Gənclərin aksiyasına böyük dəstək

Siyasilər və vətəndaş cəmiyyəti nümayəndələri polis zorakılığını kəskin şəkildə pislədi

 

Gənclərin 11 mart aksiyasına ölkənin ictimai-siyasi xadimlərindən, vətəndaş cəmiyyəti təmsilçilərindən böyük dəstək gəlib. Onlar aksiyaçıları dəstəkləməklə yanaşı, polis zorakılığını və həbsləri kəskin şəkildə pisləyiblər.

 

Əli Kərimli: “Bu uğurlu başlanğıc bütün cəmiyyəti silkələyəcək”


AXCP sədri Əli Kərimli hesab edir ki, bu aksiya Azəbaycan gənclərinin siyasi proseslərə müdaxiləsi, hakimiyyətə qarşı aksiyaların başlanması baxımından olduqca önəmli idi: “11 mart aksiyası Azərbaycanın müstəqil gənclərinin təşkil etdiyi aksiya idi. Bu aksiya gənclər tərəfindən təyin olunandan sonra ortaya bir sıra məsələlər çıxdı. Əvvəla məlum oldu ki, Azərbaycan hakimiyyəti özündən həddən artıq bədgümandır. Qorxu və panika içindədir. 11 mart aksiyasına hazırlıq hökumətin nə qədər qorxduğunu üzə çıxardı. Minlərlə polisin, daxili qoşunların və yarımhərbi birliklərin səfərbər olunması bir daha təsdiq etdi ki, bu iqtidar xalq tərəfindən dəstəklənmir. Özləri də başa düşürlər ki, Azərbaycan köklü dəyişikliklərin olacağı ölkələrin sırasındadır. Ona görə xalqın kütləvi etirazlara başlayacağını gözləyirlər. Bu aksiya həm də ona görə əlamətdar idi ki, nəhayət Azərbaycan cəmiyyətinin bütün təbəqələri bütün çarəni müxalifət partiyalarından gözləməyərək müstəqil şəkildə mübarizə aparmaq, dəyişikliklərə nail olmaq üçün hərəkətə keçdilər. Yüzlərlə gənc ən müxtəlif formalarda aksiya keçirdi. Azərbaycanda sülalə hakimiyyətinin mövcudluğundan, ədalətsizlikdən, hüquqsuzluqdan narazı olan yüzminlər – işsizlər, sürücülər, müəllimlər, fəhlələr, evi sökülənlər, məmur özbaşınalığı ilə üzləşənlər, dini etiqad azadlığı pozulanlar hamılıqla təşkilatlanmalı, öz haqları uğrunda mübarizəyə başlamalıdır. Regionlar fəallaşmalıdır. Başlanğıc gənclikdən gəlir. Amma bu estafetin cəmiyyətin müxtəlif təbəqələri tərəfindən davam etdirilməsinə ehtiyac var. Bu aksiya növbəti kütləvi etirazlara da zəmin yaradır və cəmiyyəti buna hazırlayır. Bu uğurlu başlanğıc bütün cəmiyyəti silkələyəcək”.   
Ə.Kərimli hesab edir ki, aksiyanın təşkilatçıları çox gözəl kampaniya aparıblar və internet məkanında da ictimai fikrə tam hakim ola biliblər: “Hələlik internetdə azadlıq var və hakimiyyətin ora təsir imkanları məhduddur. Məlum oldu ki, azadlıq olan yerdə Azərbaycan hakimiyyətinin iqtidar olmaq şansı heç yoxdur. Bu gün Azərbaycanın müstəqil düşüncəli gəncləri virtual məkanda tam mənəvi üstünlüyə malikdilər. Biz dünyadakı təcrübədən də görürük ki, internetdəki əhval-ruhiyyə real həyata da keçir. Ona görə bu gün gənclərin virtual aləmdəki qələbəsi gələcəkdəki real qələbəsinin anonsudur”.

Lalə Şövkət: “Bütün avtoritar rejimlər belə zəif olur”


Milli Birlik Hərəkatının lideri Lalə Şövkət hesab edir ki, 11 mart olayları rejimin gücsüzlüyünü bir daha ortaya qoyub: “Mən həmişə demişəm ki, bütün avtoritar rejimlər zəif olurlar. 11 martda baş verənlər də göstərdi ki, hakimiyyət bir neçə yüz gəncdən qorxaraq bütün Bakı küçələrini polislə doldurdu. Anlamırlar ki, repressiyalara əl atmaqdansa, Azərbaycanda olan ağır vəziyyəti düzəltmək lazımdır”.
L.Şövkət hakimiyyətin gənclərə qarşı repressiya siyasətini kəskin şəkildə pisləyərək həbsdə olan fəalların ən qısa zamanda azadlığa buraxılmasını tələb edir: “Gənclərin azad toplaşmaq, etiraz etmək kimi konstitusion hüquqları var. Onlar istədikləri vaxt ədalətsizliyə, məmur özbaşınalığına, korrupsiyaya, işsizliyə və s. problemlərə etiraz edə bilərlər. Gənclərə qarşı təqiblər, həbslər və zorakılıqlar yolverilməzdir. Mən hakimiyyətdən bu təzyiqləri dayandırmağı və həbsdə olan gəncləri qeyd-şərtsiz azad etməyi tələb edirəm”.

Müsavat gənclərə güc tətbiq edilməsini pisləyir

Müsavat Partiyası ölkə gənclərinin “11 mart-Böyük Xalq Günü” adı altında keçirdiyi aksiyaya güc tətbiq edilməsini pisləyən bəyanat yayıb. Bəyanatda aksiyanın əsas məqsədinin ölkədəki özbaşınalıqlara, korrupsiya və rüşvətxorluğa, demokratik dəyərlərin tapdanmasına, insan haqlarının pozulmasına etiraz olduğu bildirilir. Sənəddə 11 mart “Böyük Xalq Günü” və Müsavat Partiyasının 12 mart mitinqi ərəfəsində ölkədə bir sıra həbslərin olduğu qeyd edilib və  bu, sərbəst toplaşmaq azadlığının, demokratik azadlıqların, insan hüquqlarının pozulması kimi qiymətləndirilib. Müəlliflər hakimiyyətdən özbaşınalıqlara son qoymağı, həbs olunanların dərhal azad edilməsini, haqlarını tələb edən vətəndaşlara qarşı qeyri-qanuni hərəkət edən polislərin və buna göstəriş verən şəxslərin cəzalandırılmasını tələb edirlər. Ümid Partiyası da eyni məzmunlu bəyanatla çıxış edib.

Cəmil Həsənli: “Gəncləri həbs etməkdənsə onların nəyə etiraz etdiyini dinləmək lazımdır”


“Etirazçı gəncləri həbs etməkdənsə onların nə düşündüyünü, nə arzuladığını, nəyə etiraz etdiyini dinləmək lazımdır”. Professor Cəmil Həsənli “Media forum”a açıqlamasında belə deyib. Gənclərin 11 mart aksiyasına toxunan C.Həsənli  bildirib ki, onlar aksiyanı özünəməxsus formada keçirmək istəyiblər: “Bu, etiraz aksiyasıdır və gənclər bunun özünəməxsus formalarını tapıblar. Buna qarşı bir neçə gün əvvəldən hüquq-mühafizə orqanlarının repressiya hərəkətləri həyata keçirməsi tamamilə yolverilməzdir. Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, ardınca digər fəallar Rəşadət Axundov, Səxavət Soltanlı, Dəyanət Babayevin həbsi tamamilə qanunsuz xarakter daşıyır. Bu, insan haqlarına, vətəndaşların hüquqlarına kobud müdaxilədir. Mən polis orqanlarını belə qanunsuzluqlara yol verməməyə çağırıram və müxtəlif adlar altında həbs olunan gənclərin tezliklə azad olunacağına ümid edirəm”.
C.Həsənli deyir ki, YAP rəhbərliyinin bu gəncləri ermənilərlə əməkdaşlıqda, müxtəlif qüvvələrin təsiri altında olmaqda ittiham etməsi cəfəng yanaşmadır: “Əslində bu gənclərin böyük hissəsi internet məkanında ermənilərlə informasiya müharibəsi aparır. Onlar Azərbaycanın maraqlarını, mənafeyini hər yerdə qoruyan gənclərdir. Onlara bu formada qara yaxmaq yolverilməz və tamamilə əks effekt doğuracaq işdir. Vətənpərvər gənclərdir, dəyişiklik, yenilik, islahat istəyirlər və onları dinləyib arzuladıqları islahatları reallaşdırmaq lazımdır. Mən o gəncləri müdafiə edirəm və onların azadlığa çıxması üçün əlimdən gələni etməyə hazıram”.
C.Həsənli hesab edir ki, yalançı islahatlar, korrupsiyaya qarşı mübarizə görüntüsü gəncləri yolundan döndərə bilməz: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılmır. Bu sadəcə olaraq bir kampaniyadır, insanların başını qatmağa xidmət edir”.

Avropa İttifaqı gənclərin həbsindən narahatdır

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi gənc fəalların həbsi ilə bağlı bəyanat yayıb. Quruma üzv olan ölkələrin Bakıdakı səfirlikləri ilə razılaşdırılan bəyanatda deyilir ki, Avropa Ittifaqı ölkədə gənc fəalların həbsinin artmasından narahatdır: “Avropa Ittifaqının Bakı nümayəndəliyi demokratiya və insan hüquqları sahəsində baş verənləri yaxından izləyir. Bunlar siyasi sabitlik baxımından mühüm olub, Şərq Tərəfdaşlığının qurulduğu təməlin əsas elementləridir. Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyi bütün fundamental azadlıqlara, o cümlədən ifadə azadlığına və sərbəst toplaşma azadlığına böyük əhəmiyyət verdiyini təkrarlayır, Azərbaycanı fikir və baxışlarını dinc yolla ifadə edən vətəndaş cəmiyyəti üzvləri ilə açıq dialoqa çağırır”. Avropa Ittifaqının Bakı nümayəndəliyi Azərbaycanı gənc fəalların son zamanlar tutulması ilə bağlı bütün hallarda ədalətli mühakimə prosesini təmin etməyə, demokratiya və insan hüquqları sahəsində ATƏT-lə qurulmuş əməkdaşlığı dəstəkləməyə çağırır.

Dindarlar repressiv təqiblərə “yox!” deyir

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi (DEVAMM) də son dövrlərdə gənc fəalların təqibini pisləyən bəyanat yayıb. Müəlliflər gənc fəallara qarşı baş verən repressiv təqiblərdən narahatlığını bildirir, bu təqibləri qeyri-hüquqi və qeyri-qanuni adlandırır, gənclərin ictimai fəaliyyətini məhdudlaşdırmaq kampaniyasının tərkib hissəsi sayırlar. Sənəddə bu mənfi tendensiyanın Savalan Cabbarlı, Dəyanət Babayev və Bəxtiyar Hacıyev kimi tanınmış gənc fəalları əhatə etdiyi vurğulanır: “Təqib kampaniyasının ən mənfi xüsusiyyəti” gənclərə qarşı irəli sürülən qondarma ittihamlar, onların qanunsuz təzyiq və təqiblərə məruz qalmalarıdır. Gənc fəalların narkoman, xuliqan və s. kimi təqdim edilməsi sovet ideoloji maşınına xas yanaşma üsuludur”.

Vətəndaş cəmiyyəti də etiraz edir

Azərbaycanın vətəndaş cəmiyyəti fəalları gənclərin 11 mart aksiyasına polis müdaxiləsini pisləyən bəyanat yayıblar.
Müəlliflər gənclərin 11 mart aksiyasına polis müdaxiləsini, aksiya iştirakçılarının həbsini, aksiyaçıların və jurnalistlərin kimliyi bəlli olmayan mülki geyimli şəxslər tərəfindən döyülməsini və həbsini qətiyyətlə pislədiklərini bildirirlər. Vətəndaş cəmiyyəti fəalları rəsmi Bakıdan həbs edilənlərin təcili azad edilməsini, vətəndaşlara qarşı zorakılıq etmiş şəxslərin, habelə onları bu zorakılığa sövq edənlərin qanun çərçivəsində cəzalandırılmasını tələb edirlər. Onlar fundamental hüquq və azadlıqların məhdudlaşdırılmasını yolverilməz sayır, bu zəmində yaranan qarşıdurmaların nəticələrinə görə məsuliyyətin insan haqlarını kobud şəkildə pozan dövlət və hakimiyyət rəsmilərinin üzərinə düşəcəyini qeyd edirlər. Sənəddə bütün beynəlxalq təşkilatlar və demokratik ölkələr bu zorakılıq hərəkətlərini pisləməyə, Azərbaycanda başlanan demokratik prosesləri dəstəkləməyə çağırılır. Bəyanatı vətəndaş cəmiyyəti fəalları Ənnağı Hacıbəyli, Intiqam Əliyev, Leyla Yunus, Ilqar Ibrahimoğlu, Mehman Əliyev, Ərəstun Oruclu, Anar Məmmədli, Pərviz Həşimli, Səbuhi Qafarlı imzalayıblar.

Gültəkin