Iran Xarici Işlər Nazirliyinin ilk qadın sözçüsü Mərziyə Əfxəm son günlər Suriyaya hərbi müdaxilə ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. Iran XIN sözçüsü Qərbə yeni macəra axtarışları və hərbi müdaxilənin doğuracağı nəticələrlə bağlı ciddi xəbərdarlıq edib: “Bölgədə hansısa macəraçı hərbi müdaxilənin heç bir nəticəsi olmayacaq”.
Dünən Iran xarici işlər naziri ilə BMT baş katibi arasında telefon danışığı olub. Tərəflər Suriya məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar. Məhəmməd Cavad Zərif Suriyada kimyəvi silahlardan istifadə edilməsini pisləyərək bu ölkəyə qarşı hərbi müdaxilənin doğuracağı təhlükələrdən danışıb: “Suriyaya hərbi müdaxilə geniş və idarəsi çox çətin acı nəticələrə səbəb ola bilər”. Iran XIN rəhbəri həmçinin Suriya böhranının aradan qaldırılması üçün güc tətbiqinə müraciət edilməsini yersiz cəhd kimi qiymətləndirib: “Suriya böhranının sülh yolu ilə həlli üçün Iran yardım göstərməyə hazırdır”. Pan Gi Mun isə öz növbəsində Suriya böhranının aradan qaldırılması üçün siyasi həll yolunun tapılmasının zəruri olduğunu bildirib.
Beynəlxalq Böhran Qrupu hərbi müdaxiləyə qarşı çıxdı
“Əgər Vaşinqton Konqresin təqdir edəcəyi halda bir neçə müttəfiqi ilə Suriyaya hərbi zərbələr endirsə, bu addımlar Suriya xalqının maraqlarından çox uzaq olacaq”. Bu fikirləri Beynəlxalq Böhran Qrupunun Suriya ətrafında vəziyyətə həsr olunmuş bəyanatında öz əksini tapıb. BBQ ekspertlərinin fikrincə, ABŞ administrasiyası bu kimi addımları dinc əhaliyə qarşı kimyəvi silah tətbiq edilməsinin qarşısını almaq və bu addımı atanları cəzalandırmaqla əsaslandırır: “Suriyalılar bunsuz belə, münaqişənin gedişində kütləvi cinayətlərdən kifayət qədər əziyyət çəkib, lakin heç kim onların kollektiv müdafiəsinə qalxmayıb. Bütün addımlarda prioritet – Suriya xalqının rifahı olmalıdır. Və ABŞ-ın hərbi zərbələrinin nəticələrini demək olar ki, proqnozlaşdırmaq mümkün olmayacaq. ABŞ-ın 2003-cü ildə Iraq soxulmaq üçün yalançı bəhanədən istifadə etdiyini, Suriya münaqişəsinə nəzərən regional və beynəlxalq qütbləşməni nəzərə alsaq, Vaşinqtonun bu dəfə təqdim etdiyi sübutlar şübhələri dağıtmağa imkan verməyəcək. ABŞ-ın hərbi zərbələri Suriyada, eləcə də regionda və dünyada zorakılığın eskalasiyasına, məsələn Iran və ya ”Hizbullah”ın Israilə qarşı cavab addımlarına səbəb ola bilər”. Bəyanatda o da qeyd olunur ki, hərbi həll yolunun yeganə alternativi Suriyanı böhrandan çıxarmaq üçün siyasi və diplomatik prosesin aktivləşdirilməsidir.