Ermənistan prezidenti Serj Sərkisyanın ardınca Yerevanda qərarlaşan Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan da Ilham Əliyevin üçüncü müddətə prezident seçilməsini ölkəsi üçün məqbul hesab edib. Mətbuata açıqlamasında o bildirib ki, Azərbaycan prezidenti proqnozlaşdırılan və güvəniləcək şəxsdir, halbuki Azərbaycan müxalifəti Ermənistan rəhbərliyi üçün tamamilə naməlumdur.
Ermənistandan Ilham Əliyevə bu tip dəstək verilməsi nə ilə bağlıdır?
Politoloq Leyla Əliyeva ermənilərin Əliyevə dəstək verməsinin iki səbəblə izah oluna biləcəyini deyir. Birincisi, ölkəyə neft pullarının gəlməsi ilə hərbi sahənin də güclənməsinə və ölkə başçısının hədə-qorxu ilə danışmasına baxmayaraq, Azərbaycan düşmən ölkəyə qarşı hər hansı addım atmır. Çünki Ilham Əliyevin hakimiyyətinin legitimliyi əsasən neft pulları, neft müqavilələri hesabına qorunur. Bu müqavilələr də ölkədə sabitliyin olmasını tələb edir. Məhz buna görə də ermənilər Əliyevin hakimiyyətdə qalmasını istəyir.
Digər tərəfdən, bu dəstəkdə hər hansı qeyri-səmimiliyin olması da mümkündür. Ermənilər yaxşı anlayır ki, Ilham Əliyevə Ermənistandan gələn müsbət dəstək Azərbaycanda ona yaxşı heç nə vəd etmir. Buna görə də onun nüfuzunun daha da zəifləməsi üçün bu tip açıqlamalar verilir.
Fizzə