Rauf Arifoğlunun böyük yanlışı

Bu, “Azadlıq”-“Yeni Müsavat” davası deyil

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “El”, ACP və ALP-nin Milli Şuradan çıxarılamsı təklifinə bu qurumun üzvlərinin reaksiyasından narazı qalıb. R.Arifoğlu Milli Şura üzvlərinin “Azadlıq” qəzetində dərc olunan reaksiyasına “Yeni Müsavat”ın saytında cavab verib.
Lakin maraqlıdır ki, o, belə bir təklifin Milli Şuranı parçalamağa xidmət etdiyi və hətta bunun sifarişlə edildiyi haqda qurum üzvlərinin səsləndirdiyi fikirlərə münasibət bildirməkdənsə, “Azadlıq” qəzetini qınayıb və qərəzdə ittiham edib. Rauf bəy yazır: 

“Qərəzin də bir əndazəsi olar. Nədi-nədi, mən yazımaşam ki, Rəsulzadə-Elçibəy yolunda olanlar Heydər Əliyevlə yol başalayan 3 liderin (Rəsul Quliyev, Eldar Namazov, Lalə Şövkət) son günlər Milli Şuraya tətbiq etdikləri sabotaj və anti-təbliğat kampaniyasının qarşlığında onlarla vidalaşma qətiyyəti göstərməyə hazır olmalıdırlar. Rəsul Quliyev vahid namizəd haqqında “heç bir şansı yoxdur”, deyə bilər, EL Hərəkatı və ALP Cəmil Həsənlinin vahid namizəd kimi qatıldığl MŞ-nin ilk sessiyasını boykot edə bilər, cəmiyyətin və beynəlxalq təşkilatların diqqətini ortadakı narazılığa yönəldə bilər, EL liderlərindən biri “Mən Cəmil Həsənlini yox, İlqar Məmmədovu müdafiə edəcəm, hamını da buna çağırıram”, kimi bəyanat verə bilər; amma biz “bunları edənləri özünüzdən ayırmağa da qətiyyət göstərməniz lazım, əks halda problem daha da böyüyəcək”, yazanda, hədəf Rauf Arifoğlu olacaq? Niyə bu əməlləri töprədənlərdən sitat verilib, pislənilmir? Amma bütün devşirmələri danışdırıb, məni təhqir etdiriblər… Hazırda bütün münasibətlər seçkiyə qatılan vahid namizədə – Cəmil Həsənliyə olan münasibətlə tarazlanmalıdır. Seçki prezident seçkisidir –  parlament deyil ki, burada çoxluğun və partiyaların əhəmiyyəti olsun.  Bizdə qəzet olaraq onun yanında və dəstəyindəyik. Amma Rəsul Quliyev yox! Deyir “şansı yoxdir”. Biz Cəmil bəyə keyfiyyətli informasiaya dəstəyi veririk, EL hərəkatı onun vahid namizəd kimi ilk dəfə qatıldığı sessiyanı boykot edir, Şuşa restoranında alternativ toplantı çağırır və daxili qərar verir – “İlqar Məmmədovu dəstəkləyəcəyik”. Bu da səhərisi gün mətbuata çıxarılır. ALP də həmin gün sessiyanı boykot edir, qatılmır, mətbuata da məlumat ötürülür ki, buna səbəb iclasa sədrliyi Əli Kərimlinin etməsidir, Əvəz özü sədr olmaq istəyib… Biz də bunları qınayan yazı yazırıq ki, axı, belələri sizin nəyinizə lazım! Qarşınızda unikal şans açılmaqdadır. Bu şansı bu cür dedi-qodulara əzdirməyin.
Və bir köşə yazısına görə onun müəllifinin də siyasətçilərin hədəfinə çıxarılması ancaq “Azadlıq”a xas hərəkətdir. Onamı, yoxsa arxasındakı hörmətli dostumuzamı…”.

Sondan başlayaraq bildirək ki, “Azadlıq” qəzetinin arxasında onun kollektivi dayanır. Bizi R.Arifoğlunun nəzərdə tutduğu şəxslə bağlayan sadəcə, onun haqlı bildiyimiz siyasi mövqe və fəaliyyətini bölüşüb müdafiə etməmiz, bu fəaliyyətə verdiyimiz informasiya dəstəyi, ictimai-siyasi hadisələrə baxış yaxınlığımızdır. Yəqin xatırlatmağa ehtiyac yoxdur ki, “Azadlıq” bu ölkənin siyasi partiyalarından da əvvəl qurulmuş siyasi qəzetidir.
Eyni məntiqlə “Yeni Müsavat” qəzetinin arxasında onun səhifələrindən boy verən siyasi mövqe sahiblərinin dayandığını da iddia etmək olar…
Həmkarımız R.Arifoğlunun Milli Şuraya konkret təklifdən ibarət olan fikri isə diqqətimizi sadəcə bir köşə yazarının qeydləri kimi yox, demokratik düşərgənin başqa bir birliyinin – İctimai Palatanın rəhbərliyində təmsil olunan şəxsin mövqeyi kimi çəkdi. Yanılmışıqsa, üzr istəyirik.
Hörmətli həmkarımız ona cavab haqqı tanımadığımız qənaətinə gəlməkdə də tələsib. Biz onun öz təklifi ilə Milli Şuranı parçalamaq istəyinə xidmət etmədiyini necə əsaslandırdığını tirajlamaq niyyətindəyik.
Biz Milli Şuranın bütövlüyünün qorunmasında maraqlıyıq və Rauf bəyin o fikri ilə razıyıq ki, demokratik qüvvələr üçün yaranmış növbəti unikal şansı xırda dedi-qodulara qurban vermək olmaz. Əgər o da bu mövqeyində səmimidirsə, belə dedi-qoduları qəzetində tirajlamasının nə dərəcədə doğru olduğunu götür-qoy etsə məsləhətdir. Məsələn, “Yeni Müsavat”ın da tirajladığı belə dedi-qodulardan birinin – ALP-nin Milli Şuranın sessiyasına guya iclası AXCP sədri Əli Kərimli apardığı üçün qatılmadığının yalan olduğunu “Azadlıq” bir gün sonra öyərənib üzə çıxardı. Amma biz Milli Şura ilə bağlı bütün şaiyələrin arxasına düşməkdənsə, qurumun fəaliyyətini, indiki hakimiyyətə qarşı mövqeyini və təklif etdiyi alternativləri işıqlandırmağı üstün tuturuq. Bizə görə demokratik qüvvələrin şansının artmasına ictimaiyyəti bunlar barədə məlumatlandırmaqla kömək etmək mümkündür, bunun əksi ilə yox.
Və sonda onu təhqir etdirdiyimiz barədə R.Arifoğlunun iddiası barədə. Biz bunu özümüzə qarşı haqsız ittiham sayırıq. “Azadlıq” səhifələrində kiminsə təhqir olunmasına yol vermir və Rauf bəyi narazı salan məqalədə də hər hansı təhqiramiz ifadə yoxdur. Əgər belə bir niyyətimiz olsaydı, münasibətini öyrəndiyiklərimizin dediklərini qayçılamazdıq, tam dərc edərdik.
Hələlik bu qədər.

“Azadlıq”