Saatlıda xalq üsyanı (FOTOLAR)

Yüzlərlə sakin rayon mərkəzinə yığıldı; icra başçısı olay yerinə gəldi

 

Son məlumata görə Saatlıda icra başçısı etiraza qalxan sakinlərlə birlikdə Nərimankənd kəndinə gedib. İcra başçısı sakinlərin tələblərini yerinə yetirə bilməyəcəyini nümayiş etdirərək, məsələ ilə əlaqədar “yuxarılara” məlumat verdiyini və Bakıdan nümayəndə gələcəyini deyib. Sakinlər icra başçısının dedikləri ilə qane olmayıblar və kəndin özündə aksiyanı davam etdirməyə başlayıblar. Sakinlər xəbərdarlıq ediblər ki, martın 20-nə qədər tələbləri yerinə yetirilməsə daha iri etiraz aksiyalarına başlayacaqlar.

 

***

Martın 12-də səhər saatlarında Saatlıda kütləvi etiraz aksiyası başlayıb. Aksiya rayonun mərkəzində Muğan Parkı deyilən meydanda keçirilib.

Etirazçıların tələbi ötən ilki Kür fəlakətində onlara dəyən zərərin ödənməsi üçün kompensasiyaların verilməsi olub. Aksiyada yüzlərlə rayon sakini iştirak edib. İştirakçılar əsasən Novruzlu, Nərimankənd, Dəllər, Musalı və bu kimi başqa Kür fəlakətinin dağıtdığı kəndlərin sakinləri olub.

Rayondan aldığımız bilgiyə görə, polis mitinqin qarşısını zorakılıqla almağa cəhd göstərsə də, aksiya baş tutub. Olay yerinə rayonun icra başçısı Siracəddin Cabbarov və onun birinci müavini İlham Quliyev də gəlib.

İcra başçısı etirazçılarla danışıqlara başlayıb. Etirazçılara təklif olunub ki, icra başçısı ilə birlikdə kəndlərə gedilsin və problemlər yerində araşdırılaraq tədbir görülsün. İcra başçısı sakinlərə bütün tələblərinin yerinə yetiriləcəyini vəd edib və rayon mərkəzində gərginlik yaratmamağa çağırıb.
Hazırda sakinlrəin icra başçısı ilə birlikdə rayon mərkəzinə yaxın kəndlərə səfərləri başlayıb.

Hadisələrin inkişafını təqdim edəcəyik.
Bizi izləyin.