Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hamit Qaradəniz dünən “Azadlıq” qəzetinin redaksiyasında olub. Mətbuat katibi qəzetin kollektivi və baş redaktorun birinci müavini Rahim Hacıyevlə görüşərək söhbət edib.
Azad mətbuatın mövcudluğunun hər bir ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini deyən H.Qaradəniz Azərbaycanda da azad mətbuatın ölkənin həyatında ciddi rol oynadığına diqqəti cəlb edib.
H.Qaradəniz Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərindən də danışaraq bu münasibətlərin hər iki ölkənin inkişafında mühüm rol oynadığını bildirib.
Öz növbəsində Rahim Hacıyev qonağa “Azadlıq” qəzetinin tarixi, keçdiyi yol, mövcud proseslərdə rolu və üzləşdiyi çətinliklər barədə məlumat verib. R.Hacıyev bildirib ki, Azərbaycan-Türkiyə KIV-ləri arasında sıx əlaqələrin qurulması, əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması hər iki ölkənin maraqlarına cavab verir. O ümid etdiyini bildirib ki, Türkiyənin Azərbaycandakı səfirliyi bu istiqamətdə səylərini əsirgəməyəcək.