“Ölkənin hər yerində mitinqlər keçirəcəyik”

«Azərbaycanın düşdüyü vəziyyətdən qurtuluş yolu bu hakimiyyətin dəyişməsindədir»

Asəf Quliyev: «Əhalinin Milli Şuraya olan münasibəti imzatoplama kampaniyasında özünü göstərdi»

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin imzatoplama kampaniyası uğurla start götürdüyü kimi, eyni uğurla da davam edir. Seçki qərargahından aldığımız məlumatlara görə, vətəndaşlar böyük məmnuniyyətlə Milli Şuranın namizədinə öz imzalarını verirlər. Bugünkü müsahibimiz AXCP sədrinin müavini, Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev hazırda partiyanın bütün resurslarının Milli Şuranın namizədinin imzatoplama kampaniyasına cəlb olunduğunu söylədi.

– Milli Şuraya daxil olan təşkilatların hamısı hazırda imzatoplama kampaniyasına cəlb olunub. Əsas diqqəti və gücümüzü bu istiqamətə yönəltmişik. AXCP olaraq əyalətlərdə imzatoplamanı, demək olar, artıq yekunlaşdırmışıq. Imzatoplama kampaniyası zamanı əhalinin xoş rəftarı ilə üzləşdik. Böyük məmnuniyyətlə Milli Şuranın namizədinə səslər verildi. Hətta bir çox yerlərdə Milli Şuranın namizədi üçün toplanılan vərəqələrin az olmasından şikayətlənirdilər. Əhalinin Milli Şuraya olan münasibəti imzatoplama kampaniyasında özünü göstərdi.

“Kütləvi görüşlərə üstünlük verəcəyik”

– Asəf bəy, Milli Şuranın daha bir önəmli tədbiri imzatoplama kampaniyası başa çatdıqdan sonraya təsadüf edir. Milli Şuranın senytabrın 15-nə planlaşdırılan aksiyası ilə bağlı hansı xəbərlər var? Hazırlıq prosesinə nə zaman start veriləcək?
– Hazırda əsas diqqət imzatoplama kampaniyasına yönəlib. Bu kampaniya başa çatdıqdan sonra təbliğat kampaniyası ilə bağlı Milli Şuranın atacağı addımlar gündəmə gələcəkdir. Televiziyalar hakimiyyətin əlində olduğuna görə biz onlardan istifadə edə bilmirik. Ona görə təbliğat kampaniyasının aparılmasında bir neçə qəzet və saytdan başqa resursumuz yoxdur. Təbliğat kampaniyasında Milli Şura birbaşa xalqla ünsiyyətə üstünlük verəcək. Bizim seçki kampaniyası zamanı gündəliyimizdə əsasən kütləvi görüşlərin keçirilməsi duracaq. Milli Şuranın ilk mitinqi sentyabrın 15-dən tez olmayacaq. Daha sonra ardıcıl olaraq seçkiyə qədər mitinqlər davam edəcəkdir. Hazırda mitinqə hazırlıq işləri davam etdirilir. Eyni zamanda Milli Şuranın hansı rayonda mitinq keçirə biləcəyi, hansı rayonda isə qapalı toplantıya üstünlük veriləcəyi müəyyənləşdirilir. Hazırda həm Bakıda, həm də rayonlarda bu istiqamətdə hazırlıq prosesi gedir. Imzatoplama kampaniyası bitdikdən sonra mitinq hazırlığı gündəmin əsas məsələsi olacaq.

– Etiraf edək ki, müəyyən səbəblərdən Milli Şuranın son aksiyası zəif keçdi. Daha sonrakı aksiyalardan gözləntiniz nədir?
– Bəziləri aksiyaların izdihamlı olmamasına görə müxalifəti günahlandırır. Amma cəmiyyətdə hazırda böyük narazılıq və gözləntilər var. Hazırda müxalifət son iyirmi ildə nail olmayan birliyi reallaşdırıb. Milli Şurada cəmiyyətin hakimiyyətə müxalif olan bütün spektrı təmsil olunub. Ilk dəfə olaraq hakimiyyətə qarşı irəli sürülən namizəd partiyaların liderləri yox, bir ziyalıdır. Bu isə cəmiyyətin istəyinin reallaşmasıdır. Partiyalar artıq cəmiyyətə o mesajı verib ki, onlar toplumun istəklərinə uyğun hərəkət edirlər. Artıq növbə cəmiyyətin öz istəklərinə görə mübarizəyə qalxmasındadır. Cəmiyyət öz istəklərinə uyğun hərəkət etməlidir. Hər bir vətəndaş öz taleyi barədə düşünməlidir. Azərbaycanda dəyişiklikləri istəyən hər bir kəs baş verənlərə biganə qalmayaraq Milli Şuranı dəstəkləməlidir. Azərbaycanın düşdüyü vəziyyətdən qurtuluş yolu bu hakimiyyətin dəyişməsindədir. Əgər bundan əvvəlki mitinqə Milli Şuranın sədri Rüstəm Ibrahimbəyovun ona yaradılan seçki maneələri üzündən ölkəyə gələ bilməməsi təsir göstərmişdisə, hazırda qeyri-müəyyənlik aradan qalxıb. Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi cəmiyyətdə yenidən ümidləri oyadıb. Ona görə düşünürəm ki, qarşıdan gələn aksiya daha izdihamlı alınacaq.

“Əyalətlər demokratik qüvvələrə dəstək verir”

– MSK-da qeydiyyatdan keçmiş namizədlərin sayı 21-ə çatıb. Maraqlı bir məqam üzə çıxır. Bu namizədlərin qanunvericiliyə uyğun olaraq namizədliklərinin qeydiyyatı üçün MSK-ya təqdim etməli olduğu imzaların sayının 40 min olduğu nəzərə alınarsa, namizədlər üst-üstə bir milyon imza təqdim etməlidir. Bu isə o deməkdir ki, ölkə üzrə hər iki qapıdan biri döyülməli idi. Amma Milli Şuranın namizədi Cəmil Həsənli istisna olmaqla digər namizədlərlə bağlı biz bu tendensiyanı müşahidə etmirik…
– Biz rayonlarda bu tendensiyanın şahidi olmuşuq. Seçki Qərargahına hakimiyyətin imzatoplama kampaniyası barədə kifayət qədər məlumatlar daxil olur. Mənzil Istismar Sahələrinin rəisləri vasitəsilə insanlardan şəxsiyyət vəsiqələrinin yığılması halı geniş yayılıb. Hətta belə hallar da olub ki, imzaların biri bir manatdan pul ilə alınır. Ümumiyyətlə, bir-iki namizəddən başqa imzatoplama potensialı olan namizəd yoxdur. Onlar nəinki 45 min, heç on min də imza yığa bilməzlər. Burada məqsəd başqadır. Hakimiyyət xeyli sayda namizədi irəli sürməklə seçkidə eyni zamanda bir qarmaqarışıqlıq salmaq istəyir. Digər tərəfdən, bütün dünyaya sübut olunmağa çalışılır ki, Azərbaycanda demokratik seçki mühiti var. Ictimai televiziyada namizədlər üçün nəzərdə tutulan ödənişsiz efir vaxtının da bölüşdürülməsində müxalifət namizədinə az zamanın düşməsi naminə də çoxsaylı namizədlərdən istifadə olunur. Əgər bu adamların öz vicdanlarına buraxılsaydı, onlar heç öz namizədliklərini verməzdilər.

– Hakimiyyətin xətti ilə irəli sürülən namizədlər əgər seçkilərdə sona qədər iştirak edəcəklərsə, onlara formal olsa belə müəyyən səs faizi yazılmalıdır. Belə olan halda bu səs faizi kimin elektoratından çıxacaq? Hakimiyyətin, yoxsa müxalifətin?
– Əslində bu elektoratı hakimiyyətin dəstəkverən qüvvəsi də saymaq olmaz. Hakimiyyət və onun tərəfdarları üçün imzatoplayan resurslar hamısı dövlət strukturlarıdır. Müəllimlərin, həkimlərin şəxsiyyət vəsiqələri əvvəlcədən yığılır və onların adlarından imza vərəqələrinə qol çəkilir. Bu insanların böyük əksəriyyəti büdcədən maliyyələşən təşkilatarda çalışdıqlarına görə, açıq formada etirazlarını sərgiləmirlər. Amma onların əksəriyyəti ikili danışıqlarda müxalifətin namizədinə səs verəcəklərini söyləyirlər.

“Əsas yük demokratik qüvvələrin çiyninə düşür”

– Əyalətlərdə partiya fəalları ilü keçirilən çoxsaylı görüşlərdə iştirak etmisiniz. Bu görüşlərə sıravi vətəndaşların da marağı böyük olub. Cəmiyyətdə seçki ərəfəsində əhval-ruhiyyə necədir? Toplum dəyişikliklərin baş verməsi üçün iddialıdırmı?
– Seçkini cəmiyyətdə aktivlik yaradaraq qazanmaq olar. Siyasi partiyalar cəmiyyətdə aktivlik yaratmalı insanları öz hüquqları uğrunda mübarizəyə səfərbər etməlidirlər. Əgər heç kəs hüququnu tələb etməyəcəksə, evində oturacaqsa, heç bir nəticə olmayacaq. Cəmiyyətin içərisində dəyişikliklə bağlı böyük istək var. Sadəcə olaraq cəmiyyət hazırda proseslərdən kənarda qoyulub. Bu halda müxalifətin əsas vəzifəsi insanların fəallığını artırmaqdır. Əslində 21 nəfərə yaxın şəxsin namizəd kimi qeydiyyatdan keçməsi cəmiyyətdə seçki ilə bağlı müəyyən təsəvvürlər yaradır. Insanlar anlayır ki, Azərbaycan cəmiyyətində proseslər artıq siyasiləşib. Cəmiyyət irəli sürülən namizədlərin kimiliyini və kimə xidmət etdiyini yaxşı anlayır. Yaranmış situasiyada müxalifətin boynuna böyük yük düşür. Hakimiyyət hazırda xalqın aktivləşməsində maraqlı deyil. Çünki iqtidar gözəl bilir ki, cəmiyyət aktivləşərsə, cüzi demokratik şəraitdə belə xalq bunlara “yox” deyəcək. Ona görə müxalifət seçki gününə qədər paytaxtda və rayonlarda kütləvi aksiyaların keçirilməsini təşkil etməlidir. Insanlarla birbaşa ünsiyyətə böyük ehtiyac var. Xalqı aktivləşdirmək lazımdır ki, taleyinə biganə qalmayaraq baş verənlərə reaksiya göstərsin.

– Hakimiyyət bir qayda olaraq təbliğatında on minlərin onu dəstəklədiyini iddia edir. Amma dövlət başçısının əyalətlərə səfərləri zamanı o, geniş ictimaiyyət qarşısında deyil, maksimum 25-30 nəfərin önündə çıxışlar edir. Bu çəkingənlik nədən irəli gəlir?
– Ilham Əliyevin rayonlara səfəri zamanı icra başçıları əhalinin onunla görüşlərinin qarşısını alırlar. Burada da məqsəd ciddi sosial problemlərin əhalini narahat etməsidir. Hakimiyyət insanların etirazlarını bildirməsini istəmir. Ona görə dövlət başçısı ilə görüşlərdə yalnız öyrədilmiş adamlar iştirak edir. Yerli icra başçıları yalnız əvvəlcədən müəyyənləşdirilmiş siyahılar üzrə insanları Ilham Əliyevlə görüşə buraxırlar. Hətta başqa rayondan gətirilən insanlar belə bəzən bu siyahıya salınır.

“Hakimiyyətin çevriliş şousu nəticə verməyəcək”

– 2005-ci ildə olduğu kimi hakimiyyət yenə “dövlət çevrilişi” şousu hazırlamağa çalışır. Hazırda da “EL” Hərəkatına qarşı bu cür kampaniya qurulmağa çalışılır. Hakimiyyətin yenə ənənəvi taktikaya müraciət etməsini necə dəyərləndirirsiniz?
– Demokratik qüvvələri cəmiyyətdə iğtişaş yaratmaq niyyətində olması fikrinin hakimiyyət tərəfindən aşılanması toplumda qorxu yaratmağa xidmət edir. Bu, Milli Şuranı gözdən salmaq və onun seçki təbliğatına ziyan vurmaq məqsədi daşıyır. Digər tərəfdən, Əflan Ibrahimovun təxribatçı olduğu aydın olduqdan sonra onun müraciətlərinə hakimiyyətin bu cür münasibət göstərməsinə təəccüblənməyə dəyməz. Bu gün üçün əhalinin icra başçılarının və məmurların rüşvətxorluğu, oğurluğu ilə bağlı kifayət qədər müraciətləri var. Amma bu müraciətlərə heç kim məhəl qoymur. Insanlardan ünvanlanan yüzlərlə məktuba reaksiya verən yoxdur. Nəyə görə bu müraciətlərin heç birinə cinayət işi qaldırılmır, amma niyyətləri əvvəlcədən bəli olan bir şəxsin müraciətinə əsasən cinayət işi qaldırılır? Bu, müxalifəti seçkidən kənarda saxlamaq, müxalifətin seçki kampaniyasına zərbə vurmağın yollarından biridir. Bütün bu addımlar seçki qanunvericiliyinə ziddir və hakimiyyətin seçkini saxtalaşdırmaq niyyəti kimi qələmə verilməlidir. Demokratik qüvvələrin mübarizəsi dincdir, bizim yolumuz seçki yoludur.

– Adi evlərdə keçirilən toplantılara, müşavirələrə səbirsiz yanaşan hakimiyyət 23 günlük seçki kampaniyasına necə dözəcək?
– Əslində seçki qanununun pozulması artıq baş verib. Yerlərdə seçki ilə bağlı toplantılara, təşəbbüs qruplarının iclaslarının keçirilməsinə imkan yaradılmayıb. Bütün bunlar hüquqi qiymətini tapmalı və qanun pozuntuları kimi qeydə alınmalıdır. Milli Şuranın seçkidən sonrakı addımlarında bu məqamlar öz yerini almalıdır.

Xəyal