Rəsulzadənin ucaltdığı bayrağa muzey tikən adamlar bayrağın müəllifini tarixdən silmək istəyirlər
Bugünlərdə dövlət başçısı Ilham Əliyev Saatlıda Bayraq Meydanının ərazisində yaradılan Bayraq Muzeyinin açılışında iştirak etdi. Verilən məlumata görə, ümumi sahəsi 124 kvadratmetr olan Bayraq Muzeyinin aypara şəkilli binası sərgi və iki köməkçi otaqdan ibarətdir.
Muzeyin “Azərbaycanın tarixi dövlətləri” adlı bölməsi Manna dövlətindən başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinədək olan dövrü əhatə edir. O biri bölmədə Dədə Qorqud, Aristotel, Şah Ismayıl Xətai, Şeyx Məhəmməd Xiyabani, Hüseyn Cavid və Mikayıl Müşfiqin dövlət, dövlətçilik, bayraq haqqında kəlamları yer alıb.
Rəsmi məlumatda o da göstərilirdi ki, papirus formasında açılmış 5 hissədən ibarət bölmədə Azərbaycanda mövcud olmuş tarixi dövlətlər və onların rəhbərləri, dünya mədəniyyətinin inkişafına töhfə vermiş, beynəlxalq miqyasda tanınan mədəniyyət və incəsənət xadimlərimiz, ziyalılarımız, Azərbaycan xanları, Xalq Cümhuriyyəti generallarının rəsmləri yer alıb.
Bütün bunlar rəsmi qəzetlərin və rəsmi təbliğatın yazıb-göstərdikləridir. Reallıqla isə ötən gün biz tanış olarkən fərqli mənzərəylə qarşılaşdıq. Birinci fakt ondan ibarətdir ki, muzaeyin açılışı olsa da, muzey hələ açıq deyil. Bir az absurd cümlə alındı, amma reallıq belədir. Muzeyin gözətçisi bizə bildirdi ki, muzeyə hələ işçilər təyin olunmadığından açılmır.
Ən rüsvayçı cəhət isə ondan ibarətdir ki, muzey bayrağa aid olsa da, muzeyi tikənlər Azərbaycanın üç rəngli bayrağını ərsəyə gətirən iki böyük şəxsiyyəti – Məhəmməd Əmin Rəsulzadə və Əli bəy Hüseynzadəni “unudub”.
Əlbəttə, burada unutqanlıqdan söhbət gedə bilməz. M.Ə.Rəsulzadəyə bu münasibət Əliyevlərin siyasi qərəzindən qaynaqlanır. Çox qəribədir ki, Rəsulzadənin ucaltdığı bayrağa muzey tikən adamlar bayrağın müəllifini tarixdən silmək istəyirlər. Tarix isə belə zarafatları heç vaxt bağışlamır.
Siyavuş