Azərbaycan Avropaya can atmalıdırmı?

Vəfa Quluzadə: «Azərbaycan Avropa və NATO-ya daxil olmaq istəyirsə, əvvəlcə öz səviyyəsini onların standartlarına uyğunlaşdırmalıdır»

“Azərbaycan xarici siyasətin diversifikasiyası siyasəti yürüdür və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm ölkəyə çevrilib. Bu ölkənin ABŞ-la sıx münasibətləri formalaşıb”. APA-nın məlumatına görə, bunu Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Dəyişən dünyada Cənubi Qafqaz” forumunda çıxış edən politoloq, Stratfor Fondunun rəhbərin Corc Fridman deyib.

O, Azərbaycanın seçim imkanlarının olduğunu, ölkənin diversifikasiya siyasəti yürütdüyünü bildirib: “Əgər Azərbaycan özünü Avropanın bir hissəsi kimi görmək istəyirsə, hansı Avropanın hissəsi olmaq istədiyini müəyyənləşdirməlidir. Artıq əvvəlki Avropa yoxdur. Hələlik Avropa zəifləyir və Rusiya bunu özü üçün bir imkan kimi görür. Avropanın zəifliyinin səbəbi vahid xarici siyasət kursunun olmamasıdır. Avropa vahid işlənmiş xarici siyasətə sahib deyil. Məsələn, Fransa bu gün Suriyaya hücum etməyə hazırdır, Almaniya isə bunu etməyə hazır deyil”.

Politoloq Vəfa Quluzadə isə hesab edir ki, əksinə, məsələyə Azərbaycanın bu güclərlə ittifaq bağlaması kimi yanaşmaq doğru deyil. Çünki Azərbaycan Avropa və NATO-ya daxil olmaq istəyirsə, özünün səviyyəsini Avropa və NATO standartlarına uyğunlaşdırmalıdır: “Buna görə Azərbaycan özünü inkişaf etdirməli və bu standartlara çatmalıdır. Görəsən, Avropanı dünya müharibəsində iştirak etmək üçün zəif hesab edirlər?”

V.Quluzadə ikinci dünya müharibəsində ABŞ-ın qalib olduğunu xatırladaraq, Almaniya, Fransa və xırda dövlətlərin hamısının müharibədən məğlub çıxdığını yada salır. Politoloq Avropanın iqtisadi baxımdan çox inkişaf etdiyini, bunu hər cəhətdən də davam etdirdiyini qeyd edib: “Bizim işimiz Azərbaycanı inkişaf etdirib Avropa standartlarına çatdırmaqdır. Buna görə də hansısa Avropa ölkəsilə ittifaq qurmaqdan danışmaq səhv fikirdir. Azərbaycan özünün daxili inkişafıyla məşğul olmalıdır. Bunun üçün ölkəmizin hər cür imkanı – gözəl resursları və zəhmətkeş xalqı var. Avropanın hansı kriteriya ilə zəif hesab edilməsi, ona belə yanaşma aydın deyil. Avropa zəif olsa belə, neyləyəcək, üçüncü dünya müharibəsinə başlayacaq?!”

Nigar