Bulla-Dənizdə nə qədər pul yanır?

Xəzərin Azərbaycan sektorundakı Bulla-Dəniz qaz-kondensat yatağında avqustun 18-də başlayan yanğın hələ söndürülməyib. İqtisadçı ekspert Qubad İbadoğlu “Media forum”a deyib ki, yataqda hər gün yanan qazın miqdarı “Şahdəniz” yatağının gündəlik hasilatından çoxdur: “Bulla-Dəniz yatağında hər gün daxili qiymətlərlə 6 milyon manatlıq, dünya bazar qiymətləri ilə isə 16,5 milyon dollarlıq qaz yanır. Yanğın başlayandan ötən 15 gün ərzində zərər daxili qiymətlə 90 milyon manat, dünya bazar qiymətləri ilə isə 247.5 milyon dollara çatıb”.

Ekspert əlavə edib ki, dəyən zərər hər gün atdığı halda həm hasilata, həm də mühafizəyə məsul olan dövlət orqanları yanğının qarşısını almaqda acizlik göstərir: “Halbuki ötən bir neçə il ərzində təkcə Fövqəladə Hallar Nazirliyinə texniki potensialın gücləndirilməsi üçün 100 milyonlarla manat ayrılıb”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsininn rəhbəri Mirvari Qəhrəmanlı hesab edir ki, bu qəzaların baş vermə səbəbi peşəkar mütəxəssislərin işə cəlb edilməməməsi və xırda padşahların öz fikirlərini diktə etməsidir: “Sahil Qazma Idarə-Istehsalat üzrə rəis müavini Fariz Ağalı, Isgəndər Şirəlinin doğma bacısı oğludur. 1979-cu il təvəllüdlü olan bu şəxs bakalavr dərəcəsi alıb, ödənişli təhsil alıb, əvvəllər qazmada işləməyib, ancaq tərəqqi medalı alıb. Iskəndər Şirəli isə Kompleks Qazma Işləri Trestinin rəisidir. Sahil qazma işləri idarəsi isə bu trestin strukturuna daxildir. 90-cı platforma da Sahil qazma işləri trestinə aiddir. Qazma işlərinə, o cümlədən 90-cı platformaya cavabdeh istehsalat üzrə rəis müavini Fariz Ağalı cavabdehdir. Aşağıdaki rəy isə savadlı, sahə üzrə mütəxəsis olan bir insana məxsusdur. Hansı ki, yaxşı mütəxəsisdir, amma vəzifəli qohumu yoxdur”.
Qazma işləri üzrə peşəkar mütəxəssis öz rəyində bildirir:  “90 saylı quyu təsdiq olunmuş proqram(Geoloji Texniki Tapşırıq) əsasında layihə dərinliyinə qazılıb, amma sonra məlum olmayan səbəblərdən qazma işləri davam etdirilib. Bu hadisə son bir neçə ayda Sahil qazma idarəsində baş verən 2-ci böyük qəzadır. 1-ci ”Ümid” yatağında baş verib və qəza baş verən quyuda qəzanın nəticələrini aradan qaldırmaq mümkün olmadığından 2-ci lülənin qazılmasına qərar verilib ki, nəticədə milyonlarla manat ziyan dəyib. Hər iki qəza sırf insan faktoru ilə bağlıdır. Məndə olan məlumata görə, “Bulla-Dəniz” yatağında 22,86 və 88 saylı quyularda da müxtəlif vaxtlarda eyni hadisə baş verib. Belə çıxır ki, əvvəlki qəzalardan-yanğından nəticə çıxarılmayıb. 90 saylı quyuda qazma məhlulunun xüsusi çəkisi düzgün seçilməyib və quyuda təzahür baş verən zaman quyu ağzı avadanlıqda (preventor) sızıntı müşahidə olunub və nəticədə fontanın qarşısını almaq mümkün olmayıb. Ola bilsin ki, preventor həmin yataqdakı təzyiqə uyğun seçilməyib və ya quyuağzı avadnalıq quraşdırıldıqdan sonra gözlənilən lay təzyiqinə uyğun test edilməyib. ARDNŞ-nin vahid texniki qaydalarına görə, fontona qarşı quyuağzı avadanlıq quraşdırılmazdan qabaq passport təzyiqinə(stentdə), quraşdırıldıqdan sonra isə lay təzyiqinə uyğun test edilməlidir. Əgər testin nəticəsi yaxşıdırsa, bundan sonra ARDNŞ-nin Təhlükəsizlik idarəsinin Fontana qarşı rayon mühəndisinin xüsusi yazılı icazəsindən sonra qazma işlərinə başlanmalıdır. Bütün bunlar aktlarla təsdiq edilməli və təzyiq testinin qrafiki(pressure chart) aktına əlavə olunmalıdır”.

Ilham Hüseyn