Elşad Məmmədov Hacı İbrahim Nehrəmlidən halal pulunu ala bilmədiyini, əksinə təhdid olunduğunu deyir
“Məhkəmələr, prokurorluq, hüquq-mühafizə orqanları Hacı İbrahimi müdafiə edir, şikayətlərim dəftərxanaya atılır”
“Avesta” konserninin prezidenti Hacı İbrahimli Nehrəmli tərəfindən aldadılan Qazax rayon sakini Elşad Məmmədov ölkə başçısına, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, baş prokuror Zakir Qaralova, Ali Məhkəmənin Mülki Kollegiyasının rəhbəri Qəhrəman Allahverdiyevə müraciət ünvanlayıb.
Müraciətinin bir nüsxəsini də “Azadlıq”a göndərən şikayətçi məktubunda başına gətirilən olaylardan danışır.
Belə ki, ötən ilin fevralında “Avesta” konserninə daxil olan “Həsən-96” MTK-nın tikdirdiyi çox mərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı mənzillərə ümumlikdə 355 min manat verib. MTK-nın rəhbəri Emil Tağıyev müqavilə, pulun ödənilməsinə dair maliyyə arayışı, kassa mədaxil orderinin qəbzinin vətəndaşa verir. Bir müddət keçəndən sonra isə Hacı İbrahim bütün bunları ləğv edərək mənzili başqa bir adama satır.
Elşad Məmmədov məktubunda onu da qeyd edir ki, Emil Tağıyevlə Hacı İbrahim Nehrəmli bacanağdırlar: “Bir bacanaq digərinin verdiyi sənədləri qeyri-qanuni sayıb. Burada əsas məqsəd vətəndaşların qazancları üstündə min bir oyun qurub külli miqdarda pul qazanmaqdır. Hacı İbrahimin başıma gətirdiyi bu oyundan sonra adiyyəti qurumlara müraciət etdim. Mənə kömək eilməz əvəzinə, əksinə böyük imkanlara sahib olan Hacı İbrahimə yardımçı oldular. Hacı İbrahim öz adamlarına və “yuxarı”dakı dostlarına arxayın olaraq məni hədələdi. Pulla satın aldığı qəzetlərdə əleyhimə məqalələr yazdırdı. Guya mən onunla iş birliyində olmuşam, mənzilləri görəcəyim işə görə almışam, ancaq sonradan işi yerinə yetirmədiyim üçün evlər əlimdən alınıb. 100 dəfə yazmışam və demişəm, bu da 101-ci olsun, mənim hacı İbrahim Nehrəmli və onun adamları ilə yaxından-uzaqdan heç bir münasibətim olmayıb. Mənzil satıblar və mən də gəlib ev almışam. Əgər bu cinayətdirsə, onda hacı İbrahim Nehrəmlinin həbs edin ki, niyə bina tikir”.
Təzyiqlərdən söz açan Elşad Məmmədov deyir ki, Hacı İbrahimin adamları açıq nömrələrdən ona zəng edib təhdid ediblər. Hüquq-mühafizə orqanlarına müraciət edib heç bir kömək əldə edə bilmədiyi üçün çarəsizlikdən ailəsini rayona aparmalı olub. Bir müddət Qazaxda qalan Elşad Məmmədov orada da öz haqqını tələb edib.
Ölkə başçısının məlum tapşırığından sonra məmurların rayonlarda sakinlərlə görüşləri baş tutdu. Belə görüşlərdən biri də Qazaxda oldu ki, baş prokuror Zakir Qaralov şikayətçiləri qəbul edirdi. Baş prokurorun beş dəqiqə qəbulunda olan Elşad Məmmədov başına gətirlən müsibətləri ona nəql edir. Baş prokuror da işin araşdırılması barədə təqdim olunan sənədlərin üzərinə qeyd yazır. Ancaq o görüşdən sonra da Elşad Məmmədovun işində heç bir irəliləyiş olmur. Əksinə, təhdid və hədələrin sayı durmadan artır.
Prokurorluq və Nəsimi Rayon Məhkəməsi Hacı İbrahimin vəkili rolunda çıxış edir. Məhkəmələrdə olmadığım halda qərar çıxarırlar. Hacı İbrahim “Banditizm”də guya olduğuu, hər şeyi boynuma aldığımı və günahların məndə olması barədə məhkəmələrə sənəd təqdim edib. Halbuki, belə bir şey baş verməyib.
“Ölkə başçısına müracət etməkdə məqsədim hüquqlarımın qorunmasıdır. Konstitisiyada “Mülkiyyət toxunulmazlığı”, “Sərbəst yaşamaq” haqda maddələr var. Bu maddələr hər bir vətəndaş kimi mənə də aiddir. Mən də öz ölkəmdə sərbəst, təhlükəsiz, aldadılmadan yaşamaq istəyirəm. Ümid edirəm ki, mənə qarşı baş vermiş bu mənəvi terrorun qarşısı alınacaq”, – deyə Elşad Məmmədov bildirir.
Probleminin burada çözülməyəcəyi təqdirdə Avropa Məhkəməsinə üz tutacağını söyləyən vətəndaş qeyd edir ki, bu addımı atmağa məcburdur: “İstəməzdim ki, ölkəmizin adı daha bir qalmaqalda hallansın. Ancaq hala haqqımı tələb etmək də israrlıyam. Avropa Məhkəməsinə göndərmək üçün bütün sənədlərim hazırdır. Ali Məhkəmənin qərarını gözləyirəm. Ölkə başçsıına etdiyim bu müraciətlərə də baxılmasa Ali Məhkəmənin qərarından sonra Avropa İnsan Haqları Məhkəməsinə üz tutacağam”.
Ramin DEKO