11 və 12 mart aksiyaları polisi gücləndirmiş iş rejiminə keçməyə vadar edib
“11 Mart – Böyük Xalq Günü” və Müsavat partiyasının bu günə təyin etdiyi etiraz aksiyaları bölgələrdə də səs-küy yaradıb. “Azadlıq”a daxil olan məlumata görə, dünən səhər saatlarında polis əməkdaşları Müsavat partiyasının Xaçmaz rayon təşkilatının sədri Ramazan Əliyevi, onun qardaşı Fikrət Əliyevi və Müsavatın üzvü olan Eldar Çobanovu həbs ediblər. Əliyev qardaşları küçədə, sonuncu isə evində saxlanılıb.
Bundan başqa, rayon sakinləri Reyhan Aslanova və Qoca Dusiyevi də polislər saxlayıb. Adları çəkilən şəxslərin isə heç bir partiyanın üzvi olmadıqları bildirilir. Saxlanılanlar polis şöbəsinə aparılıb. Orada onları aksiyalarla bağlı sorğu-sual ediblər. Həmçinin aksiyalarda iştirak etməmələri üçün onlara xəbərdarlıq olunub və bundan sonra sərbəst buraxılıblar.
Xaçmaz sakinlərinin sözlərinə görə, artıq bir neçə gündür ki, Xaçmazda vəziyyət gərgindir. Rayonun giriş və çıxışı polis nəzarətindədir: “Polislər rayona daxil olan və çıxan avtomobilləri saxlatdırıb, sərnişinlərdən kim olduqları, hara getdiklərini soruşurlar. Polis küçədə gəzənlərlə də ciddi maraqlanır”.
“Azadlıq”a daxil olan məlumatlarda o da qeyd olunur ki, Daxili Qoşunların 200-dən artıq xüsusi təyinatlı əsgəri Xaçmaza gətirilib.
Gəncədə də vəziyyət sakit deyil. Ölkənin ikinci böyük şəhərində polis gücləndirilmiş iş rejimindədir. Şəhərin mərkəzi küçələrində hərəkət edən gəncləri sorğu-sual edirlər.
Analoji hal Sumqayıtda da yaşanıb. Şəhər sakinlərinin bildirdiyinə görə, mərkəzə yaxın ərazilər polislər tərəfindən nəzarətə götürülüb.
Ramin DEKO