Kürdəmirdə azı bir kənd məktəbsiz qalıb

Rayon ictimaiyyəti «SOS» verir

Redaksiyamıza Kürdəmir rayon ziyalıları adından məktub gəlib. Məktubda bildirilir ki, onlar üzləşdikləri problemlə bağlı dövlət başçısı rayona gələndə şikayət etmək istəsələr də yerli icra hakimiyyəti buna imkan verməyib. Buna görə ictimaiyyət nümayəndələri qəzetimizə üz tutmalı olublar.

“Hazırda Kürdəmir rayonunun Cəyli kəmdində dövlət vəsaiti hesabına orta məktəb binası tikilir. Binanın builki tədris ilinin başlanğıcında istifadəyə veriləcəyi gözlənilir.

Sovet dönəmində Cəyli sovetliyi 5 kənddən ibarət idi. Bütün kəndlərin uşaqları Cəyli məktəbindən məzun olmuşdular. 

Hazırda problem keçmişdə bu sovetliyə daxil olan Ucarlı kəndinindir. Bu kənd kiçik kənddir. Cəyli kəndi ilə onun məsafəsi normal yolla 7 km-dir. Bu kəndin uşaqları həmişə Cəyli məktəbində oxuyublar. Kolxoz vaxtlarında məktəblilər avtobusla daşınırmış.

Avtobus şagirdləri iki növbədə aparıb gətirirmiş. Kolxoz dağılandan sonra bu kəndin uşaqları məktəbə getmirlər. Daha doğrusu, gedə bilmirlər. 7 km məsafəni gündə iki dəfə qət etmək hər uşağın işi deyil.

Məsələ burasındadır ki, böyük vəsait hesabına müasir məktəb tikilir, amma bir qrup nəzərə alınmır. Mümkündür ki, məktəb tikintisi ilə yanaşı bu məktəbə bir nəqliyyat vasitəsi də ayrılaydı ki, uşaqları məsafədən məktəbə gətirib apara bilsin. Əks halda bir kəndin uşaqları bu müasir dövrdə oxumayıb, nə işlə məşğul olacaqlar?

Buna Rayon icra Hakimiyyəti, Təhsil Nazirliyi və başqa müvafiq qurumlar aydınlıq gətirsəydi bir kəndin camaatı öz işlərini başa düşüərdilər”.

S.Novruz