ABŞ Senatı Suriya ilə bağlı qətnaməyə səs verdi

Avropa Birliyinin 7 ölkəsi Suriyaya hərbi müdaxiləni dəstəkləyir

ABŞ Konqresinin Yuxarı Palatasının beynəlxalq əlaqələr komitəsi Suriyada hərbi əməliyyatın keçirilməsinə icazə verən qətnaməyə səs verib. On senator qətnamə layihəsinin lehinə, yeddi nəfər isə əleyhinə səs verib. Senat tam tərkibdə sözügedən qətnamə layihəsini sentyabrın 9-dan sonra müzakirə edəcək.
ABŞ dövlət katibi Con Kerri bildirib ki, Amerikanın Suriyaya hərbi müdaxiləsi Rusiya ilə toqquşmaya gətirib çıxarmayacaq. Kerri Numayəndələr Palatasında çıxışı zamanı deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyaya görə müharibə etməyəcəklərini bəyan edib: “Rusiya prezidenti Vladimir Putin və Lavrov mənimlə söhbətlərdə bildiriblər ki, Suriya məsələsi ABŞ-la münaqişəyə gətirib çıxara biləcək məsələlə deyil”.

Rusiya Aralıq dənizinə gəmiləri niyə göndərib?

Bugünlərdə Rusiya Aralıq dənizinə hərbi gəmilər göndərib. Bu da Rusiyanın müharibəyə hazırlığı kimi qiymətləndirilir. Amma dünən Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Ivanov məsələyə aydınlıq gətirərək bildirib ki, Aralıq dənizinə hərbi gəmilərin göndərilməsi Suriyada olan Rusiya vətəndaşlarının mümkün evakuasiyası ilə əlaqədardır.
Xəbər verildiyi kimi, Rusiya parlamentinin bir qrup üzvü ABŞ-a səfər edir. Onların məqsədi həmkarlarını Suriyaya hərbi müdaxilə haqda verilə biləcək sanksiyadan çəkindirməkdir. CNN-in məlumatına görə, rusiyalı deputatların Konqresin Aşağı Palatasının sədri Con Beynerlə görüşmək istəyi baş tutmayıb.
“Nümayəndələr Palatasının sədri Rusiyanın ABŞ-dakı səfirliyinin görüşlə bağlı təklifini rədd edib”, – deyə Beynerin mətbuat katibi Maykl Stil CNN-ə bildirib.

“Fransa kimyəvi silahla bağlı kəşfiyyat məlumatlarını açıqladı”

Brüsseldəki diplomatik mənbədən “RIA Novosti”yə məlum olub ki, Fransadan başqa BMT Təhlükəsizlik Şurasının mandatı olmadan Suriyaya hərbi müdaxiləni Avropa Birliyinin altı ölkəsi dəstəkləyir. Bu ölkələr arasında Danimarka, Xorvatiya, Rumıniya, Yunanıstan, Latviya və Kipr var. Avropa Birliyi bəzi Qərb dövlətlərinin Suriyaya mümkün hərbi müdaxiləsilə bağlı mövqeyini yaxın günlərdə açıqlamalı olacaq. Sentyabrın 6-7-də Vilnüsdə Avropa Birliyinə daxil olan 28 ölkənin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçiriləcək.
Bu arada, Fransa hökuməti Suriyada kimyəvi silah tətbiqinə dair əldə etdiyi kəşfiyyat məlumatlarını ictimaiyyətə açıqlayıb.
APA-nın məlumatına görə, sənəddə fransız kəşfiyyatının mənbələri əsasında Suriyada kimyəvi silahla bağlı analiz öz əksini tapıb: “Suriyada dünyanın ən mühüm və operativ kimyəvi silah ehtiyatları saxlanılır, bu ehtiyatlar uzun müddət Fransa kəşfiyyatı və tərəfdaşları tərəfindən monitorinq edilib. Suriyada ümumilikdə 1000 ton kimyəvi maddə və kimyəvi prekursorlar, o cümlədən bir neçə yüz ton kükürd ipriti, zarin qazı və bir neçə ton zəhərli VX var”. Sənəddə bildirilir ki, Bəşər Əsəd rejimi Şərqi Qutada artıq kimyəvi silah tətbiq edib. Fransa kəşfiyyatı aprelin 29-da Saraqebdə və aprelin ortalarında Dəməşq yaxınlığındakı Cobar qəsəbəsində zarin qazının tətbiq olunmasını isbat edən bionümunələr və materiallara sahibdir. Fransa kəşfiyyatının analitikləri bildirir ki, avqustun 21-də Şərqi Qutada kimyə silah tətbiqi yalnız Əsəd rejiminin əmri ilə həyata keçirilə bilərdi və rejim izləri yox etmək üçün müfəttişləri bir neçə gün hadisə yerinə buraxmayıb: “Suriya müxalifəti kimyəvi maddələrdə istifadə edə bilməzdi. Çünki heç bir qruplaşmanın bu kimyəvi maddələrə, xüsusilə Şərqi Qutada tətbiq olunan miqdarda kimyəvi maddələrə çıxışı yoxdur”.

“Təhlükəsizlik Şurası dalana dirənib”

Dünən Sankt-Peterburqda öz işinə başlayan “G-20″ sammitində iqtisadi məsələlərlə yanaşı Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir. ”G-20″yə Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, Indoneziya, Italiya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR, Koreya Respublikası, Yaponiya və Avropa Ittifaqı daxildir. BMT Təhlükəsizlik Şurasının sədri, Avstraliyanın BMT yanında daimi nümayəndəsi Qeri Kuinlen Suriya böhranının nizamlanmasına ümidlərin “G-20″ sammitinə yönəldiyini bildirib: ”Təhlükəsizlik Şurasının həlledici üzvlərinin dalana dirəndiyi göz qabağındadır. Daimi üzvlər arasında müzakirələr heç bir nəticəyə səbəb olmayacaq. Qeyri-daimi üzvlərin əksəriyyəti yaranmış vəziyyətdən narahatdır və hesab edirlər ki, diplomatik səylər vasitəsilə vəziyyətdən çıxmaq lazımdır. Hazırda Təhlükəsizlik Şurasının Suriyaya dair rəsmi iclasını çağırmağın mənası yoxdur, çünki bu bir nəticə verməyəcək. Belə görünür ki, biz bu məsələni G-20 liderləri səviyyəsinə həll etməliyik. Təhlükəsizlik Şurası öz rolundan imtina etmir, ən azı hələlik imtina etmir, lakin geosiyasi baxımdan ümidlər “G-20″ sammitinə yönəlib. Danışıqların nəticələrini bir neçə gün daha gözləməyə çağırıram”.
ABŞ prezidenti Barak Obama da “G20″ sammitində iştirak etmək üçün Sankt-Peterburqa gəlib. Obamanın səfər proqramına Vladimir Putinlə görüş daxil deyil. Rusiya prezidentinin köməkçisi iki dövlət başçısının kuluarlarda söhbət edəcəyini istisna etməyib. Vladimir Putin sammitə ərəfəsində amerikalı həmkarı ilə silahların ixtisarı, dünya iqtisadiyyatı, Suriya, Şimali Koreya və Iran problemlərini müzakirə edəcəyini deyib. ”G20″ liderlərinin görüşü bu gün başa çatacaq.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu isə bildirib ki, münaqişə siyasi yolla nizamlanmalıdır: “Beynəlxalq birlik diqqətini Suriya münaqişəsinin siyasi nizamlanmasına cəlb etməlidir”.

Bjezinski Obamanı dəstəkləyir

Görkəmli politoloq Zbiqnev Bjezinski Obamanı Suriya məsələsində dəstəklədiyini bildirib. Rusiyanın Suriya məsələsi ilə bağlı mövqeyini şərh edən Bjezinski bildirib ki, ruslar öz qayğılarına qalmalıdırlar: “Qafqazda proseslər qaynayır. Böyük ehtimalla Yaxın Şərqdə böyük miqyaslı böhrandan sonra prseslər müsəlman əhalinin özünü narahat hiss etdiyi keçmiş sovet ölkələrinə də keçəcək”.
Iran Islam Inqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds qanadının komandanı, general Hacı Qasım Süleymani isə deyib ki, Iran Suriya rəhbərliyini və xalqını sonadək dəstəkləyəcək. Onun sözlərinə görə, ABŞ rəhbərliyi Misirdə demokratiya və Suriyada insan haqlarını bərqərar etmək niyyətində deyil, həmçinin Iranın nüvə proqramından da narahat olmur: “ABŞ-ın əsas məqsədi müqavimət oxunu qırmaqdır. Suriyaya hərbi müdaxilə məsələsində 7 ölkə ən ön sırada qərarlaşıb. Bunlar ABŞ, Böyük Britaniya, Fransa, Israil, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyədir”. Iranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi isə bildirib ki, ABŞ Suriya məsələsində yanlışlığa yol verir və mütləq zərər görəcək.