Londonda Azərbaycana 2 qızıl , bir bürünc qazandıran baş məşqçi niyə istefaya göndərildi?
Güləş Federasiyası rəsmiləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Saypulla Absaidovu tutduğu vəzifədən kənarlaşdırıblar. Son London Olimpiadasında ölkəmizə 2 qızıl, 1 bürünc mükafat qazandıran məşqçiyə qarşı atılan bu addım istər-istəməz təəccüb doğurur. Adətən məşqçi uğursuzluğa görə tutduğu postdan uzaqlaşdırılır. Güləş Federasiyası rəsmilərinin belə bir əsas olmadan baş məşqçini vəzifəsindən azad etməsinin səbəbi haqda redaksiyamıza ilginc məlumatlar daxil olub.
İstər məşqçinin qazandığı uğurlar, istərsə də onun güləş dünyasının önəmli simalarından olması ona qarşı atılan bu addımın kökündə qeyri-idman məqsədlərinin dayanmasından xəbər verir.
Xatırladaq ki, Saypulla Absaidov idmançı kimi mümkün olan bütün uğurları qazanmış güləşçidir – Olimpiya, dünya və Avropa çempionudur.
Redaksiymıza Güləş Federasiyası rəsmiləri ilə milli komanda arasındakı konflikt haqda daxil olan məlumatlarla tanış olduqca heyrətə gəlməmək mümkün deyil. Bunu simvolik olaraq “güləş vergisi” də adlandırmaq olar. Nəzərinizə çatdıraq ki, bu Güləş Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur.
Bildiyimiz kimi, Dağıstandan ölkəmizə yüzə yaxın peşəkar və yeniyetmə güləşçilər gətirilib. Azərbaycanın güləş ölkəsi olduğunu nəzərə alaraq, atılan bu addımın gələcəkdə hansı fəsadlar verəcəyi, yerli və gəlmə idmançılara tətbiq edilən inanılmaz standartlar, saysız-hesabsız “lipa”lar haqqında gələn saylarımızda ətraflı söhbət açacağıq. Qayıdaq, baş məşqçinin istefaya göndərilməsinə.
Redaksiyamıza daxil olan məlumatlarda bunun birmənalı şəkildə federasiya rəsmiləri ilə güləşçilər arasında pul söhbəti ilə bağlı olduğu deyilir. Bildirlilr ki, güləşçi və məşqçilərin onların aldıqları pul və mükafatlardan öz “haqqını” (?) istəyən rəsmilərə rədd cavabı verməsi ikincilərin böyük narazıçılığına səbəb olub və nəticədə onlar Olimpiya tariximizin ən uğurlu məşqçisi ilə vidalaşmaq qərarına gəliblər. Qeyd edək ki, federasiya rəsmilərinin güləşçilərə gətirdikləri arqumentlər inanılmaz və hətta beynəlxalq skandala səbəb ola biləcək səviyyədədir. Biz bu iddiaları ciddi şəkildə araşdırdıqdan sonra oxuculara təqdim edəcəyik.
Keçmiş baş məşqçi Saypulla Absaidova gəldikdə isə o hal-hazırda Bakıdadır və sevimli peşəsindən, ən əsası Azərbaycandan ayrılmaq istəmədiyinin mesajlarını verir. Belə ki, o öz təşəbbüsü ilə kiçik yaş qrupları ilə məşqlər aparır.
Azad Akifoğlu