Generalın kobud rəftarı qəzəb doğurdu

Xəbər verildiyi kimi, sentyabrın 3-də Dənizkənarı Milli Park yaxınlığında yerləşən “Zabitlər evi”nin qarşısında bir qrup vətəndaş yolu bağlayaraq, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədovun maşınına hücum çəkiblər.

Onlar avtomobilin şüşələrini yumruqlayaraq, nazir müavini ilə görüş tələb ediblər. Lakin Çingiz Məmmədovu müşayiət edən zabitlər valideynlərin israrına məhəl qoymadan, sürücüyə avtomobili vətəndaşların üzərinə sürmək göstərişi veriblər. Nəticədə bir neçə nəfər müxtəlif bədən xəsarəti alıb.
Qeyd edək ki, Çingiz Məmmədov ilə görüş tələb edən valideynləri narahat edən məsələ onların övladlarının Ali Hərbi Məktəbə imtahansız qəbul edilməmələri ilə bağlıdır.
Müdafiə Nazirliyi artıq generala hücuma münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Zabitlər Evi”nin qarşısında bir qrup valideynin etiraz etməsinin səbəbi aydın deyil. Müdafiə Nazirliyi hesab edir ki, hansısa bir əsas olmadan bu cür vasitələrlə təsir göstərmək qəbul edilə bilməz.
Hər halda nazir müavininin avtomobilinin onun göstərişi olmadan vətəndaşların üzərinə sürülməsi inandırıcı görünmür. Elə təzyiqlə üzləşən valideynlər də eyni fikirdədir. Bu yerdə xatırlatmaq yerinə düşər ki, dövlət başçısı son çıxışlarında dəfələrlə məmurları vətəndaşlarla münasibətdə səlahiyyətlərini aşmamağa çağırıb. Belə hal baş verəcəyi təqdirdə isə onların cəzalandırılacağını deyib.
Ilham Əliyevin bu tip tapşırıqlarından sonra müdafiə naziri müavininin belə davranışı dövlət başçısına qarşı da saymamazlıq kimi qiymətləndirilə bilər. Ç.Məmmədovun belə davranışının cəzası necə olmalıdır?

«Bu fakt üzrə hökmən cinayət işi başlanılıb, Çingiz Məmmədovun məsuliyyətə cəlb olunması təmin edilməlidir»

Hüquqşünas Müzəffər Baxış vətəndaşların müdafiə naziri müavininin maşının qarşısını kəsməsini qanuni hal kimi qiymətləndirdi. Çünki Müdafiə Nazirliyi qapalı qurumdur və vətəndaşlar ora buraxılmır. Bu səbəbdən də vətəndaşlar imkandan istifadə edib “Zabitlər Evi”nin qarşısında Çingiz Məmmədovun maşınının qabağını kəsib ona etirazlarını bildirib: “Əgər nazir müavini maşını ilə hərəkət edən zaman vətəndaşlar onun qarşısını kəsib, onunla ünsiyyət qurmaq, öz şikayətlərini ona bildirmək istəyiblərsə, bu tam qanuni bir haldır. Çünki Müdafiə Nazirliyi qapalı qurumdur, insanları ora buraxmırlar. Nazir müavininin vəzifə borcu idi ki, maşından düşüb həmin vətəndaşları qəbul etsin, onların şikayətlərini dinləsin, bu şikayətlərə qanuni münasibət bildirsin. Əgər məsələ öz səlahiyyətinə aiddirsə, özü araşdırmalı idi. Yox, digər vəzifəli şəxslərin səlahiyyətinə aid məsələdirsə, bu barədə onlara göstərişlər verməli idi”.
Hüquqşünasın sözlərinə görə, əgər Çingiz Məmmədov maşını həmin vətəndaşların üzərinə sürdürürsə, bu artıq qəsdən törədilən cinayət əməlidir. Hadisə nəticəsində vətəndaşlara yüngül zərər dəyibsə, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 309.2-ci maddələri, az ağır xəsarətdirsə, 127 və 309.2-ci maddə, ağır xəsarət yetiribsə, əməl 126 və 309.2 maddələrlə tövsif olunmalıdır. Istintaq zamanı sürücüyə göstərişi Çingiz Məmmədovun verdiyi sübut olunsa, onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməlidir və o, həbs olunmalıdır. Bu da digər vəzifəli şəxslərə örnək olmalıdır. Çünki olduğu yerdən asılı olmayaraq vətəndaşları qəbul etmək, dinləmək və onların şikayətləri ilə bağlı qanuni tədbirlər görmək vəzfəli şəxsin borcudur. Amma bütün bunlara baxmayaraq Çingiz Məmmədov öz vəzifə səlahiyyətlərini aşaraq qanunsuz göstəriş verib və bunun nəticəsində vətəndaşlara xəsarət yetirilib: “Bu işlə bağlı kütləvi informasiya vasitələrində məlumat dərc olunubsa, dərhal Azərbaycan Respublikası Baş prokurorluğu, hərbi prokurorluğuna göstəriş verməlidir və bu fakt üzrə hökmən cinayət işi başlanılıb, Çingiz Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması təmin edilməlidir”.

«Bu şəxsin fəaliyyətinə müvafiq qurumlar qiymət verməlidir»

Millət vəkili Zahid Oruc bütün hallarda dövlət vəzifəsi daşıyan istənilən şəxsin digər insanların həyatına, sağlamlığına təhlükə törədə biləcək hərəkətlərini yolverilməz sayır: “Hər hansı bir mövqe sahibi olmaq heç bir halda başqa bir üstün məqamı özündə ehtiva etmir ki, sən kiməsə qarşı belə amiranə, hökmran addımlar atasan. Deyilən məsələlər doğrudursa, buna məhkəmə səviyyəsində qiymət verilməlidir. Bu şəxsin fəaliyyətinə müvafiq qurumlar qiymət verməlidir”.

Fizzə