Azərbaycanda “Bavab”lar inqilabı yetişib

Yaxud dözümün inqilabla sındırılan hədləri

 

“Ərəblər heç vaxt üsyan etməyəcəklər”. Bəlkə də 2-3 ay əvvəl siyasi, qeyri-siyasi ekspertlər bu mövzuda mübahisə etməyi belə artıq sayırdılar. Indi “Twitter” və”Facebook” elə gizli təşkilatlardır ki, onlar dünyanın düzümünü dəyişə biləcək masonlardan da “vahiməli”dirlər.

 

***

“Twitter”dən də güclü olan amillər var. Bunlarsız ərəb ölkələrində “rəngli” inqilab etmək mümkün deyildi. Məsələn, xalqların psixologiyası. Bəs, 2011-ci ilin əvvəlində hansı hadisə baş verib, ərəblər hansı psixoloji böhran keçirib ki,  daha dözə bilməyiblər? Əvvəllər fikirləşirdik ki, biz də dözümlü xalqıq, amma bizdən də dözümlülər var.
Bilmirəm, bu ərəblər bizi niyə meydanda tək qoymaq fikrinə düşdülər. Məşhur deyimi qiymətdən saldılar.

“Bavab” nə deməkdir?

Ərəb ölkələrində baş verən inqilablar, son 30-40 illik tarixlərində heç nə ilə fərəhlənməyən, fəxr edə bilməyən, sevinməyən insanların inqilabıdır. Insanlar bu psixoloji vəziyyətdə çox qorxuludurlar.
Bu adamlar bütün fəaliyyətləri ilə hakimiyyətə baş əyirlər, bir növ taleləri ilə barışırlar.
Məsələn, Misirdə, belə adamlara “bavab”lar deyirlər. “Bavab” ərəb dilində “milli peşə” deməkdir. Mənası “gözətçi”, “günü sayan” kimi tərcümə olunur. Yəni, bu adamın vəzifəsi səhərdən axşama kimi bir qapı önündə oturub, kimin bu qapıdan girdiyinə, kimin çıxdığına baxmaqdır. Misirdə olanlar yaxşı bilirlər, bu ölkədə hər qapı önündə beş-on gözətçi otururdu. Bu, işsizliklə mübarizənin bir forması idi, heç kimə lazım olmayan adamları işə götürməkdi və işverənlərə heç bir gəlir gətirmirdi. Bu gözətçiliyin heç bir mənası da yoxdur. Misirin 80 milyon əhalisinin neçə faizinin bavab işlədiyini yəqin ki, bir Allah bilirdi. Bəlkə də bu həyat tərzinə öyrənmiş bavablar heç vaxt üsyan etməzdilər. Bəlkə də diktatorlar üçün bədbəxtlik bu oldu: bavabların övladları dünyaya gəldi. Onlar artıq bavab da ola bilməyəcəklərini yəqin etdilər, çünki atalarını kiminsə darvazası önündən qovmayacaqdılar ki…
Ümidləri yalnız onunla ölmürdü ki, iş yerlərində öz ataları oturublar. Hakimiyyətin aşağıdan yuxarıya qədər öz bavabları vardı.
Hüsnü Mübarək 30 il Misirin prezidenti olmuşdu. Müəmmər Qəzzafi öz dili ilə desək, 42 ildir ki, Liviyada “ümummilli lider” işləyirdi. 40 yaşlı liviyalı ölkəsinin son 40 illik tarixində Qəzzafidən başqa heç kimi tanımır. O, başa düşür ki, nə onun, nə övladlarının, nə də nəvələrinin bu ölkədə heç bir perspektivi yoxdur. Çünki Qəzzafinin övladları belə nə qədər ki, kürsüdə ağlını itirməyib, çürüməyib, hakimiyyətə göz dikə bilməzlər.

Şəxsi uğurlarını dəfn etmiş vətəndaşın Vətəni olmur

Əgər insan vətənində şəxsi uğurları ilə öyünə bilmirsə, avtoritar rejim onu istəmədiyi halda, zorən öz ölkəsinin  mücərrəd, şəxsin həyatında görünməyən, hiss olunmayan uğurları ilə öyünməyə məcbur edir. Lakin gözətçi ərəb üçün, bu, bədbəxt bir baxışdı. Bu ümidlərini kiminsə qapısı ağzında basdırmış ərəblər fəxr edirlər ki, onların milləti nə vaxtsa fövqəlbəşər bir dövlətin parçası olub. Sonradan  yəhudilər, amerikanlar onun böyük dövlətini dağıdıblar, yerində böyük-kiçik dövlətciklər yaradıblar. Və bu  ölkələrinin qansız, alçaq, korrupsiyalaşmış rəhbərləri istəmirlər ki, böyük ərəb dövləti yenidən yaransın.

***

Çıxılmaz vəziyyətə düşən insanı ən qəddar, ən ciddi  fəlakətlər özündən çıxarmaya bilər. Amma bizdə olduğu kimi “Topxana”da bir ağacın qırılması “Azadlıq” meydanına milyonları toplayar. Bu an özgənin yaxın və aydın nümunəsi mühüm rol oynaya bilər.
Dörd il əvvəl Livanda klassik, rəngli inqilab baş verdi. Bu inqilabın ideoloqları gizlətmirdilər ki, Ukraynanın Maydan hərəkatından bəhrələnmişlər. Amma digər ərəb ölkələri bu inqilaba biganə yanaşdılar. Ona görə ki, livanlılar digər ərəblər üçün “Avropa ərəbləridir”. Düzdür, onlar ukraynalılardan yaxındılar, amma özləri kimi deyillər.
Burda ərəblərə yiyə kimi əl uzadan Türkiyənin addımından  inqilab səsi eşidilməsə də, baxışlarda öz izini qoydu. Türkiyənin baş naziri açıq-aşkar Israillə söyüşə çıxdı, “Azadlıq” donanmasına silah verdi. Türkiyənin cəsur addımı ərəblərdə ona qarşı xüsusi ehtiram yaratdı. Yüz illər ərəblər Osmanlı imperiyasının müstəmləkəsi olmuşdu.

***

Ərdoğanın Fələstinlə bağlı narahatlıq mesajı insanları dilə gətirdi: niyə Türkiyənin baş naziri Fələstinlə bağlı ərəb dövlətləri liderlərindən daha çox can yandırır? Bir məqam unudulmuşdu: Ərdoğan türk-müsəlman dünyasının rəmzi lideri olmaq istəyirdi, ancaq o düşünmədi ki, bununla Hüsnü Mübarəkin qəbrini qazdı. Siyasiləşmiş, artıq gözətçi olmaq istəməyən gənclər Qəzza bölgəsini Türkiyə baş nazirindən az qoruduğu üçün Mübarəkin yerinə utandılar. Bir də anladılar ki, heç də hər şey onlara təqdim olunan kimi deyil, türklər müqavimət göstərə bilirlərsə, onlar niyə kənarda qalsınlar. Düşündülər ki, kimisə pusmaq iş deyil, daha vacib şərtlər var: dünya xəritəsinə diktatorsuz ərəb ölkələri yazmaq.

***

Tunisdə gözlənilməyən və izah olunmayan inqilabı yaxşı təhsil almış işsizlər həyata keçirdi. Onlar da bizim çoxumuz kimi gələcəyini görmürdü. Amma tez və qətiyyətlə hər şeyi yerinə qoydular. Heç nəyə ümid bağlamayan milyonlarla insan anladı ki, bavab yalnız qapı arxasında oturmaq üçün yaranmayıb. O, yerindən dura, arxasına həsrətlə baxdığı qapıları qırıq-qırıq edə bilər.
Ərəb inqilabları nə qədər çəkəcək?! Bəlkə fasilələrlə getdi? MDB ölkələrində “rəngli inqilablar” Özbəkistan prezidenti ona qarşı çıxanları Əndicanda gülləbaran edəndən sonra səngidi. Ərəb diktatorlarından Qəzzafi onun yolunu tutdu. Bu yol ona kömək edərdi, əgər o, ətrafı insanları son 30-40 ildə millətin işığını, ümidini kəsməsəydilər.

“Bavab” rektorlara yazığım gəlir

Dünən bizi “gözətçi” kimi hakimiyyətin şaquli və üfüqi qapılarında saxlayan hakimiyyətə təpki göstərdik. Amma daha çox universitetlərin giriş və çıxış qapılarını bağlayan, tələbələri buraxmayan rektorlara yazığım gəldi. Çünki onlar da gözətçi olduqlarını sübut edilər.
Bəs bizi inqilaba, dəyişikliyə nə vadar edir?
Dözümün sonu çatır.

Surxay Hüseynli