Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyası başa çatıb. Bu barədə Cəmil Həsənlinin Seçki Qərargahının AXCP-dən olan rəhbəri Həsən Kərimov məlumat verib.
Onun sözlərinə görə, imzalar qərargahda yoxlanıldıqdan sonra MSK-ya təqdim ediləcək. “Imzatoplama kampaniyası artıq yekunlaşıb. Yığılan bütün imzalar Bakıya gətirilir. 45 min imza toplanıb. Biz ekspert qrupu yaratmışıq. Onlar imzaları yoxlayandan sonra hardasa ayın 7-də MSK-ya təqdim olunacaq. Ən azı 44 mindən çox imzanı MSK-ya təqdim edəcəyik”, – deyə H.Kərimli bildirib.
Müsavat Pariyası başqanının müavini Gülağa Aslanlı bildirib ki, Seçki Qərargahına təqdim olunan imza vərəqələri ekspert qrupu tərəfindən bir-bir yoxlanılır. “Yəqin ki, bir günə də imzalar ekspertiza olunacaq. Sebtyabrın 7-ə kimi sənədləri verməyə hazır olacağıq”, – deyə o, əlavə edib
AXCP-nin də seçki mərkəzində işlər tam sürətlə davam edir. Partiyanın sədr müavini Gözəl Bayramlının sözlərinə görə, rayon təşkilatlarına paylanan imza vərəqələri artıq qərargaha təqdim olunub: “Imza vərəqələri tam təqdim olunandan sonra vərəqlərin yoxlanmasını həyata keçirəcəyik. Yəqin ki, ayın 5-i bütün imza vərəqlərini hazır vəziyyətdə namizədimizə təqdim edəcəyik”.