Rusiya da Bəşər Əsədi ittiham etdi

Suriya diktatoru isə ABŞ-ı hədələyir: «Bütün müdaxilələrə cavab veriləcək»

ABŞ prezidenti Barak Obama dünən axşam saatlarında Konqresin üzvlərilə görüşüb. Görüşün məqsədi konqresmenləri Suriyaya hərbi müdaxilənin vacibliyinə inandırmaq olub. Suriyaya qarşı aktiv fəaliyyətin tərəfdarı olan senator Con Makkeyn CBS telekanalına bildirib ki, bir neçə raket atmaqla problemi həll eləmək olmaz: “Prezident Obamanın Bəşər Əsədi hakimiyyətdən devirməyə yönələn konkret planı olmalıdır”.

ABŞ dövlət katibi Con Kerri də öz növbəsində Barak Obamanın Suriyaya hərbi müdaxilə edilməsi ilə bağlı Konqresə göndərdiyi layihənin dəstəklənəcəyinə əminliyini ifadə edib: “Konqresin düzgün qərar verəcəyinə əminəm”. Kerri aparılan araşdırmalar nəticəsində Suriyada kimyəvi silahdan istifadənin təsdiqləndiyini bildirib: “Qazdan istifadə olunması ilə bağlı əlimizdə sübutlar var”. Suriya prezidenti Bəşər Əsəd isə dövlət televiziyası ilə çıxış edib və ölkəsinin bütün müdaxilələrə cavab verəcəyini deyib: “ABŞ-ın təhdidi Suriyanın prinsiplərini dəyişdirməsinə və terrorçuluğa qarşı mübarizəni dayandırmasına səbəb olmayacaq”.

Bazar günü Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri beynəlxalq ictimaiyyəti Suriyadakı rejimə qarşı təsirli addımlar atmağa çağırıblar. Onlar kimyəvi silah tətbiq edənlərin hərbi canilər kimi məsuliyyətə cəlb olunmasını tələb ediblər. 

Suriya müxalifəti Dəməşqə irimiqyaslı hücum planlaşdırır

Suriya müxalifəti ABŞ-ın gözlənilən zərbəsindən dərhal sonra paytaxt Dəməşqə irimiqyaslı hücuma keçməyi planlaşdırır. 

Bu barədə ərəb mətbuatı müxalifətdəki mənbələrinə istinadən məlumat yayıb. “Hücumun məqsədi – Dəməşq şəhərini nəzarətə götürmək və prezident Bəşər Əsədin devrilməsidir”, deyə mənbə qeyd edib. Müxalifətin məlumatına görə, silahlı dəstələr Dəməşqin Əl-Kalmun rayonunda və Suriyanın şimalında xeyli silah-sursat toplayaraq ABŞ-ın hücumundan dərhal sonra paytaxta girməyə cəhd edəcək. Suriya Silahlı Qüvvələri isə havadan müdafiə sisteminin tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini və hərbi müdaxilə baş verdikdə istənilən növ hava hücumunu dəf etməyə hazır olduğunu bəyan edib.  

Suriyanın baş naziri Vail Halki Qərb ölkələrinin münaqişəyə müdaxilə ehtimalını şərh edərkən deyib ki, Suriya ordusu bütün çağırışlara cavab verməyə hazırdır: “Ordu səfərbər olunub. Ordu istənilən çağırışları və ssenariləri qarşılamağa hazırdır”. 

“Qərbin hədə-qorxuları Suriyanı daha da gücləndirir”

Iran nümayəndə heyətinin Suriyaya avqustun 31-də başlayan səfəri davam edir. Nümayəndə heyəti millət vəkillərindən ibarətdir və onlara Iran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi başçılıq edir. Səfər çərçivəsində Iran nümayəndə heyəti Suriya prezidenti Bəşər Əsədlə, ölkə parlamentinin sədri Məhəmməd Cihad əl-Lihamla görüşüb. Görüşdən sonra tərəflər mətbuat konfransı keçirib. Ə.Brucerdi bildirib ki, Iran bir daha Suriyaya qarşı istənilən hərbi müdaxiləyə, ümumiyyətlə, müharibənin əleyhinə olduğunu bu ölkənin rəsmiləri və beynəlxalq ictimaiyyətə çatdırıb: “Biz Iran dövləti və xalqı adından Suriyanın məzlum xalqına qarşı kimyəvi silahlarla hücumu pisləyirik”

Məhəmməd əl-Liham isə öz növbəsində deyib ki, ABŞ Suriyanı məğlubiyyətə uğratmaq xülyası ilə yaşayır: “Ancaq Suriya Iran kimi səmimi dostlara malik olduğundan hər bir hücumun qarşısında dayanacaq. ABŞ və Qərbin hədə-qorxuları rəsmi Dəməşqin güclənməsinə səbəb olur. Suriyanın gücü ölkə xalqı, hökuməti və ordusuna bağlıdır. Müxaliflərin sərkərdəsi bizə demokratiya dərsi vermək iddiasında ola-ola Suriyaya hücum fikirləşir, biz isə Suriya xalqı, ordusu və quruluşu olaraq tam birliklə onların qarşısında dayanıb Allahın köməyi ilə qələbə qazanacağıq”. Iran nümayəndə heyəti səfər çərçivəsində Suriyanın baş naziri Vail əl-Həlqi və xarici işlər naziri Vəlid əl-Müəllimlə də görüş keçiriblər. Onlar Suriyadan sonra Livana səfər edəcək, bu ölkənin rəsmiləri, o cümlədən parlament sədri ilə görüşəcəklər.

Rumıniya prezidentindən şok proqnoz

Rumıniya prezidenti Troyan Besesku yerli “Adevarul” nəşrinə müsahibəsində bildirib ki, Bəşər Əsəd rejimi devriləcəyi halda, Rusiya Tartusdakı hərbi dəniz bazasını itirəcək: “Bu halda, istisna etmirəm ki, Yaxın Şərqdə mövqelərini itirmiş Rusiya kompensasiya kimi, Moldovadan faktiki ayrılmış Dnestryanı bölgəni əldə edə bilər”.  

“Türkiyə Suriyaya qarşı əməliyyatlarda iştirak etməməlidir”

“Suriyaya hücum etməzdən əvvəl BMT missiyası Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edilib-edilməməsini müəyyənləşdirməlidir”. Bu açıqlamanı jurnalistlərə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.

Onun sözlərinə görə, əgər Suriyada kimyəvi silahdan istifadəsi təsdiqlənsə, bütün dünya bununla bağlı birgə addımlar atmalıdır. Türkiyənin Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak etməsi ehtimalını dəyərləndirən H.Çətin bildirib ki, Ankaranın Suriyaya hərbi müdaxilə etməməsi daha yaxşı olardı: “ABŞ və Avropa Suriyadan uzaqdadır. Onlar bu ölkəyə qarşı əməliyyatlar keçirəcək, daha sonra oradan çıxacaqlar, Türkiyə isə Suriya ilə əbədi olaraq qonşu qalacaq. Ona görə, Türkiyə bu məsələyə qarışmamalıdır”.

Rusiya ABŞ-ın sübutlarını inandırıcı saymır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən sensasion bəyanatla çıxış edib. Bu bəyanatıyla Lavrov faktiki olaraq, Əsədə qarşı ciddi ittihamlar irəli sürüb: “Şübhəsiz ki, Suriya rejimi çox ciddi səhvlər buraxıb. Suriya hakimiyyəti iki il yarım bundan əvvəl milli dialoqa başlamalıydı. Biz dəfələrlə belə bir dialoqun təşkili üçün köməyimizi təklif etmişik. O zaman bu təkliflər qəbul olunsaydı, vəziyyət başqa cür ola bilərdi”.

Lavrov onu da qeyd edib ki, Suriyada kimyəvi silahdan istifadə olunmasına dair Vaşinqtonun təqdim etdiyi sübutları inandırıcı saymayıb. Xarici işlər naziri deyib ki, təqdim olunan sənədlərdə konkret heç nə yoxdur – nə coğrafi koordinatlar, nə adlar, və də kimyəvi nümunələrin peşəkarlar tərəfindən götürüldüyü haqda sübutlar. Nazir bildirib ki, ABŞ tərəfi məxfiliyə əsaslanaraq daha detallı sübutlar təqdim etməkdən imtina edib. S.Lavrov Böyük Britaniya və Fransanın BMT baş katibinə təzyiq göstərdiklərini də söyləyib. O qeyd edib ki, 2013-ü ilin martında Suriya hökuməti BMT-dən Hələbə müşahidəçilər göndərilməsini istəyib. Belə ki, orada kimyəvi silah tətbiqinə bənzəyən insident baş verib. Pan Gi Mun əvvəlcə buna razılıq versə də, sonradan Britaniya və Fransanın təzyiqi nəticəsində fikrindən daşınıb.

Lavrov bildirib ki, ABŞ və müttəfiqləri Suriyaya hərbi müdaxilə etsələr belə, müxalifətin Cenevrədə keçiriləcək beynəlxalq konfransa qatılmaqdan başqa alternativi yoxdur: “Əlbəttə ki, amerikalı həmkarlarımızın ortaq təşəbbüsümüzlə gerçəkləşdirilən konfransa yetərincə təşviqat aparmadıqları üçün təəssüflənirik. Kimyəvi silah tətbiq etdiyi iddiaları ilə Suriya rejiminə qarşı silahlı gücdən istifadə olunsa da, müxalifətin bir neçə alternativi olduğu qənaətində deyiləm”.

Kimyəvi silahın kimlər tərəfindən istifadə olunduğunun müəyyənləşdirilməsinin tərəfdarı olduqlarını söyləyən Rusiya XIN başçısı bildirib ki, müşahidəçilər topladıqları dəlil-sübutlarla birlikdə rəylərini BMT Təhlükəsizlik Şurasına təqdim etməlidirilər.

Lavrov onu da bildirib ki, Suriyaya hərbi müdaxilə olacağı təqdirdə bütün region ölkələri terrordan əziyyət çəkəcək: “Biz bunu Iraqda da, Liviyada da gördük. Bu ölkələr terrorizmdən bu gün də əziyyət çəkirlər. Biz regionda yeni müharibənin əleyhinəyik. Suriyaya hərbi müdaxilə beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsinin və BMT Təhlükəsizlik Şurasının qərarlarının pozulmasıdır. Biz buna imkan verməyəcəyik. Bütün hallarda münaqişə siyasi yolla həll olunacaq”.