Müsavat gəncləri arasında nə baş verir?

Minval.az saytı döyülən əməkdaşlarına görə bəyanat yaydı

Gunxeber.com saytının yazdığına görə, ötən gün Müsavat partiyasının qərargahında dava düşüb. Iclasda bir müddət əvvəl Müsavat Gənclər Təşkilatına keçirilən seçkilərin nəticələrinin Müsavat Divanı tərəfindən ləğv olunması məsələsi müzakirə edilirmiş.

Qeyd edək ki, avqustun 25-də keçirilən seçkilərdə sədrliyə iki nəfərin namizədliyi irəli sürülmüşdü – Rauf Məmmədli və Cavid Hacıbəyli. Seçkinin nəticələrinə görə, C.Hacıbəyli 58 səslə 49 səs toplayan R.Məmmədliyə qalib gəlmişdi. Ancaq sentyabrın 3-də müsavat Divanı seçkilərdə texniki səhvlər olduğunu əsas gətirərək nəticələri ləğv edib. Bugünkü müzakirələr zamanı tərəflər arasında qızğın mübahisə baş verib və bu, sonradan davaya çevrilib.ÿ

Dava zamanı hətta Müsavat Gənclər Təşkilatının fəal üzvü, jurnalist Günel Rəhimli də döyülüb.

Bu hadisəylə bağlı Minval.az saytı bəyanat verib. Bəyanatda bildirilir: “Müsavat partiyasının qərargahında əməkdaşımız Günel Rəhimliyə fiziki zor tətbiq edilib. Əməkdaşımız mübahisəni sakitləşdirəmk və vəziyyəti normallaşdırmaq istəyib. Biz bunu jurnalistin təhqir olunması kimi qəbul edirik, üstəlik də qadına qarşı belə bir hərəkətin yolverilməz olduğunu düşünürük. Biz tələb edirik ki, günahkarlar üzr istəsin. Əgər yaxın vaxtlarda üzr istənilməsə, hüquq mühafizə orqanlarına müraciət edəcəyik”.

Deyilənlərə aydınlıq gətirmək üçün Günel Rəhimli ilə əlaqə saxladıq, ancaq Günel Rəhimli yazılanların ona aid olmadığını bildirdi: “Mən bu haqda danışmaq istəmirəm, heç bir saytın, qəzetin bu haqda yazmasını da istəmirəm. Yazılanlar cəfəngiyyatdır və mənə aidiyyəti yoxdur”.

Ilham Hüseyn