Cəbhəçilərin işi Avropa Məhkəməsinə göndərildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Əbülfəz Qurbanlı, Dəyanət Babayev və Arzuman Məcidlinin şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Məlumatı “Media forum” saytına Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafayev verib.

AXCP üzvləri 2012-ci il martın 6-da Ədliyyə Nazirliyinin qarşısında paytaxt meriyası ilə razılaşdırılmamış etiraz aksiyası keçiriblər. Ruslan Mustafayev deyib ki, həmin piket əvvəldən planlaşdırılan aksiya olmayıb: “Qanunvericiliyə görə, əvvəlcədən planlaşdırılmayan aksiya haqda icra hakimiyyətinə müraciət tələb olunmur. Bundan başqa, polis aksiya iştirakçılarını həbs edəndə, polis idarəsinə aparanda və idarədə saxlandığı müddətdə onlara işgəncə verib, Əbülfəz Qurbanlıya elektriklə işgəncə veriblər, Dəyanət Babayevin burnu sındırılıb. Hətta Cabbar Savalanlı üçün təcili tibbi yardım çağırılıb. Əlimizdə bunu sübut edən fotolar var.

Bakı Şəhər İcra Hakimiyyətinin qərarının qanunsuz hesab olunması, polisin aksiyaya müdaxiləsinin qanunsuz sayılması, işgəncə faktının tanınması və dəymiş mənəvi ziyana görə kompensasiya ödənilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət etmişdik. Amma məhkəmə şikayəti təmin etmədi. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Məhkəmənin qərarını qüvvədə saxladı. 2013-cü il martın 13-də Ali Məhkəmə də şikayətimizi təmin etmədi. Hazırda Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmuşuq”.

Əbülfəz Qurbanlı, Dəyanət Babayev və Arzuman Məcidli Avropa Məhkəməsinə göndərilən ərizələrində sərbəst toplaşmaq, ifadə azadlığı, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması və işgəncəyə məruz qalmaları faktının tanınmasını, dəymiş maddi və mənəvi ziyana görə Azərbaycan dövlətinin onlara kompensasiya ödəməsini istəyiblər.