya ərazisinə zərbəsinin hədəflərini artırmağı, eləcə də bu əməliyyata Hərbi Hava Qüvvələrinin də cəlb olunması imkanını nəzərdən keçirməyi tələb edib. Bu barədə “New York Times” qəzeti Ağ evə istinadən xəbər verir. Qəzetin məlumatına görə, söhbət, ilk növbədə fransız hərbçiləri tərəfindən hazırlanmış 50 Suriya obyektindən ibarət siyahının genişləndirilməsindən gedir.
Bununla belə, gözlənilməz nəticələrdən qaçmaq üçün kimyəvi silahların saxlanıldığı ehtimal edilən obyektlərə zərbə endirməkdən çəkinmək nəzərdə tutulur. Amerika və fransız koalisiyasının hədəfləri Suriya ordusunun kimyəvi hücum həyata keçirdiyi ehtimal edilən hissələri, eləcə də artilleriya və raket batareyaları ola bilər.
ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəisi Martin Dempsi bəyan edib ki, potensial hədəflər sırasına kimyəvi silahdan mühafizə vasitəsi hesab edilən hava-əleyhinə müdafiə bazaları daxildir.
Obama: “BMT Təhlükəsizlik Şurası iflic vəziyyətdədir”
Sankt-Peterburqda mətbuat konfransında Obama vaxtının çoxunu Suriya ilə bağlı suallara cavab verməyə sərf edib. ABŞ prezidentinin sözlərinə görə, “Böyük iyirmilik” ölkələri liderlərinin əksəriyyəti Suriya Bəşər Əsəd qüvvələrinin kimyəvi silahdan istifadə etdiyinə şübhə etmir.
Obama bildirib ki, Suriyadakı vətəndaş müharibəsi təkcə bu ölkənin faciəsi deyil: “Bu, eyni zamanda, Suriyanın qonşuları, Yaxın Şərq üçün də təhlükədir. Əgər biz bu dərəcədə özbaşınalığa reaksiya verməsək, bu, bir-birilə düşmən olan ölkələr, terror təşkilatları üçün siqnal olacaq. Onlar düşünəcəklər ki, kütləvi qırğın silahlarından istifadə edib sonda cəzasız qala bilərlər”.
ABŞ prezidenti qeyd edib ki, yaxın günlərdə Suriya məsələsilə əlaqədar başqa ölkələrin liderlərilə danışıqları davam etdirmək, həmçinin çərşənbə axşamı Amerika xalqına müraciət etmək niyyətindədir.
Obama onu da əlavə edib ki, onun özü də BMT ilə əməkdaşlığa üstünlük verir: “Amma problem ondadır ki, hazırkı şəraitdə BMT Təhlükəsizlik Şurası iflic vəziyyətdədir, donub və fəaliyyət göstərmir”.
Suriya ilə bağlı səsvermənin vaxtı dəyişdi
ABŞ Senatında Suriyada hərbi əməliyyatın keçirilməsini nəzərdə tutan qətnamə böyük ehtimalla sentyabrın 11-də səsverməyə çıxarılacaq. Bunu yuxarı palatada çoxluq təşkil edən demokratların liderinin köməkçisi Harri Reyd deyib.
Harri Reyd Senatın Ağ Ev tərəfindən irəli sürülən qətnaməni dəstəkləməsi ehtimalına “ehtiyatlı nikbinlik” ifadə edib. Qeyd edək ki, Suriyada hərbi əməliyyatın keçirilməsini nəzərdə tutan qətnamə bundan öncə Senatın xarici əlaqələr komitəsində qəbul olunub.
ABŞ-ı dəstəkləyənlərin sayı artır
Sankt-Peterburqda keçirilən “Böyük iyirmilik” ölkələrinin 11-i bəyan edib ki, hətta BMT Təhlükəsizlik Şurasının mandatı olmadan belə, ABŞ-ın Suriyaya hərbi müdaxilə planını dəstəkləyir. Bəyanatın mətnini Avstraliya, Kanada, Fransa, Italiya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Ispaniya, Türkiyə, Böyük Britaniya və ABŞ imzalayıb. Sənədi dünən axşam saatlarında Ağ ev yayıb.
Beləliklə, gözləntilər özünü doğruldub. Hələ sammitdən əvvəl jurnalistlər və ekspertlər ABŞ-ı dəstəkləyəcək ölkələrlə bağlı təxminən eyni adları çəkirdilər.
Suriya kampaniyasını kimlər maliyyələşdirəcək?
Bu arada, bəzi ərəb ölkələri Suriyaya hərbi müdaxilə ilə bağlı kampaniyanı maliyyələşdirməyə hazır olduğunu açıqlayıb. Bu ölkələr sırasında Qətər və Səudiyyə Ərəbistanının adı çəkilir.
ABŞ Hərbi Dəniz Qüvvələri hərbi əməliyyatlara tam hazırdır
Aralıq dənizində olan ABŞ hərbi gəmiləri Suriyaya qarşı mümkün əməliyyatlara tam hazırdır. APA-nın məlumatına görə, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz əməliyyatlarının rəhbəri admiral Conatan Qrinert bəyan edib. Məlumatda qeyd olunur ki, gəmilər mümkün əməliyyatların geniş spektrinə, o cümlədən “Tomaqavk” qanadlı raketlərin Suriyadakı hədəflərə buraxılmasına və mümkün cavab zərbəsini dəf etməyə hazırdır.
BMT baş katibi Pan Gi Mun isə G-20 liderlərinə müraciət edərək Suriya ilə bağlı yeni “Cenevrə-2″ beynəlxalq konfransını yaxın zamanda keçirməyə çağırıb: ”Mən Suriya üzrə Cenevrə konfransının tez bir zamanda keçirilməsi üçün səylərimizi bərpa etmək niyyətindəyəm”.
Pan Gi Mun həmçinin Suriya münaqişəsinin həlli məsələsində BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrin liderlərin məsuliyyətə çağırıb: “Mən ürəkdən ümid edirəm ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan dövlətlərin liderləri və şuranın burada iştirak edən bir neçə qeyri-daimi üzvü Suriya xalqı ilə bağlı məsələdə öz öhdəliklərini tam şəkildə icra edəcəklər”.
Putin və Kemeron Suriyadakı vəziyyəti müzakirə edib
Bu arada, “G20″ liderlərinin Peterqofda baş tutmuş işçi şam yeməyi Suriyaya dair fikir ayrılığını təsdiqləyib. Bu barədə Italiyanın baş naziri Enriko Leta bildirib: ”Artıq sona çatmış şam yeməyi zamanı Suriyaya dair mövqelərdə fikir ayrılığının olduğu təsdiqləndi”.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Suriya məsələsinin müzakirəsi zamanı bir sıra dövlətlər beynəlxalq qurumlara əhəmiyyət vermədən təcili addımların atılmasının zəruriliyini qeyd ediblər: “Digər bir qrup dövlət isə beynəlxalq hüququ əsas tutmağa çağıraraq qeyd edib ki, güc tətbiqinə dair qərar vermək hüququ yalnız BMT Təhlükəsizlik Şurasının səlahiyyətindədir. Qüvvələr təxminən bərabər qruplara bölünüb”.
Peskov onu da qeyd edib ki, Vladimir Putin “G-20″ liderləri ilə işçi şam yeməyindən sonra Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə görüşüb. Görüş zamanı Suriya probleminə də toxunulub.
Rusiyalı deputatlar ABŞ-a gedəsi olmadı
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib ki, rusiyalı deputatlardan ibarət nümayəndə heyəti ABŞ-a səfər etmək qərarından daşınıb. Deputatlar amerikalı həmkarları ilə görüşüb Suriya problemini müzkirə edəcəkdilər. Deputatları bu addımı atmağa məcbur edən səbəb ABŞ parlamentinin üzvlərinin bu dialoqa maraq göstərməməsi olub. Narışkin amerikalı deputatların müzakirələrdən imtina etməsinin onlarda təəssüf yaratdığını bildirib.
CNN telekanalı da dünən məlumat yayaraq demokratların Senatdakı lideri Harri Ridin və ABŞ parlamentinin aşağı palatasının Respublikaçı rəhbəri Con Beynerin rusiyalı deputatlarla Suriya ilə bağlı müzakirə aparmaq niyyətində olamdığını bildirib.
Rəsmi Moskva beynəlxalq öhdəlikləri pozmaqda ittiham olunur
“Rusiya BMT Təhlükəsizlik Şurasını girov saxlamaqda davam edir və öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, o cümlədən kimyəvi silahın qadağan olunması haqqında Konvensiyanın müddəalarını pozur”. Bu bəyanatla ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Nyu-Yorkda keçirdiyi brifinqdə çıxış edib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası Rusiyanın günahı ucbatından Suriya ilə bağlı hər hansı addım ata bilmir. ABŞ səfiri 1945-ci ildə məhz bu cür miqyaslı təhlükələrə qarşı yaradılmış sistem son iki ildir fəaliyyət göstərə bilmir: “Bu sistem sülhü və qazdan zəhərlənmiş yüzlərlə suriyalı uşağın təhlükəsizliyini təmin edə bilmədi. Sistem həmçinin regionda stabilliyi təmin edə bilmədi. Bunun əvəzinə sistem şəhərin bir tərəfində BMT ekspertləri ola-ola digər tərəfinə kimyəvi silah tətbiq etmək cürətinə sahib rejimə havadarlıq edən Rusiyanın iddialarını müdafiə edir”.
ABŞ-ın bəzi müttəfiq dövlətlərə Suriyada kimyəvi silah tətbiqinə hərbi müdaxilə ilə cavab verilməsinə dair müzakirələr aparmasına gəldikdə, Samanta Pauer bildirib ki, bu münaqişənin hərbi yolla həllinin mövcud olduğu anlamına gəlmir. Səfir əlavə edib ki, ABŞ tərəfdarları ilə birlikdə Suriyanı danışıqlar masası arxasına əyləşdirməyə çalışır.