Sabiq baş prokuror Əli Ömərovun bir müddət əvvələdək verdiyi müsahibələri unutmamısınız ki? Unudanlar əcəb ediblər. Unutmayanlara da məsləhət görürəm ki, yaddaşlarını boş yerə məşğul etməsinlər, onlar da unutsunlar. Çünki Əli müəllimin oğluna artıq iş veriblər. Digər oğlunu da yəqin, tezliklə işə düzəldəcəklər. Hələ bəlkə özünə də babat vəzifə verdilər.
Bəli, film artıq bitib. Ömərov bir neçə ay hakimiyyət əleyhinə verdiyi müsahibələrinin barını toplamağa başlayıb. Yadınızdadırsa, o, müsahibələrində söhbəti hərləyib-fırladıb özünün, oğlanlarının illərdir işsiz qalmasının üstünə gətirirdi. Yəni, hələ o vaxt aydın idi ki, bu yoldaşın ölkədə baş alıb gedən korrupsiya, camaatın ağır sosial vəziyyətilə bağlı dedikləri filfilodur, dava əslində, yorğan davasıdır. Budur, Ömərov susub. Daha doğrusu, bir vaxt danışmasının məhsulunu dərməkdədir.
Mən sabiq baş prokurorun oğluna vəzifə verilməsilə bağlı ona telefon açıb sual verən “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətini oxudum. Adam həmkarımızı borclu çıxarmağa çalışır, suallara əsəbi, qəzəbli reaksiya verir. Halbuki, təşəkkür etməlidir. Təşəkkür etməlidir, çünki dünənədək onun palaz-palaz müsahibələrini yayan elə bu “Yeni Müsavat” idi, “Azadlıq” idi. O müsahibələr işini gördü. Ömərov yavaş-yavaş arzusuna çatır. Amma əvəzində bir minnətdarlığı da çox görür. Belə də naşükürlük olar? Dünənədək oğlunun işsiz qalmasından şikayətləndiyin qəzetlərin indi oğluna vəzifə verilməsilə bağlı soruşması ən doğal haqqıdır. Nə var burada əsəbiləşməli? Əsəbiləşirsənsə, deməli, həqiqətən torbada pişik var. Deməli, etiraf edirsən ki, o müsahibələr əsla bir vətəndaş həssaslığının, bir ictimai təəssübkeşliyin nəticəsi deyildi, sadəcə, öz maraqlarını, mənafelərini təmin etməyə yönəlmişdi. Bunun kənardan da məhz belə görünməsi, hamının hər şeyin fərqində olması səni cırnadır. Cırnatdığı üçün də əsəbiləşdirir, aqressivləşdirir səni. Vəssalam. Hər şey bu qədər açıq və netdir.
Mən bu sətirləri yazıram, çünki yazmaq haqqım olduğunu düşünürəm. Ona görə ki, hələ Əli Ömərovun müsahibələrinin şıdırğı vaxtı da onun səmimiyyətini şübhə altına alan yazılar yazmışam. Şübhə edənlər qəzetimizin saytındakı yazı arxivinə göz ata bilərlər. Yox, yox, mən bu gün haqlı çıxmağımın xoşbəxtliyini yaşamıram. Əksinə, özüm də az yanılmamışam. Özüm də az “təkərə düşməmişəm”.
Sadəcə, indi bu sətirləri yazmağımın səbəbi odur ki, özümçün qətiləşdirdiyim bir qənaəti sizinlə də paylaşım. Azərbaycan elə bir ölkədir ki, burada təsadüfi heç nə baş vermir. Hər kəs əvvəl-axır özü olur. Hamı gec-tez əsl mahiyyətinə qayıdır.
Dünənədək bu sistemin vintciyi və təkərciyi kimi çıxış edən birdən-birə “U” dönüşü edibsə, deməli, burda mütləq bir sirr var. Ya çörəyini kəsiblər, ya uşaqları işsizdir, ya dükanını bağlayıblar, ya da villası ona dar gəlir. Ya da təxminən elə bu cür şeylər. Yolu bu sistemlə heç olmasa, bir dəfə kəsişənlər əvvəl-axır, hərlənib-fırlanıb yenə o sistemin qapısına gəlib çıxacaqlar.
Bütün qara-qışqırıqlar, hay-həşirlər isə onun üçündür ki, rejimin xislətinə bələddirlər. Bilirlər, ağlamayana “pəpə” yoxdur. Üstəlik, nə qədər ucadan “ağlasan”, “pəpə”nin böyründə başqa şeylər də ala bilərsən: ayran, duşes-zad. Üstünə yağ çəkib verərlər və s.
Bundan sonra şəxsən məndən heç kim hər hansı formada bu sistemlə bərabər olub, sonra da istifadə edilib çölə atılanlar haqqında bir dənə də xoş söz gözləməsin. Istəyir, lap ağızları ilə quş tutsunlar, həqiqətin ən böyük carçısına çevrilsinlər, buna görə də başlarına min oyun gətirilsin, xeyri yoxdur, heç bir halda, mənim onları təqdir və müdafiə etməyəcəyimin bəri başdan bilinməsini istəyirəm. Onlar gec, ya tez gəldikləri yerə, qovulduqları qapıya dönəcəklər.
Bizə də sonda yenə xəyal qırıqlığı qalacaq, əsəb, depressiya qalacaq.
20 ildir elə hey eyni şey: üzüntü, üzüntü, üzüntü.
Yetər ya!