Qəzet eks-spikerin ittihamlarına nə cavab verdi?
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyev “Yeni Müsavat” qəzetində haqqında dərc olunan məlumata reaksiya verib.Modern.az saytına açıqlama göndərən R.Quliyev məlumatın həqiqətdən kənar, sifarişlə hazırlandığını deyib: “Bu günkü Azərbaycan mətbuatının bir hissəsi 19-cu əsrin axırı 20-ci əsrin birinci on ilində mövcud olan sarı mətbuat səviyyəsindədir. Üzeyir Hacıbəyovun ”Məşdibad 5 manat ver gedim filankəsin atasını qəzetdə yandırım” qanadlı frazası öz aktuallığını itirməyib, əksinə dahada böyük vüsət alıb.
Mətbuatda getmiş “kodun sirrinin açılması” yazısını əvvəldən axıra qədər oxuya bilmədim, ancaq bəzi yerlərinə göz gəzdirdim. Ilk ağlıma gələn bu primitiv yazıya heç bir münasibət bildirməmək oldu. Ancaq sonradan bu tip insanların lovğalanıb görürsünüz necə onu susdurdum deyəcəklərinə əvvəlcədən cavab vermək istədim…
…Obyektiv yazı yazmaq istəyən gərək danılmaz faktlara söykənə. Əks halda bu yazı ya sifarişlə yazılıb ya da qərəzlidir”.
“Yeni Müsavat”ın Rəsul Quliyevə cavabı gecikməyib. “Eks-spikerin açıqlamasından da görünür ki, xeyli yaşlaşmasına baxmayaraq o, hələ də pul və Məşədi Ibad haqqında çox düşünür. Yazılı açıqlamasında Məşədi Ibadı ”Məşdibad” yazan eks-spiker filmdəki “5 manat ver gedim filankəsin atasını qəzetdə yandırım” sitatını xatırladıb. Rəsul Quliyevin siyasətdə pula özünün dili ilə desək, “Məşədi Ibad” münasibəti olduğu barədə lətifələr danışılır ki, bunla işimiz yox. Amma Amerikada oturub çətin günlərində onun hüquqları üçün də çalışmış mübariz bir qəzeti sifarişlə işləməkdə günahlandırmaq yumşaq deyək, insafsızlıqdır. Zamanı yetişəndə Rəsul Quliyev bu həqiqəti daha yaxşı dərk edəcək”, deyə qəzet eks-spikerin ittihamlarını cavablandırıb.