«İranla gediş-gəlişin sıxlığı bu məsələni diqqətdə saxlamağı tələb edir»
İranda tüğyan edən vəba xəstəliyinin Azərbaycana keçmə ehtimalına Səhiyyə Nazirliyi Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov aydınlıq gətirib. Ş.Qurbanov “lent.az”a bildirib ki, vəba xəstəliyi aşkar olunduğu yerdə sürətlə yayıla bilər: “Azərbaycan vətəndaşları əgər vəba xəstəliyi yayılan ərazilərə gedib-gəlirlərsə, onlar da həmin xəstəliyə yoluxa bilərlər”.
Direktor müavininin sözlərinə görə, Azərbaycanda vəba ocağı olmasa da, vaxtilə ölkəmizdə də bu cür xəstəlik qeydə alınıb: “Hər il mayın 1-dən noyabrın 1-dək, həftədə bir dəfə olmaqla, bütün açıq su mənbələrində və eyni zamanda, insanların məişətdə istifadə etdiyi suların mənbəyində müayinələr aparılır. Yəni, Azərbaycan ərazisində 112 nöqtədə müayinələr həyata keçirilir. Xaricdən ölkəmizə gələn şəxslər isə xəstəliklərlə bağlı gömrük-keçid məntəqələrində sorğudan keçir”.
Ş.Qurbanovun sözlərinə görə, son 30 ilin təcrübəsi göstərir ki, vəba əsasən su vasitəsilə yayılır. Içməli su problemi olan ölkələrdə insanlar bu xəstəliyə yoluxa bilirlər. Vəbaya tutulan şəxsin orqanizmi xeyli miqdarda maye itirir.
Qeyd edək ki, Iranın şərqində vəba xəstəliyi tüğyan edir.ÿHazırda 64 nəfər vəbaya yoluxub. Vəba xəstəliyi Əfqanıstandan ölkə ərazisinə daxil olub və əsasən də Irana qeyri-qanuni mühacirət etmiş şəxslər arasında yayılıb. Hələlik heç bir Iran vətəndaşı bu xəstəliyə yoluxmayıb. Vəba epidemiyası Iranın iki vilayətində – Sistan, Bəlucistan və Kirmanda nəzərə çarpır.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov vəfanın müxtəlif variantlarının olduğunu söyləyir. Ekspertin sözlərinə görə, vəbanın kəskin xəstəlik törədən variantları və az zərərli, yəni, elitor, kifayət qədər daşıyıcı variantları mövcuddur: “Bu xəstəliyin səbəbkarı sadəcə, müəyyən şəraitdə aktivləşmə prosesinə malik olan vibrionlardır. Vəbanı adətən bu vibrionlar törədir. Xəstəliyin yayılmasına isə su hövzələrində həmin vibrionların artması səbəb olur”.
R.Bağırov əlavə edir ki, xəstəlik Iranın müxtəlif ərazilərində yayılıbsa, təhlükə Azərbaycan üçün də qaçılmazdır. Çünki Irana çoxlu sayda azərbaycanlının gedib-gəldiyini nəzərə alsaq, onların sözügedən xəstəliyə yoluxmasını istisna etmək olmaz: “Orada hansısa vəfa xəstəsilə kontaktda olmaq digər insanların da yoluxmasına gətirib çıxara bilər. Iranla gediş-gəlişin sıxlığı bu məsələni diqqətdə saxlamağı tələb edir”.
Ekspert deyir ki, xəstəlikdən qorunmaq üçün sudan istifadədə, qidalanmada, şəxsi gigiyenada son dərəcə diqqətli olmaq lazımdır. Eləcə də insanlar sanitar qaydalara yetərincə əməl edəndə xəstəliyin müəyyən qədər qarşısını almaq mümkündür.
Nigar