İmza atdıq

Müxalifətin vahid namizədi Cəmil Həsənli üçün imzatoplama kampaniyası başa çatdı. Bu kampaniyada birbaşa iştirak edən şəxs kimi mühüm müşahidələrimi bölüşmək istəyirəm.

Birinci fakt ondan ibarətdir ki, Azərbaycan insanının müxalifətə sayğısı çox yüksək olaraq qalır. Insanlar illərin qara təbliğatına baxmayaraq, çiyinlərinə ağır yük götürən təbəqəni – müxalifəti ehtiramla qarşılayır.

Biz bunu heç tanımadığımız insanların qapısını döyərkən gördük. Cəmil Həsənli müxalifətin vahid namizədidir, onun üçün imza istəyirik deməyimiz kifayət edirdi ki, səmimi bir atmosfer yaransın, insanlarımız illərdir sinələrində düyünlənərək qalan problemlərdən danışsın.

Cəmil Həsənli müxalifətin namizədidir fikrinə bəzən belə suallarla qarşılıq gəlirdi: Bəs o birilər (yəni müxalifətin öncül simaları)? Elə ki eşidirdilər ki, müxalifət bir yerdə cəm olub, bu, ikiqat sevinc, fərəh yaradırdı.

Ikinci fakt budur ki, Ilham Əliyev xalq arasında tam etimadını itirib. Bir nəfər də bizlə mübahisə etməyə tapılmadı ki, desin rəhbərliyə Ilham Əliyev layiqdir. Ən yaxşı halda lap avamlar belə deyirdi: Bəs o ömürlük seçilməyib?

Imzatoplama kampaniyasında iştirak edərkən mən düşündüm, fələk azərbaycanlılara nə pislik etsə də, necə qəddarlıqla üzbəüz qoysa da, onlara bir unikal yaxşılıq edib.

Bu çox vacib yaxşılıqdı!

Nədir o? 

“Görəsən dünyaya insan niyə gəlib?”, “Bizim missiyamız nədir?”. Xülasə, bu qəbildən olan ağır sualların – filosofları, elm adamlarını yoran və cavabı çətin tapılan suallardan ötrü bizdə baş sındırmağa ehtiyac yoxdu.

Cavab sadə və hazırdı: Çağdaş dövr üçün azərbaycanlıların əsas məqsədi, həyat missiyası odlar yurdunda Əliyev adlı zülm, yalan və talan maşınının varlığına son qoymaqdır. Vəssalam!

***

Müxalifətin işi bu mənada çox rahatdır. Müxalifət səs problemini həll edib. Özünə hörmət edən heç bir seçici Ilham Əliyevə səs verməyəcək. Günün və qarşıdakı günlərin əsas sualı “o səslər necə qorunacaq”dır.

***

Imza vərəqlərini Imişlidə paylayarkən rayonun acıncaqlı görkəm və dolanışığından bəhs edən taksi sürücüsü dedi ki, bunun əsas səbəblərindən biri Heydər Əliyevin bu rayona nifrət etməsi olub…

Sonra bir hekayət danışdı; Heydər Əliyevin bu rayonu niyə sevməməsinə səbəb sayılan hekayəni.

Barmağımı dişlədim, yadıma saldım, axı aşağı-yuxarı eyni fikri başqa hekayətlərin fonunda bir çox rayonda eşitmişəm:

Məsələn, sabirabadlılar da deyir, Əliyevlər bu rayonu xoşlamır, ona görə rayon gözündən batır.

Saatlılılar da təxminən bir hekayə əsasında eyni şeyi deyir.

Bu sözü qaxlılardan da eşitmək olar.

Bahoo, heç şəkililəri demirsiz, onların da rəyinə görə, əliyevlər əzəldən Şəkiyə düşməndi.

Bu sözləri şamaxılılardan, qazaxlılardan, gəncəlilərdən, lənkəranlılardan da eşitmişəm.

O insanlar yanılmırlar. Sadəcə insanlar ümumiləşmə edə bilmirlər, onlar əliyevçi yarıtmaz idarə üsulundan zərərçəkmiş olduqların bilirlər və bunu deyirlər də. Sadəcə onlara elə gəlir ki, bu sistem tək onların rayonuna zülm edib, başqaları isə abadlıq içində yaşayır.

Vəziyyətsə hər yerdə eyni cür dözülməzdir və bu, birbaşa sistemin antimilli olmasına dəlalət edir.

***

Axşam tərəfi ruhani qardaşlardan biri ilə söhbət edirdim. Dedi ki, hacı Tale Bağırzadənin zindandan Cəmil Həsənliyə dəstək üçün yolladığı məktub dindarlar arasında tərəddüdü aradan qaldırdı, seçim etmək işini asanlaşdırdı.

Mən də dedim ki, Tale bəy qardaş olmağı ilə bərabər, həm də mayakdır.

Beləcə zarafata Yusifimiz Tale Bağırzadə üçün yeni ad quraşdırdıq: Hacı Mayak! 

Bütün yusiflərimizə azadlıq və təbəssüm diləyi ilə…