“Avronyus” kanalında Putinlə qonuşma yayımlanırdı. Qonu Suriya ilə bağlı gəlişmələrdi. Putin başında durduğu yarımdünya dövlətin – Rusiyanın baxışlarını ortaya qoyurdu. Olduqca çətinliklə, ağız-burnunu əyə-əyə. Mən hələ indiyədək Putinin belə çətinliklə danışdığını görməmişdim. Leksikon sarıdan sorunsuz olan, başqa çağlarda söz tapmaqda çətinlik çəkməyən Putin indi istədiyi sözü çox böyük çətinliklə tapıb dilinə gətirə bilirdi. Elə bu çətinlik üzündən də o, istər-istəməz ağız-burnunu əyişdirməli olurdu. Bu isə Rusiya dövlət başçısının necə çətin duruma düşdüyünün açıq görsənişlərindənidir.
Çətinlik nədədir? Çətinlik Putinin I Pyotrın yerişini yerimək istəyindədir. Çətinlik SSRI adlı çox böyük bir imperiyanın dağılmasından sonra belə, Rusiyanın hələ də böyük, ucu-bucağı olmayan Imperiya dövləti olaraq qalmasındadır. Daha doğrusu, çətinlik bu böyük, ucsuz-bucaqsız dövləti gərəyincə yönətə bilməyən Putinin SSRI sınırlarına qayıtma çabalarında bulunmasındadır. Rusiya dövləti qanunsuzluqdan dağılır, rüşvət-korrupsiya, oğurluq, soyğunçuluq Rusiyada baş alıb gedir. Karamzinin 19-cu yüzil Rusiyası üçün dediyi 21-ci yüzil Rusiyasında da aktualdır: “Rusiya bədbəxt ölkədir: Rusiyada oğurlayırlar”. Başqa cür desək, Rusiyanı oğurluq bürüyüb. Bu isə birbaşa yarıtmaz dövlət yönətimi ilə bağlı (Əliyevlər Azərbaycanında olduğu kimi) bir görsənişdir. Putin Rusiyanı çökürdən dövlət yönətimindəki əyər-əskikləri, yaramazlıqları, yarıtmazlıqları aradan qaldırmaq yerinə, çağı çoxdan keçmiş illüziyalara qapılaraq Rusiyanın sınırlarını genişləndirmə istəklərində bulunur. Bu istəklərin daha bir burulğanda batıb getməyi onun Suriya ilə bağlı soruların qarşısında söz tapmaqda çətinlik çəkərək ağız-burnunu əyişdirməsinə gətirib çıxarırdı.
Biz bir az qabaq Putini Bakıda qorxunc, Xəzərdə tayı olmayan armadası ilə birlikdə görmüşdük. Üstəlik, burada Putinin qarşılaşdığı dövlət əliyevçi Azərbaycan dövləti, bu dövlətin başçısı isə Rusiyanın çevriliş yolu ilə qabaqca atasını, sonra özünü hakimiyətə gətirdiyi, indi də Rusiya yardımından asılı olan Ilham Əliyev idi. Putin burada necə də inamlı, necə də aqressiv görünürdü. Özü də söz tapmaqda çətinlik çəkmədən, buna görə də ağız-burnunu əymədən axıcı bir dillə danışırdı. Bəlli olduğu kimi, onu Bakıya milyardlar bahasına, üstəlik, bir çox nəsnələrdən keçməklə, ölkəmizi hansısa itkilərə uğratmaqla gətirmişdilər. Bütün bunlardan başqa, onun qarşısındakı “məni bir beşilliyə də prezident seçdir” deyə, siyasi suverenlikdən belə, keçmək istəyində bulunan kimsə idi. Bütün bunlara görə onda Putin rus dilində Azərbaycan bülbülü kimi ötürdü! Olduqca “uğurlu neft-qaz strategiyalarının”, çoxillik antixalq siyasətlərinin sonucu olaraq Xalqdan bütünlüklə uzaqlaşaraq Rusiya kimi dövlətlərdən, Putin təki avtoritar dövlət başçılarından asılı duruma düşən balaca bir ölkənin gücsüz başçısı ilə danışmaqdan asan nə ola bilər?!
“Avronyus” başqa. Burada, sözsüz, səni Suriya ilə bağlı qorxudan sorular deyil, o soruların arxasında dayanan sorunlardır. “Ermənistan” Qafqazda Rusiyanın sonuncu forpostu olduğu kimi, Suriya da Ərəb dünyasında Rusiyanın sonuncu forpostudur. Suriya iki ildən bəri başlayan “Ərəb yazının” (“bahar” farscadır) uğurla başa çatacağı – çatdırılacağı ölkədir. Bununla Rusiyanın əli Ərəb ölkələrindən üzülmüş olur. Sonra gəlir Rusiyaya doğma Iran Islam Respublikası – Böyük Yaxın Doğu projesinin yaxın çağlarda gerçəkləşdirilməsi! Bu projenin içində Qafqaz sorununun çözülməsi – daha bir forpostun (“Ermənistan”), eləcə də əliyevçi doğma rejimlə birgə Azərbaycanın itirilməsi Putin Rusiyası üçün çox yaxın gələcəyin qorxulu gerçəyidir. Putin gözəl bilir: bizim sevib-sevməməyimizdən asılı olmayaraq ABŞ çağımızın qarşısıalınmaz supergücüdür…