İlham Əliyevdən “seçki əfvi”

Fərhad Əliyev, Rafiq Əliyev və Əli Insanovun seçkiyə bir neçə gün qalmış azad ediləcəyi bildirilir

Azərbaycan hakimiyyəti seçki ərəfəsində beynəlxalq təşkilatların müsbət rəyini qazanmaq adı siyasi məhbus siyahısında olan bəzi şəxsləri əfv etmək niyyətindədir. Hakimiyyət daxilindən redaksiyamıza sızan məlumatda deyilir ki, seçkiyə qədər Ilham Əliyev bununla bağlı sərəncam imzalayacaq.
Bildirilir ki, əsasən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı Rafiq Əliyev, sabiq səhiyyə naziri Əli Insanov və hüquq müdafiəçisi Ilham Əmiraslanov əfv olunacaq. Yada salaq ki, Fərhad Əliyevlə Ilham Əmiraslanov seçkidə Ilham Əliyevi dəstəklədikləri barədə bəyanat yaymışdılar. Bildirilir ki, onların azad edilməsi də məhz bununla bağlıdır. Rafiq Əliyev də Fərhad Əliyevin məlum bəyanatına görə əfv siyahısına salınıb. Əli Insanova gəlincə, o, hakimiyyətin heç şərtlərini yerinə yetirməsə də, iqtidar onu azad etməyi məqsədəuyğun sayır. Çünki Avropa Məhkəməsinin Əli Insanovla bağlı qərarı var və gec-tez həmin qərar icra olunmalıdır. Yəni, onsuz da Əli Insanovu azadlığa buraxmaq məcburiyyətində olan hakimiyyət onun adını əfv siyahısına salmaqla “humanistliyini” nümayiş etdirmək istəyir.

Informasiya şöbəsi