“Hakimiyyətin reytinqi heç vaxt indiki qədər aşağı olmayıb”

«Uğurlu namizəd, uğurlu yol var, sadəcə, uğur naminə hamımızın birgə çalışması lazımdır»

Rəşid Hacılı: «Cəmil Həsənli hər zaman haqqın yanında olub və demokratik prosesi dəstəkləyib»

Seçkiyə az qalmış “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının Azərbaycanda insan haqları və demokratiyanın durumuna dair 100 səhifəlik hesabat yayımlaması ekspertlər tərəfindən birmənalı qiymətləndirilmədi. Bir çoxları bu hesabatı Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq birliyin bir “ittiham aktı” kimi də dəyərləndirirlər. Milli Şuranın üzvü, Media Hüquqları Institutunun direktoru Rəşid Hacılıya ilk sualımız da elə bu mövzuda – seçki ərəfəsində bu cür hesabatın ortaya çıxmasını necə qiymətləndirdiyi haqda oldu:

– Mən bu hesabata siyasi rəng verməyə tələsməzdim. “Human Rights Watch” siyasi təşkilat deyil. Bu təşkilat Azərbaycanda insan haqları sahəsində qabarıq görünən pozuntuları əks etdirir. Burada seçki öncəsi baş verən pozuntular, o cümlədən insanların qanunsuz olaraq həbsxanalarda saxlanması, işgəncəyə məruz qalması öz əksini tapıb və hər bir həbslə bağlı geniş arayış verilib. Bu hesabat dünya üçün olduqca əhəmiyyətlidir. Çünki “Human Rights Watch” təşkilatı beynəlxalq aləmdə tanınır və Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti öyrənmək istəyənlər üçün təşkilatın hesabatıyla tanış olmaq yetərlidir.
Hesabatda həbslərlə yanaşı, jurnalistlərə qarşı təzyiqlər, döyülmə, hədə-qorxu gəlmə, təhqir etmə, xuliqanlıq ittihamı ilə həbsə atma faktları da öz əksini tapıb. Sənəddə eyni zamanda, Xədicə Ismayıla qarşı yol verilən çirkin kampaniya, azad mətbuata qarşı dövlət məmurların qaldırdıqları iri məbləğli təzminat tələbli iddialar əsasında məhkəmələrin çıxardığı qərarların söz və ifadə azadlığını məhdudlaşdırdığı açıq-aydın qeyd olunur.
Başqa azadlıqlarla bağlı da xüsusi vurğu var. Toplantıların qadağan olunması, QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması, onlara qarşı yeni-yeni tələblərin irəli sürülməsi, onların qeydiyyata alınmaması sənəddə göstərilib. Yəni, ölkədəki acınacaqlı mənzərə tam formada əksini tapıb. Öz xalqına hörmət edən hər bir hakimiyyət üçün bu, normal sənəd sayıla bilər. Əslində, yaxşı hökumət irəli sürülən iradlardan nəticə çıxarıb ciddi tədbirlər görməli idi.

“Reallıqları işıqlandıranları hədəfə almaq ağıllı siyasət deyil”

– Hakim partiyanın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetində sizə qarşı müəyyən ittihamlarla çıxış edib. Siz xaricdən alınan qrantlar qarşılığında söz azadlığı mücahidləri siyahısına demokratik düşərgəyə aidiyyəti olmayan şəxslərin adlarını salmaqda ittiham olunursunuz…
– Kim söz azadlığına görə həbs olunur, təzyiqlərə məruz qalırsa, onlarla bağlı etiraz etmək bizim borcumuzdur. Biz bu etirazı xaricdən qrnat alaraq edirik və ya etmirik, əsas məsələ bu deyil. Hökumət də bu istiqamətdə bizə qrant verərdisə, biz fəaliyyətimizi o istiqamətdə də qurardıq. Xarici qrantlara gəlincə, bu vəsaitlər dünyada demokratiyanı dəstəkləmək üçün verilən qrantlardır. Bu qrantları ayıranlar isə Avropa Komissiyası, Avropa dövlətləri, Kanada, ABŞ-dır. Bu vəsaitlər demokratiya və insan hüquqlarını dəstəkləmək üçün ayrılan vəsaitlərdir. Bu hesabatlar bütün dünya boyunca yayılır. Bu imkanlardan istifadə etmək Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Əgər söhbət “Yeni Azərbaycan” və digər hakimiyyətə yaxın mətbu orqanlardan gedirsə, normal hökumət ona olan iradlardan nəticə çıxarar və onların aradan qaldırılması barədə düşünərdi. Ölkə reallıqlarını olduğu kimi işıqlandıran adamları hədəfə almaq ağıllı siyasət deyil.

“Ölkədə seçki mühiti çox pis vəziyyətdədir”

– Milli Şuranın imzatoplama kampaniyası yekunlaşmaq üzrədir. Bu kampaniyanın gedişində cəmiyyətin Milli Şuranın namizədinə olan rəğbəti açıq şəkildə göründü. Milli Şuranın namizədinin seçkilərdəki şanslarını necə dəyərləndirirsiniz?
– Cəmil Həsənlinin namizəd seçilməsilə bağlı məsələni xeyli əvvəl mətbuatda qaldırmışdım. Cəmil Həsənli çox ciddi nüfuzu olan şəxsdir. Onun parlamentdəki uzunmüddətli fəaliyyəti xalqın gözü qarşısında olub. Elə məsələ olmayıb ki, Cəmil Həsənli, hətta tək qaldığı hallarda belə, vicdanla, səbrlə, heç nədən çəkinmədən öz sözünü desin. Cəmil Həsənli eyni zamanda, tanınmış ziyalı və tarixçidir. O, hər zaman haqqın yanında olub və demokratik prosesi dəstəkləyib. Ona görə Cəmil bəyin imzatoplama kampaniyasının belə vüsət alması, dəstəklənməsi təbii haldır.
Ölkədə seçki mühiti çox pis vəziyyətdədir. Ona görə seçkinin normal şərtlərdə keçməsi üçün daha böyük səylərin göstərilməsi gərəkdir. Yalnız bu halda, xalqın dəstəklədiyi namizəd hakimiyyətə gələ bilər. Ona görə biz çox işləməliyik. Uğurlu namizəd, uğurlu yol var. Sadəcə, bu uğurlu yol uğrunda hamımızın birgə çalışması lazımdır.

“Azərbaycanda son 20 ildə normal seçki keçirilməyib”

– Seçki günü yaxınlaşdıqca hakimiyyət sovetsayağı sorğular keçirir və öz namizədinin 90 faiz səslə qalib gələcəyini bəyan edir. Bu addımlar seçki saxtakarlığından sonra elan olunacaq “rəsmi” rəqəmlərə bir zəmin hazırlamaq məqsədi daşıya bilərmi?
– Hakimiyyət təbii ki, hər zaman hər cür saxtakarlıq etməyə hazırdır. Bunu istisna etmək mümkün deyil. Əgər hakimiyyət bu cür saxtakarlıqları bütün seçkilərdə edibsə, bu seçkilərdə onun əlini rahat saxlayacağına inanmaq olmur. Azərbaycanda son 20 ildə normal seçki keçirilməyib. Bütün seçkiləri iqtidar saxtalaşdırıb. Indiyə qədər cəmiyyətə parlament və prezident seçkilərinin saxta nəticələri elan olunub. Bu çox pis tendensiyadır. Saxtalaşdırmanın qarşısını almaq ciddi iradə tələb edir. Hakimiyyətin sorğularına gəlincə, bunlar reallığı əks etdirmir. Istənilən adi insan ətrafında kimlərin hakimiyyətdən razı, kimlərin narazı olduğunu yaxşı bilir. Hazırda cəmiyyətdə hakimiyyətə yanaşma iqtidarın xeyrinə deyil. Hakimiyyətin reytinqi indiyə kimi bu qədər aşağı olmayıb, üstəlik, bu göstərici getdikcə də aşağı düşür. Əməkhaqlarına edilən cüzi artımlar insanlarda ikrah hissi doğurur. Qiymət artımı və sağa-sola xərclənən neft pulları, inflyasiya şəraitində verilən vədlər insanların böyük qəzəbinə səbəb olur. Ona görə də belə sorğular yanlış və mənasızdır.

“Hər kəs ən azı, iki həftə ərzində mübarizəyə qoşulmalıdır”

– Hazırda Milli Şuranın vahid namizədinin seçki kampaniyasının aparılması üçün seçki fonduna vəsaitin toplanması prosesinə start verilib. Bu prosesi necə qiymətləndirirsiniz?
– Hər bir şəxs bu seçki kampaniyasında maksimum dərəcədə iştirak etməlidir. Hər kəs digər işlərini kənara qoyub ən azı, iki həftə ərzində mübarizəyə qoşulmalıdır. Kim nəyi bacarırsa, o istiqamətdə addımlar atmalıdır. Bura qapı-qapı gəzməkdən tutmuş, namizədin təbliğinə qədər müxtəlif məsələlər daxildir. Mən də çalışacam ki, seçki kampaniyasında yaxından iştirak edim.
Seçki fonduna vəsaitin yığılması ideyası çox yaxşı yanaşmadır. Bu ideyanı mütləq gerçəkləşdirmək lazımdır. Çünki bu ideya cəmiyyətə demokratiyanın öyrədilməsinin bir vasitəsidir. Mən düşünürəm ki, insanların çoxu pul vermək istəsələr də, seçki kampaniyasının iştirakçısı kimi anonim qalmaq istəyirlər. Çünki hakimiyyət cəmiyyətdə bir xof mühiti yaradıb və bu mühit qalmaqdadır. Bu xof insanların açıq siyasi fəaliyyətdə iştirakının qarşısını alır. Əslində, bu kampaniya təkcə seçki üçün vəsaitin yığılması deyil, insanların seçki prosesinə cəlb edilməsinin bir vasitəsidir.

“Siyasi reklam kommersiya reklamından baha ola bilməz”

– ITV-də prezidentliyə namizədlər üçün ödənişli efirin vaxtı on dəqiqə üçün 30 min manat müəyyənləşdirilib. Bu məbləğ Azərbaycan reallığı üçün kifayət qədər böyük rəqəmdir. Sizcə, bu nə dərəcədə düzgün yanaşmadır?
– Istər Ictimai Televiziya, istərsə də özəl telekanallar üçün müəyyənləşdirilən siyasi reklamın dəyəri orta kommersiya reklamının məbləğindən yuxarı ola bilməz. Burada heç bir məntiq yoxdur ki, ümumi ictimai əhəmiyyəti olan məsələlərlə bağlı kampaniya üçün müəyyən olunmuş reklam məbləği adi orta kommersiya işləri üçün xərclənən məbləğdən yüksək olsun. Bu qərarı məhkəmə vasitəsilə, hətta ləğv etdirmək mümkündür. Bundan başqa, dövlətin maliyyələşdirdiyi  AzTV-də siyasi kampaniyada iştirak etməli və maliyyəsi aşağı siyasi reklamlara yer verməlidir. Vaxtilə seçki kampaniyalarında iştirak edən televiziyaların seçki kampaniyalarından kənarda qalması da şübhəsiz ki, siyasi tapşırıqdır. Burada məqsəd xalqı siyasi müzakilərdən maksimum kənarda saxlamaqdır. Bu, seçki probleminin başında duran əsas məsələdir.

“Azərbaycanda avtoritarizmin dərinləşməsi prosesi gedir”

– Seçki yaxınlaşdıqca hakimiyyət təmsilçilərinin, məmurların qanuna zidd addımları geniş vüsət alır. Məsələn, general Çingiz Məmmədovun şikayətçi vətəndaşları dinləməkdən imtina edərək, onların üzərinə şəxsi avtomobilini sürdüyü haqda məlumatlar var…
– Ölkədə uzun illərdir ki, avtoritarizmin daha da dərinləşməsi prosesi gedir. Avtoritarizm isə məmur özbaşınalığının, korrupsiyanın, qanun pozuntusunun geniş vüsət aldığı bir quruluşdur. Bu proses özü-özünü yeniləşdirən prosesdir. Bu prosesi ciddi siyasi islahatlar aparmadan geri qaytarmaq mümkün deyil. Ona görə hər hansı seçki zamanı avtoritarizmin yüyənini kimsə dartmağa çalışa bilər. Amma bu çıxış yolu deyil. Korrupsiya və özbaşınalıq üzərində qurulmuş sistemin əyləclərini uzun müddət saxlamaq olmur. Burada söhbət kiminsə fərdi özbaşınalığından getmir. Hakimiyyətdən narazılıq çox, məmur özbaşınalığı isə daha güclüdür.

“Milli Şuradakı böhran barədə deyilənlər şişirdilmiş məlumatlardır”

– Milli Şuraya qarşı hakimiyyət mətbuatının apardığı kampaniya zamanı tez-tez işlədilən tezislərdən biri də təşkilatın dağılmaq ərəfəsində olduğu haqdadır. Bəzən bu cür informasiyaların meydana gəlməsinə Milli Şuradakı kiçik narazılıqlar zəmin verir. Sizcə, hazırkı həssas məqamda hakimiyyətə əlavə bəhanə vermədən bu cür narazılıqların ön plana keçməsinin qarşısını almaq olmazmı?
– Milli Şuranın mayasında duran əsas prinsip konsensusdur. Bu da onu tələb edir ki, fikir ayrılığı olan məsələlərlə bağlı daim müzakirələr getsin, qarşılıqlı güzəştlər olsun və bu birgə fəaliyyət əsasında hədəflərimizə çata bilək. Ola bilər ki, prosesin müəyyən mərhələsində müəyyən fikir ayrılıqları yaranır. Təbii ki, bu prosesə qoşulmuş hər bir qrup, partiya xeyli dərəcədə dözümlü olmalıdır. Hər məsələni daxildə müzakirələr səviyyəsində həll etməlidir. Elə etməlidir ki, bu kənarda hər hansı fikir ayrılığı və ya parçalanma olduğu təəssüratını yaratmasın. Ona görə mən tamamilə razıyam ki, indiki mərhələdə bu şəkildə davranmaq düzgün deyil. Amma başqa bir məqam da odur ki, digər üzvlər də qarşılıqlı hörmət prinsipindən çıxış edərək silahdaşları ilə tez ünsiyyət qursunlar ki, hamı özünü təşkilatda tam hüquqlu qüvvə kimi aparsın. Milli Şuradakı böhran barədə deyilənlər şişirdilmiş məlumatlardır.

Xəyal