Bu qəribə, qəribə siyasət

Siyasətdə qəribə şeylər çox olur. Qatı mühafizəkar U.Çerçilin bəlkə də ağlına gəlməzdi ki, ikinci dünya müharibəsi zamanı nifrət etdiyi bir siyasi sistemlə – kommunist ölkəsilə bir cərgədə olacaq.

Bir müddət NATO-ya başçılıq etmiş ispan mənşəli siyasətçi X.Solana bir vaxt öz ölkəsinin bu bloka üzv olmasının əleyhinə çıxış etməsini çətin ki, izah edə bilərdi.

Bu günümüzdə də belə ziddiyyətli hadisələr baş verir. Indi hamı sentyabrın 9-nu gözləyir. Konqress bu tarixdən başlayaraq Suriyaya hərbi müdaxilə məsələsinə münasibətini bildirəcək.

Gözləyənlərdən biri də prezident B.Obamadır. O, siyasətin topunu Konqresin meydançasına atmağı bacardı. Indi də Konqressin nə cavab verəcəyini gözləyir.

“Mən axmaq, tələsik müharibənin əleyhinəyəm. Mənim Səddamla bağlı hansısa bir illüziyam yoxdur. O, hakimiyyətdə qalmaq üçün öz xalqına divan tutur. Amma o, ABŞ üçün birbaşa və qaçılmaz təhlükə deyildir”.

Sizcə bu sözlər kimindir? Tələsməyin. Onlar prezident B.Obamaya məxsusdur. O, bu sözləri 2002-ci ildə, Iraqa müdaxilə ərəfəsində deyib. O vaxt B.Obama Illinoys ştatının senatının üzvü idi.

Indi Obama özü Buşun vəziyyətinə düşüb. Bir çoxu onun məsələni Konqresə ötürməsini incə siyasi gediş hesab edir. Amma bir məsələ var ki, müharibə məsələsi bir qədər qəliz məsələdir, ona yalnız Konqres icazə verə bilər. 

O ki qaldı onun dediyi sözlərə, elə bununla bağlı da U.Çerçill çox gözəl deyib: “Siyasətçinin vəzifəsi nə baş verəcəyini demək, onlar baş verməyəndə isə bunun səbəblərini əsaslandırmaqdır”. 

Ona görə də Obamanı qınamayın. Hətta M.Qandi deyirdi ki, məni siyasətdə ardıcıllıq maraqlandırmır…

Amma düşünürük ki, indiki situasiyanın qəlizliyi tamam başqa məsələdədir. 

Məsələnin qəlizliyi ondadır ki, əsas ərəb ölkəsində – Misirdəki proseslər sözün əsl mənasında nonsenslə bitdi. Təxminən bir ildən sonra pis, yaxşı, hər halda seçki yolu ilə hakimiyyətə gəlmiş prezident M.Mursini hərbçilər devirdi, keçmiş diktator H.Mübarəki isə faktiki olaraq məsuliyyətdən tam azad etdilər. Bütün Qərb ölkələri də hərbi çevrilişin siyasi nəticilərini tanıdı. 

Indi həmin Qərb ölkələri Suriya müxalifətinə kömək üçün fondlar yaradır. 

Amma bir ildən sonra o müxalifət Qərbi Misirdəki kimi məyus etməyəcəkmi? 

Haradan əminlik var ki, Suriyadakı müxalifətin siyasətə baxışı, bölüşdüyü siyasi dəyərlər “müsəlman qardaşları”nkından fərqlənir? Belə bir əminlik varmı? 

Üstəlik, bir detalı da qeyd edək ki, gənc türk dövlətləri Türkiyəni necə yamsılamağa çalışırsa, ərəb ölkələri də Misiri elə yamsılayır. Misir ərəb ölkələri üçün həmişə beyin mərkəzi, yeniliklər ölkəsi olub.

Düşünürük ki, Suriya məsələsinin qəlizliyi bundadır. Dərindən baxanda görürsən ki, hətta Iraqın özündə də Qərbin siyasəti fiaskoya uğradı. Bununla bağlı dünyanın politoloqları həyəcan siqnalı çalırdı. Amma eşitmədilər. Nəticəsi nə oldu? Terrorun səviyyəsi artdı, ölkə demokratikləşmədi, əksinə, inciklik yarandı, çünki ərəblərin milli heysiyyatına toxunuldu, separatçı etnik kürd hərəkatının liderini Iraqa prezident qoydular.

Indi Suriya müxalifəti haqqında da heç bir dolğun təsəvvür yoxdur. Onları bir B.Əsəd tanıyır. Əsəd də deyir ki, bunlar terrorçulardır. Təbii ki, B.Əsədin sözlərinə inanmaq olmaz, çünki o, öz əməllərinin nəticələrinə görə beynəlxalq miqyaslı cani hesab edilməlidir. 

Amma Əsədin sözlərinə inanmamaq üçün də elə bir ciddi əsas yoxdur. Kim Suriya müxalifətini tanıyır? Bir ildən sonra həmin Qərb ölkələri həmin bu müxalifəti devirmiş hərbçiləri tanımayacaqmı?

Indi ötən təcrübə haqqında tək Türkiyə danışır. Qərblə müttəfiqlik edən yeganə ölkələrdəndir ki, Türkiyə Misirdə baş vermiş hərbi çevrilişi pisləyir. Misir müəyyən mənada Qərb üçün görk olmalıdır. 

Burada bir şeylə barışmaq lazımdır ki, bütün hallarda ərəb ölkələrində birdən-birə Qərb standartlarına cavab verən demokratiya qurula bilməz, ən azı ona görə ki, bu ölkələrin belə təcrübəsi yoxdur.

Qərəz, indi hər şey Konqresdən asılıdır. Təbii ki, Suriya ABŞ üçün rəqib deyil. Müharibə də çox tez bir zamanda, özü də ABŞ üçün minimal itkilərlə başa çatacaq. 

Amma sonrası necə olacaq? Suriyada normal bir siyasi sistem bərqərar olacaqmı? Bax, məsələ bundadır. Misirdə Qərb yönümlü hərbi elita var. Amma Suriyada hətta bu da yoxdur…