Baş redaktorun “El”i, ACP-ni və ALP-ni Şuradan çıxarmaq təklifi etirazla qarşılandı
İcitmai Palatanın Koordinasiya Şurasının üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı yeni təzyiqlərə keçə biləcəyi ilə bağlı təhlil yazısı ilə çıxış edib. “Yeni Müsavat”ın saytında dərc olunan yazısında R.Arifoğlu qeyd edir ki, Ermənistanın Avrasiya İttifaqına daxil olması Rusiyanın rəsmi Bakı ilə münasibətlərində yaranmış yeni tarazlığı pozur və Kreml bundan sonra Azərbaycandan daha böyük güzəştlər istəmək üçün əlavə imkanlar əldə edir. Müəllifin fikrincə, bunun üçün
Putinin Əliyevə təzyiqləri yenidən güclənə bilər və belə bir şəraitdə Azərbaycanın demokrtik qüvvələri müəyyən addımlar atmalıdır. R.Arifoğlu hesab edir ki, Rusiya demokratik qüvvələrdən Əliyev hakimiyyətinə təzyiq vasitəsi kimi yaralanmaq istəyə bilər. Bu səpkili mülahizələrdən sonra baş redaktor demokratik qüvvələr – Milli Şura üçün konkret təklif irəli sürür: “İçəridə ilk gündən konflikt yaradan EL hərəkatı, ACP, ALP kimi (kənar güclərə birbaşa bağlı olan) qurumlarla çəkinmədən vidalaşa bilmək qətiyyəti olmalıdır”.
R.Arifoğlunun təklifinə adları çıkilən təşkilatların rəhbərlərinədn və Milli Şuranın başqa üzvlərindən münasibət öyrəndik:
“Ona Milli Şuranı dağıtmaq sifarişi veriblər”
ALP sədri Əvəz Temirxan hesab edir ki, R.Arifoğlunun yazdıqlarını ciddiyə almağa dəyməz. Yazıda irəli sürülən mülahizələrin reallıqla əlaqəsi yoxdur və müəllifin öz təxəyyülünün məhsuludur. «Bu şəxs hər şeyə aqressiv yanaşır, hamını şantaj edir. Bu şəxs vaxtı ilə öz partiya daşlarının yaxınlarına şər atmaqdan belə çəkinməyib. 2008-ci ildə «Yeni Müsavat» qəzeti Qərbin Azərbaycanda çevriliş etmək istədiyini yazırdı. O zaman Rauf Arifoğlu yazırdı ki, Qərb onun partiyadaşı Hikmət Hacızadənin oğlu Adnan Hacızadənin və Emin Millinin əli ilə çevriliş hazırlayır. Belə çıxır ki, beş il əvvəl Azərbaycanda çevrilişi Qərb, indi isə Rusiya hazırlayır. Bu adama əhəmiyyət vermək məntiqsizlikdir.
Bir məqamı da nəzərdən qaçırmaq olmaz. Çox güman ki, Rauf Arifoğlunun iqtidardakı dostları əsas rəqib saydıqları Milli Şuranı dağıtmaq üçün ona belə bir sifariş veriblər. Bu fərziyyə daha ağlabatandır», – deyə Ə.Temirxan vurğuladı.
“Bu, Milli Şuranı parçalamaq cəhdidir”
ACP sədri Sülhəddin Əkbər bildirdi ki, həmin yazı ilə bağlı geniş şərh verməyə ehtiyac yoxdur. «Ciddi addamlar Rauf Arifoğlunun yazılarına əhəmiyyət vermirlər. Hazırda hamının Milli Şuranın yeni bir mərhələyə qədəm qoyduğu və bu haqda düşündüyü bir məqamda bu tip yazıların işıq üzü görməsi təsadüfi deyil. Bu, açıq-aşkar Milli Şuranı parçalamaq cəhdindən, təxribatdan başqa bir şey deyil», – deyə o, qeyd etdi.
“Rauf Arifoğlu sifariş yerinə yetirir”
«El» Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev də hesab edir ki, həmin yazının məqsədi Milli Şuraya zərbə vurmaqdır: “Son zamanlar həmin qəzetdə gedən və manşetə çıxarılan yazılar göstərir ki, Rauf Arifoğlu bir sifariş yerinə yetirir. Bu da demokratik düşərgənin yenicə yaranan birliyinə – Milli Şuraya zərbə vurmaqdır. Bu sözü kimsə deməli idi və mən bunu edirəm. Rauf Arifoğlu illərdir ki, məharətlə əsl niyyətini gizlətməyə nail olur».
«Milli Şura sırf Azərbaycan layihəsidir»
Milli Şuranın Beynəlxalq Komissiyasının sədri Gültəkin Hacıbəyli bildirdi ki, Rauf Arifoğlunun yazısında razılaşdığı və razılaşmadığı məqamlar var. Milli Şuranı yenidən “Rusiya proyekti” kimi təqdim etməyin əleyhinə olan G.Hacıbəyli vurğuladı ki, bu qurum müxalifətin geniş koalisiyasıdır, orada sağ və sol təmayüllü qüvvələr təmsil olunurlar: «Geniş təmsilçiliyi olan koalisiyanın tərkibində Rusiyaya meylli qüvvələrin olması istisna deyil. Bunu təbii qəbul etmək lazımdır. Amma bütövlükdə Milli Şuranın strategiyası, əsas təməl prinsipləri heç bir xarici ölkə, xüsusilə də Rusiya ilə bağlı deyil. Milli Şura sırf Azərbaycan layihəsidir və Azərbaycanın avtoritarizmdən demokratiyaya keçidini təmin etmək üçün yaradılmış birlikdir. Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün Rusiyada vətəndaşlıqla bağlı problemin çözülmədiyi bir halda əminliklə demək olar ki, Milli Şura Azərbaycan layihəsidir».
G.Hacıbəyli hesab edir ki, Ermənistanın Avrasiya İttifaqına qoşulması Azərbaycan müxalifətinə həqiqətən də yeni imkanlar verir. Bu da ondan ibarətdir ki, Azərbaycan onun ərazilərini işğal edən bir dövlətlə eyni quruma daxil ola bilməz. Deməli, Azərbaycan hakimiyyətinin, Rusiyaya bir sıra revereanslar etsə də, gedə biləcəyi yeganə yol demokratiyanı, insan haqlarının aliliyini özünə prioritet elan etmiş Qərbə doğrudur.
«Xalqın gələcəyi üçün yaradılan birlik mütləq yaşamalıdır»
Hazırkı həsas məqamda bu cür yazıların dərc olunmasını yanlış sayan Milli Şuranın üzvü, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı vurğuladı ki, Milli Şuranı bu cür təhlil yazıları ilə dağıtmağa çalışmaq düzgün deyil. «Böyük əmək, səylər və gərgin fəaliyyət hesabına xalqın gələcəyi üçün yaradılan birlik mütləq yaşamalıdır», – deyə M.Qəhrəmanlı vurğuladı.
«Cəmiyyətin bütün spektrinin Milli Şurada təmsil olunması hakimiyyəti narahat edir»
Milli Şuranın üzvü, istiqlalçı deputat İbrahim İbrahimli isə hesab edir ki, Azərbaycan mətbuatında Rusiya faktoru kifayət qədər şişirdilir. Milli Şura yaranan gündən bu layihənin Kremlə məxsus olduğu haqda əsassız iddiaların irəli sürüldüyünü deyən İ.İbrahimli vurğuladı ki, əslində bu tezislər hakimiyyət daxilindən ortaya atılıb: «Milli Şura son iyirmi ildə müxalifətin ən uğurlu birliyidir. Bu birliyin cəmiyyət tərəfindən rəğbətlə qarşılanması, toplumun bütün spektrinin burada təmsil olunması təbii ki, hakimiyyəti narahat edir. Hakimiyyətin ötən müddət ərzində Milli Şuranı parçalamaq cəhdlərinin hamısı iflasa uğrayıb. Hakimiyyət elə təəssürat yaratmağa çalışırdı ki, Milli Şura Rüstəm İbrahimbəyovun üzərində qurulub. Amma hadisələrin gedişi göstərdi ki, Milli Şura milli birlik ideyasından doğub. Ona görə də Milli Şura ikinci dəfə də çox asanlıqla vahid namizədini müəyyənləşdirə bildi. İdeya üzərində qurulan birlik hər hansı bir xarici ölkənin proyekti sayıla bilməz. Baş verənlər göstərdi ki, bu, ən dayanıqlı və etimadlı birlikdir. Bu birlik nəinki seçkilərə, seçkilərdən sonrakı proseslərə də hesablanıb. Milli Şura Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidi təmin edənə qədər fəaliyyət göstərəcək».
Hikmət