Bu sevgi bitən deyil;
Azərbaycan bitincə! – antiAzərbaycan güclərinin əliyevçi rejim sevgisini deyirəm. AntiAzərbaycan gücləri – Iran Islam Respublikasından, Rusiyadan tutmuş, ta okeanın o tayınadək… böyük, güclü bir yığın. Yüzillər boyunca bir-birinə düşmən olan bu güclərin əliyevçi rejim sevgisi onların Azərbaycan sevgisindən qaynaqlanır. Onların ayrı-ayrılıqda Azərbaycanı ələ keçirməyə gücləri çatmır, ancaq onlar əliyevçi rejim başçısı Ilham Əliyevin əlilə Azərbaycandan istədiklərini asanlıqla ala bilirlər – rejimlə, eləcə də rejim başçısı Ilham Əliyevlə Xalq arasında dərin uçurum olduğuna görə!
Bir sıra analitiklər Azərbaycanın indiki durumunu 2003-cü il durumuna bənzədirlər. Məncə, bu bir çox faktorlar baxımından yanlış bənzətmədir. Düzgün bənzətmə 1993-cü il olardı. Ata-oğul Əliyevlərin planları başqa yerlərdə cızılmış düşünülmüş siyasətləri üzündən Azərbaycan bu gün 10 il qabaqkından daha çox 20 il qabaqkı duruma oxşar bir durumla üzləşib. Ötüb keçən iyirmi ildə biz ölkənin doğal resurslarından gələn milyardları düzgün axara yönəltməklə güclü xalq – güclü ordu – güclü dövlət prinsipilə Azərbaycanı hər baxımdan bölgənin ən güclü, ən üstün ölkəsinə çevirə bilərdik. Ancaq ölkənin doğal resurslarından gələn milyardlar xalqa deyil, istər içdəki, istər dışdakı AntiAzərbaycan gücləri arasında pay-puş edildiyindən, ölkədə demokratik rejim yerinə, despotik rejim qurulduğundan, Ana Yasa prinsipini pozmaqla hakimiyətin qaynağı xalq deyil, bir ailə olduğundan, dövlət qanunları bəlli bir Ailə qanunlarına çevrildiyindən Azərbaycan yenə də çox böyük qorxularla üz-üzə qalıb.
Kəlbəcər başda olmaqla 7 rayonu verməklə, neft-qaz resurslarını böyük güclər arasında pay-puş etməklə hakimiyətə gələnlər Xalqa uzun illər diz çökdürmək, onu uzun illər yenmək üçün daha beş illiyə hakimiyətdə qalmağa çalışırlar. Onların bu istəkləri dünyadakı bütün antiAzərbaycan güclərinin istəklərilə, demək olar, bütünlüklə üst-üstə düşür. Yaxın-uzaq düşmənlərimiz gözəl bilirlər: korrupsioner əliyevçi rejim qaldıqca Dağlıq Qarabağ 7 rayonla birgə ermənilərin əlində qalacaq. Əliyevlərin antiXalq xarakteri daşıyan bəlli iç, dış siyasətləri buna bu çağadək stimul yaradıb, bundan belə də yaradacaq. Təhsil, sağlamlıq sistemləri başda olmaqla sosial institutların, dövlət hakimiyət strukturlarının başdan-ayağa rüşvət-korrupsiya bataqlığına batırılması ölkənin yalnız indisinin deyil, gələcəyinin də necəlik göstəricisidir. Əliyevçi rejimin 20 ildən bəri ortaya qoyduğu bu necəlik göstəricisi rejimi də, rejim başçılarını da çoxdan antiAzərbaycan güclərinin dəyişməz sevgi obyektinə çevirib. Bu baxımdan Əliyevlərin çoxillik hakimiyət uğurları iç-dış siyasətlərdəki POZITIVLƏRƏ deyil, NEQATIVLƏRƏ bağlı uğurlardır. Bu neqativlərə bağlı uğurlar hamıdan çox ermənilərə, erməniliyə gərək olduğundan onlar I.Əliyevin üçüncü dönəm prezidentliyini hamıdan çox istəyir, buna hamıdan çox çalışırlar.
Dağlıq Qarabağda qırğınlar, Xocalıda soyqırım törətmiş Sərkisyanın düşüncəsinə görə, Ilham Əliyevin yenidən prezident seçilməsi Dağlıq Qarabağ konfliktinin çözümü baxımından çox əlverişlidir. Sərkisyana görə, prezident Ilham Əliyev proqnozlaşdırılan, eləcə də güvəniləcək kimsədir. Ermənilər üçün də, başqa antiAzərbaycan gücləri üçün də başlıcası budur: onlar Ilham Əliyevi çox yaxşı tanıyır, Azərbaycana uğurlu gələcək qazandırmayacaq kimsə olaraq ona… GÜVƏNIRLƏR! Azərbaycan xalqı olaraq bizə düşmənlərimizin deyil, özümüzün güvəncimiz, eləcə də dostlarımızın güvənci olacaq prezident gərəkdir. Indilikdə iki illik dönəm proyekti ilə biz belə bir kimsəni özümüzə prezident seçməliyik. Bu baxımdan qarşıdan gələn seçki düşmənlərimizin deyil, bizim seçkimiz olmalıdır!