Arif Alışanov Ziya Məmmədovdan pul tələb edir

AzTV-nin rəhbərilə nazir arasında voleybol qalmaqalı

Sentyabrın 6-da Almaniya və Isveçrədə voleybol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Azərbaycan millisi də bu mötəbər yarışa vəsiqə əldə edib.
Ancaq azarkeşlər bu oyunları canlı yayımla görə bilməyəcək. Belə ki, millimizin oyunları canlı yayımla translyasiya olunmayacaq. Çünki Azərbaycanın heç bir telekanalı bu mötəbər yarışı yayımlamaq istəməyib.
Bu məlumatı “Futbol+” qəzetinə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat katibi Zöhrab Gözəlbəyli verib.
Bəlli olub ki, Avropa çempionatının yayım hüququna sahib olmaq üçün 20 min avro tələb olunurmuş. Zöhrab Gözəlbəylinin bildirdiyinə görə, “Idman Azərbaycan” telekanalı yayım hüququna sahib olan şirkətlə danışıq aparıb. Amma telekanal tələb olunan pulun yarısını Voleybol Federasiyasından istəyib. Federasiya “Idman Azərbaycan”ın bu tələbi ilə razılaşmayınca telekanal Azərbaycan millisinin oyunlarını yayımlamaqdan imtina edib.
Virtualaz.org araşdırıb ki, “Idman Azərbaycan”a yayım məsələlərinin həlli üçün dövlət büdcəsindən hər il 1 milyon manat vəsait ayrılır. Ancaq telekanal rəhbərliyi bu vəsaiti Ispaniya, Ingiltərə, Italiya, Ukrayna kimi ölkələrin futbol çempionatlarının yayımlanmasına xərcləyir. Azərbaycan çempionatının oyunlarının yayımlanması üçün isə yerli klublardan pul tələb olunur. Növbəti belə tələb Voleybol Federasiyasına qarşı irəli sürülüb. Dövlət 1 milyon manat pul ayırırsa, 20 min avronu federasiya niyə ödəməlidir?
Voleybol Federasiyasının prezidenti nəqliyyat naziri Ziya Məmmədovdur. AVF-nin bütün maliyyə xərclərini nəqliyyat naziri çəkir. “Idman Azərbaycan”ın prezidenti isə Elsevər Dünyamalıyevdir. O, AzTV-nin rəhbəri Arif Alışanovun yaxın adamı hesab olunur. Beləliklə, ortaya çıxan məntiqi nəticə budur: A.Alışanov Z.Məmmədov qarşısında pul tələbi qoyub. Niyə? Bu suala müvafiq qurumlar və şəxslər cavab verməlidir.